20 Yanvar 2017

Sorğu

Fəaliyyətimiz sizi qane edirmi ?

Nəticələr

Axtarış

Müraciət

Həmkarlar ittifaqları haqqında Azərbaycan
Respublikasının Qanunu


          Bu Qanun İnsan Hüquqlarının Ümumi Bəyannaməsinə, Beynəlxalq Əmək Təşkilatının konvensiya və tövsiyələrinə, Avropa Sosial Xartiyasına uyğun olaraq Azərbaycan Respublikasında həmkarlar ittifaqlarının hüquqlarının, onların üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün fəaliyyət təminatlarını müəyyən edir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

         Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır.

Bu Qanunda:
  • «həmkarlar ittifaqının ilk təşkilatı» dedikdə, istehsal və ya qeyri-istehsal sahələrində bilavasitə iş yeri üzrə çalışan işçilərin, habelə pensiyaçıların, təhsil alan şəxslərin birləşib təsis etdikləri həmkarlar ittifaqı təşkilatı başa düşülür;
  • «peşələr, sahələr üzrə respublika və ya ərazi həmkarlar ittifaqları birlikləri» dedikdə, həmkarlar ittifaqı ilk təşkilatlarının peşələr, sahələr üzrə birləşib təsis etdikləri respublika və ya ərazi həmkarlar ittifaqı birlikləri başa düşülür;
  • «işçi» dedikdə əmək qanunvericiliyinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq əmək fəaliyyətini yerinə yetirən fiziki şəxs başa düşülür;
  • «işəgötürən» dedikdə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisə rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs başa düşülür;
  • «müəssisə» dedikdə bu Qanunun məqsədləri üçün istənilən qurum, o cümlədən xarici hüquqi şəxslərin nümayəndəlik və filialları başa düşülür;»;
  • «müdiriyyət» dedikdə, mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrin işçilərlə əmək müqaviləsi (bağlaşması) bağlamaq, bu müqaviləni pozmaq və ya dəyişdirmək hüququna malik vəzifəli şəxsləri, habelə mülkiyyətçi və ya onun müvəkkil etdiyi idarəetmə orqanı başa düşülür;
  • «təhsil alan şəxslər» dedikdə, ali və orta ixtisas təhsili müəssisələrində, texniki peşə məktəblərində istehsalatdan ayrılmaqla müvafiq sənətə, peşəyə, ixtisasa yiyələnən tələbələr, şagirdlər başa düşülür.

Maddə 2. Həmkarlar ittifaqları haqqında qanunvericilik

          Azərbaycan Respublikasında həmkarlar ittifaqları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan başqa qanunvericilik aktlarından ibarətdir.
          Azərbaycan Respublikası qanunvericiliyi həmkarlar ittifaqlarının hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında və Beynəlxalq Əmək Təşkilatının konvensiyalarında, Avropa Sosial Xartiyasında nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmamalıdır.

Maddə 3. Həmkarlar ittifaqlarında birləşmək hüququ

          İşçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.
          Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olmaq üçün ən azı yeddi nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var.
          İşləməyən pensiyaçıların və işsizlərin həmkarlar ittifaqında üzvlük qaydası həmkarlar ittifaqlarının nizamnamələri ilə tənzim edilir.
          Azərbaycan Respublikasında hərbi xidmətdə olan şəxslərə həmkarlar ittifaqlarında birləşməyə icazə verilmir.
          Həmkarlar ittifaqları öz nizamnamələri ilə müəyyən olunmuş vəzifələri yerinə yetirmək məqsədilə könüllülük prinsipləri əsasında sahə, ərazi və başqa əlamətlər üzrə birliklər (şura, federasiya, konfederasiya) yaratmaq hüququna malikdirlər.

Maddə 3-1. Həmkarlar ittifaqlarının statusu

3-1.1. Həmkarlar ittifaqları yerli, ərazi, respublika və ümumrespublika statusuna malik ola bilərlər.
3-1.2. Bir inzibati-ərazi vahidində (şəhər, rayon, kənd) sahə (peşə) əlaməti üzrə fəaliyyət göstərən müəssisələrin həmkarlar ittifaqının ilk təşkilatlarını özündə birləşdirən həmkarlar ittifaqı birliyi yerli həmkarlar ittifaqı statusu daşıyır.
3-1.3. Bir inzibati-ərazi vahidində (şəhər, rayon, kənd) fəaliyyət göstərən yerli həmkarlar ittifaqlarını özündə birləşdirən həmkarlar ittifaqı birliyi ərazi həmkarlar ittifaqı statusu daşıyır.
3-1.4. Sahə (peşə) və ayrı-ayrı sahələrdə fəaliyyət göstərən ilk, yerli və ərazi həmkarlar ittifaqlarını özündə birləşdirən həmkarlar ittifaqı birliyi respublika həmkarlar ittifaqı statusu daşıyır.
Bu maddənin dördüncü hissəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının ərazisi üzrə yaradılan həmkarlar ittifaqı birliyi respublika həmkarlar ittifaqı statusu daşıyır.
3-1.5. Respublika statusu daşıyan həmkarlar ittifaqının yarıdan çoxunun birləşib təsis etdikləri həmkarlar ittifaqı birliyi ümumrespublika həmkarlar ittifaqı statusu daşıyır.

Maddə 4. Həmkarlar ittifaqlarının nizamnamələri və onların dövlət qeydiyyatı

         Həmkarlar ittifaqlarının nizamnamələri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır, onlarda, bir qayda olaraq, aşağıdakılar nəzərdə tutulmalıdır:
1) adı və yerləşdiyi yer;
2) məqsədi, vəzifələri, fəaliyyət forma və metodları;
3) üzvlük qaydaları;
4) üzvlərinin hüquqları və vəzifələri;
5) təşkilatdaxili quruluşu;
6) seçkili orqanları, onların seçilməsi və geri çağırılması qaydaları;
7) seçkili orqanlarının səlahiyyətləri və səlahiyyət müddətləri;
8) maliyyə mənbələri, üzvlük haqqının müəyyən edilməsi;
9) beynəlxalq əlaqələrə dair müddəalar;
10) əmlak məsələləri;
11) nizamnamənin qəbulu və ona əlavələr, dəyişikliklər edilməsi qaydaları;
12) fəaliyyətinə xitam verilməsi qaydaları.
          Həmkarlar ittifaqı birliyi dövlət qeydiyyatından keçirildiyi vaxtdan hüquqi şəxs hesab olunur və hüquqi şəxs statusu əldə edir.
          Həmkarlar ittifaqı birliyi «İctimai birliklər haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatından keçirilir.

Maddə 5. həmkarlar ittifaqlarının müstəqilliyi

          Həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər. Dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır.
          Həmkarlar ittifaqları müstəqil surətdə öz nizamnamələrini, fəaliyyət proqramlarını hazırlayır və təsdiq edir, strukturlarını müəyyənləşdirir, rəhbər orqanlarını seçir və geri çağırır, yığıncaqlar, konfranslar, plenumlar, məclislər, qurultaylar keçirir və Konstitusiya hüquqları əsasında fəaliyyət göstərirlər.
          Adından və təşkilati quruluşundan asılı olmayaraq bütün həmkarlar ittifaqları bərabər hüquqlara malikdirlər.

Maddə 6. Həmkarlar ittifaqları birliklərinin sədrlərinin (sədr müavinlərinin) siyasi fəaliyyətlə məşğul olmalarına məhdudiyyətlər

          Həmkarlar ittifaqları birliklərinin sədrləri və ya onların müavinləri eyni zamanda siyasi partiyaların rəhbər orqanlarında ola bilməzlər. Siyasi partiyaların rəhbər orqanlarına seçilən, yaxud təyin edilən həmkarlar ittifaqları təşkilatının sədrləri və ya onların müavinləri öz istəyi ilə bu iki fəaliyyətdən birini davam etdirə bilərlər.

Maddə 7. Həmkarlar ittifaqlarında üzvlüyünə görə vətəndaşlar barəsində ayrı-seçkiliyin qadağan edilməsi


          Həmkarlar ittifaqlarında üzvlük, bu Qanunda göstərilən hallar istisna olmaqla, vətəndaşların qanunvericiliklə təmin edilən əmək, sosial, iqtisadi, siyasi, şəxsi hüquqları və azadlıqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.
          İşçilərin işə qəbulunu, irəli çəkilməsini, habelə işdən azad edilməsini onların həmkarlar ittifaqları yaratmaq təşəbbüsləri, fəaliyyət göstərən həmkarlar ittifaqlarına daxil olmaları və ya oradan çıxmaları ilə şərtləndirmək qadağandır.
          Həmkarlar ittifaqına daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.

Maddə 8. Həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinə xitam verilməsi

           Həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinə onların nizamnamələrində nəzərdə tutulan qaydada xitam verilir.
          Bu Qanunun 6-cı maddəsinin birinci hissəsinin tələblərini pozan, Azərbaycan Respublikasının Konstitusiya quruluşunu devirmək, zorakılıqla dəyişdirmək və ya ərazi bütövlüyünü pozmaq, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etmək, habelə irqi, milli və dini ədavəti qızışdırmaq, Azərbaycan Respublikasının Konstitusiya quruluşuna zidd olan və beynəlxalq hüquqi öhdəlikləri ilə bir araya sığmayan digər əməllər törətmək məqsədi və ya fəaliyyət metodu olan həmkarlar ittifaqları təşkilatlarının yaradılmasına və fəaliyyətinə yol verilmir. Belə həmkarlar ittifaqı təşkilatının fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən xitam verilir.

Maddə 9. Həmkarlar ittifaqlarının rəmzləri

          Həmkarlar ittifaqlarının peşə, sahə və respublika birliklərinin Azərbaycan xalqının milli-etnik xüsusiyyətlərinə, Azərbaycan Respublikasının Konstitusiya quruluşuna, ərazi bütövlüyünə zidd əlamətləri olmayan rəmzi nişanları, bayraqları, üzvlük vəsiqələri ola bilər. Bu rəmzlər müvafiq həmkarlar ittifaqı birliklərinin orqanları tərəfindən qəbul edilir və müəyyən olunmuş qaydada dövlət qeydiyyatı orqanı tərəfindən təsdiq edilir.
          Həmkarlar ittifaqları siyasi partiyaların rəmzi nişanlarından istifadə edə bilməzlər.


II fəsil Həmkarlar ittifaqlarının əsas hüquqları

Maddə 10. Həmkarlar ittifaqlarının norma yaradıcılığında iştirakı

          Həmkarlar ittifaqları əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında iştirak edə bilər.
          İşçilərin əmək, sosial və iqtisadi hüquqlarına dair qanun layihələrinə həmkarlar ittifaqlarının respublika birliyinin rəyi müzakirə edilməklə baxılır.
          Həmkarlar ittifaqlarının respublika birlikləri işçilərin mənafelərini və həmkarlar ittifaqlarının hüquqlarını pozan qanunvericilik aktları, dövlət orqanlarının qərarları, sərəncamları barədə müvafiq qanunvericilik , icra və məhkəmə orqanlarına müraciət edə və şikayət verə bilərlər.
          Dövlət və yerli özünüidarəetmə orqanları işçilərin əmək, sosial, iqtisadi hüquqlarına və mənafelərinə aid olan normativ aktları müvafiq həmkarlar ittifaqlarına azı 15 gün qabaq məlumat verməklə qəbul edirlər.
          Qanunvericiliklə nəzərdə tutulan hallarda həmkarlar ittifaqları respublika birliyi əmək və sosial-iqtisadi məsələlər üzrə qanunvericiliyin tətbiq edilməsi qaydalarını nizama salan normativ aktların hazırlanmasında iştirak edir.

Maddə 11. Əmək hüququnun qorunmasında həmkarlar ittifaqlarının hüquqları


          Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər.
          İşəgötürənin təşəbbüsü ilə müəssisənin və ya onun struktur bölmələrinin ləğv edilməsi istehsalın tamamilə və ya qismən dayandırılmasına, iş yerlərinin ixtisarına və ya əmək şəraitinin pisləşməsinə səbəb ola bilərsə, belə tədbirlər qanunvericilik də nəzərdə tutulan hallar istisna olmaqla müvafiq həmkarlar ittifaqlarını azı üç ay qabaqcadan xəbərdar etmək və işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparmaqla həyata keçirilir.
          Həmkarlar ittifaqları öz səlahiyyətləri daxilində qanunvericilik də nəzərdə tutulan qaydada məşğulluğun vəziyyətinə, məşğulluq sahəsində təminatlar haqqında qanunvericiliyə əməl olunmasına nəzarət edirlər.

Maddə 12. Əmək və həmkarlar ittifaqları haqqında qanunvericiliyə əməl edilməsinə nəzarətin həyata keçirilməsi sahəsində həmkarlar ittifaqlarının hüquqları

          Həmkarlar ittifaqlarının işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var.
          İşəgötürən bu tələblərə baxmağa və nəticələri barədə müəyyən edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar ittifaqına məlumat verməyə borcludur.
          Müəssisənin (filialın, nümayəndəliyin, şöbənin və digər əlahiddə bölmənin) rəhbəri və onun müavinləri əmək qanunvericiliyini pozduqda, qüvvədə olan kollektiv müqavilənin (sazişin) şərtlərini (təəhhüdlərini) yerinə yetirmədikdə həmkarlar ittifaqları onların intizam məsuliyyətinə cəlb edilməsi barədə buna səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldıra bilərlər.
          Həmkarlar ittifaqları öz üzvlərinin hüquqlarını müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə və məhkəmədə nümayəndəlik vəzifəsini yerinə yetirə bilərlər.
          Həmkarlar ittifaqları öz üzvlərinə hüquqi yardım xidmətlərini müstəqil surətdə təşkil edir və bu məqsədlə həmkarlar ittifaqları vəkilliyi, hüquq müfəttişliyi, hüquqi ekspert qrupları, hüquq məsləhətxanaları, firmaları və başqa orqanlar yarada bilərlər.

Maddə 13. Əməyin mühafizəsi sahəsində həmkarlar ittifaqlarının hüquqları

          Həmkarlar ittifaqları bu Qanunun, «Əməyin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun və digər normativ aktların tələblərinə uyğun iş yerlərində işçilərin əməyinin mühafizəsini tənzim edən qanunvericiliyə, istehsal zədələri nəticəsində əmək xəsarətinə görə zərərin ödənilməsinə, əmək şəraiti, istehsal sanitariyası normalarına işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edirlər.

Maddə 14. Kollektiv müqavilələrin və sazişlərin bağlanması sahəsində həmkarlar ittifaqlarının hüquqları

          Kollektiv müqavilələrin və sazişlərin bağlanması sahəsində həmkarlar ittifaqlarının hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
          Kollektiv danışıqların aparılması və kollektiv müqavilələrin bağlanması həmkarlar ittifaqı təşkilatlarının təklifinə əsasən həyata keçirilir.
          Həmkarlar ittifaqlarının birlikləri dövlət orqanları və digər təşkilatlarla öz səlahiyyətləri daxilində iqtisadi, sosial və mədəni inkişaf məsələləri üzrə kollektiv danışıqlar aparır və kollektiv sazişlər bağlayırlar.
          Dövlət orqanları və işəgötürənlər kollektiv müqavilələr və kollektiv sazişlər bağlamaq haqqında həmkarlar ittifaqlarının yazılı təklifini aldığı gündən on gün müddətində danışıqlara başlamağa borcludurlar.
          Həmkarlar ittifaqları kollektiv müqavilələrin və kollektiv sazişlərin yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində qanunvericiliyə uyğun olaraq nəzarət edirlər.

Maddə 15. İşçilərin həyat səviyyəsinə nəzarətin həyata keçirilməsi sahəsində həmkarlar ittifaqlarının hüquqları

          Həmkarlar ittifaqlarının birlikləri səlahiyyətlərinə uyğun işçilərin sosial və iqtisadi müdafiəsi, həyat səviyyəsinin əsas meyarları, qiymət əmsallarının dəyişməsindən asılı olaraq kompensasiyaların məbləğlərinin müəyyən edilməsi üzrə plan və proqramların hazırlanmasında, qanunvericiliklə müəyyən edilmiş dolanacaq minimumunun gözlənilməsinə, qiymətlərin artımından asılı olaraq əmək haqqının, pensiyaların, təqaüdlərin, müavinətlərin miqdarının vaxtında artırılmasına nəzarət edilməsində iştirak edirlər.

Maddə 16. Həmkarlar ittifaqlarının beynəlxalq əlaqələri

          Həmkarlar ittifaqları nizamnamə məqsəd və vəzifələrinə müvafiq olaraq beynəlxalq həmkarlar ittifaqları təşkilatlarına daxil ola, qanunvericilik lə müəyyən olunmuş qaydada xarici iqtisadi fəaliyyətlə məşğul ola bilərlər.

Maddə 17. həmkarlar ittifaqlarının informasiya hüquqları

          Həmkarlar ittifaqı təşkilatları nizamnamə vəzifələrini və hüquqlarını, bu Qanunda nəzərdə tutulan səlahiyyətlərini həyata keçirmək, öz üzvlərini məlumatlandırmaq üçün kütləvi informasiya vasitələri və nəşriyyatlar təsis edə; mətbuat xidməti və sosioloji tədqiqat mərkəzləri yarada; dövlət və təsərrüfat orqanlarının vəzifəli şəxslərindən, işəgötürəndən dövlət, kommersiya və qanunla qorunan başqa sirr olmayan məlumatları tələb edə bilərlər.
          Dövlət və təsərrüfat orqanları, işəgötürən həmkarlar ittifaqlarını müvafiq məlumatlarla maneəsiz təmin etməyə borcludurlar.

Maddə 18. Əmək mübahisələrinə baxılmasında həmkarlar ittifaqlarının hüquqları

          Həmkarlar ittifaqları öz üzvləri ilə işəgötürən arasındakı fərdi əmək mübahisələrini səlahiyyətləri dairəsində həll edir, kollektiv əmək mübahisələrinə (münaqişələrə) baxılmasında iştirak edirlər.
          Əmək mübahisələrinin (münaqişələrinin) predmeti və həlli qaydası Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 19. Həmkarlar ittifaqlarının kütləvi tədbirlər keçirmək hüquqları

          Qüvvədə olan qanunvericiliyə uyğun olaraq və nizamnamə məqsəd və vəzifələrini həyata keçirmək məqsədilə həmkarlar ittifaqları tətillər, mitinqlər, küçə yürüşləri, nümayişlər və başqa kütləvi tədbirlər təşkil edib keçirə bilərlər.

III fəsil. Həmkarlar ittifaqlarının fəaliyyətinin hüquqi təminatı və əmlak vəziyyəti

Maddə 20. Dövlət və təsərrüfat orqanlarının, ictimai təşkilatların və vəzifəli şəxslərin həmkarlar ittifaqları barəsində vəzifələri

          Dövlət və təsərrüfat orqanları, siyasi partiyalar və ictimai birliklər, işəgötürən və digər vəzifəli şəxslər həmkarlar ittifaqlarının hüquqlarını pozmamalı, onların fəaliyyətinə yardım göstərməlidirlər.
          Bu Qanunun pozulması qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, inzibati və ya cinayət məsuliyyətinə səbəb ol ur.
          İşəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında qanunvericiliyə, kollektiv müqavilənin şərtlərinə, əmək və sosial məsələlər üzrə sazişlərə əməl edilməsini yoxlamaq və nizamnamə vəzifələri ilə bağlı məsələlərlə əlaqədar həmkarlar ittifaqı nümayəndələrinin həmkarlar ittifaqı üzvlərinin iş yerlərinə getməsinə mane olmaq qadağan edilir.
          İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqlarının qabaqcadan razılığının alınması Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

Maddə 21. Əmək funksiyasının icrasından azad edilməyib həmkarlar ittifaqı orqanlarına seçilmiş işçilər üçün təminatlar

          Həmkarlar ittifaqı orqanlarının öz əmək funksiyasının icrasından azad edilməyən üzvləri həmkarlar ittifaqlarının seçkili orqanlarında, təşkil etdiyi tədris kurslarında, seminarlarda iştirak etdiyi müddət üçün həmkarlar ittifaqının vəsaiti hesabına orta əmək haqqı məbləğində haqq ödəməklə işəgötürənin razılığı ilə istehsal işindən azad edilirlər.
          Həmkarlar ittifaqı ilk təşkilatlarının tərkibinə seçilmiş və öz əmək funksiyasının icrasından azad edilməmiş həmkarlar ittifaqı üzvlərinə həmkarlar ittifaqı fəaliyyətini həyata keçirmək üçün müddəti və şərtləri kollektiv müqavilələrdə (sazişlərdə) göstərilən asudə vaxt verilir.

Maddə 22. Əmək funksiyasının icrasından azad edilib həmkarlar ittifaqı orqanına seçilmiş işçilər üçün təminatlar


         Həmkarlar ittifaqı orqanlarında seçkili vəzifələrə seçildiyinə görə əmək funksiyasının icrasından azad edilmiş həmkarlar ittifaqı üzvlərinin seçkili səlahiyyətləri başa çatdıqdan sonra onlara əvvəlki işi (vəzifəsi) verilir, bu mümkün olmadıqda isə həmin müəssisədə və ya işçinin razılığı ilə başqa müəssisədə buna bərabər iş (vəzifə) verilir.
          Müvafiq iş (vəzifə) vermək mümkün olmadıqda isə həmkarlar ittifaqı işçinin işə düzələcəyi dövr üçün, lakin altı aydan artıq olmayan müddətdə onun orta əmək haqqını saxlayır.
          Müəssisədə əmək funksiyasının icrasından azad edilərək həmkarlar ittifaqına seçilmiş işçilərə həmin müəssisənin digər işçiləri üçün müəyyən edilmiş güzəştlər bərabər əsaslarla şamil olunur.

Maddə 23. Həmkarlar ittifaqları ilk təşkilatlarının fəaliyyəti üçün maddi şəraitin yaradılmasında işəgötürənin vəzifələri

          İşəgötürən həmkarlar ittifaqının fəaliyyəti üçün zəruri olan avadanlıqları və otaqları kollektiv müqavilədə göstərilən şərtlərlə həmkarlar ittifaqlarına verir.
          Kollektiv müqavilə bağlanarkən qəbul edilən qərara müvafiq surətdə müəssisə özünün balansında olan, yaxud icarəyə götürdüyü binaları, otaqları, qurğuları və başqa obyektləri, habelə istirahətin təşkili, işçilərlə və onların ailələri ilə mədəni-maarif işi, bədən tərbiyəsi, sağlamlıq işi aparmaq üçün zəruri olan istirahət bazalarını, uşaq-gənclər və digər sağlamlıq düşərgələrini pulsuz olaraq həmkarlar ittifaqlarının istifadəsinə verə bilər.
          Müəssisə həmkarlar ittifaqlarına kollektiv müqavilədə müəyyən edilən sosial, iqtisadi və mədəni tədbirlər üçün vəsait ayıra bilər.

Maddə 24. Həmkarlar ittifaqlarının mülkiyyət hüquqlarının təminatları

          Həmkarlar ittifaqlarının büdcəsinin formalaşdırılması və xərclənməsi qaydaları onların nizamnamələri ilə müəyyən edilir.
          Həmkarlar ittifaqları mülkiyyət hüququ əsasında əmlaka, maliyyə vəsaitinə, eləcə də valyuta vəsaitinə və nizamnamələrində nəzərdə tutulmuş fəaliyyətinin maddi təminatı üçün zəruri olan digər əmlaka malik ola bilərlər.
         Həmkarlar ittifaqlarının əmlakının onların razılığı olmadan alınmasına yol verilmir.
         Həmkarlar ittifaqı təşkilatı öz fəaliyyətinə xitam verdikdə əmlakının taleyi müvafiq həmkarlar ittifaqının nizamnaməsində nəzərdə tutulan qaydada həll edilir.


Azərbaycan Respublikasının prezidenti
Heydər ƏLİYEV
 24 fevral 1994,
№ 792