21 Dekabr 2014

Sorğu

Fəaliyyətimiz sizi qane edirmi ?

Nəticələr

Axtarış

Müraciət

Kollektiv Saziş (2013 - 2015)

 

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2013-2015-ci illər üçün Kollektiv sazişin bağlanması haqqında

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 

Q Ə R A R I

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı və 37-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2013-2015-ci illər üçün Kollektiv Saziş bağlanılsın (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

  

 


Azərbaycan Respublikasının

Təhsil Naziri

M. Ç. Cabbarov 

      Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı

Respublika Komitəsinin sədri

S. S. Mehbalıyev 

  

 

Bakı şəhəri, "10" iyul 2013-cü il

 

 


 

 AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ İLƏ AZƏRBAYCAN

 TƏHSİL İŞÇİLƏRİ AZAD HƏMKARLAR İTTİFAQI RESPUBLİKA

KOMİTƏSİ ARASINDA BAĞLANMIŞ

KOLLEKTİV  SAZİŞ

 

 BAKI - 2013

 

I Ümumi  müddəalar
 
1.1 Bu  sahə   Sazişi   (bundan  sonra  Saziş) Azərbaycan Respublikasının  qüvvədə olan qanunvericiliyinə uyğun olaraq, təhsil işçiləri üçün zəruri əmək, sosial – iqtisadi şəraitin yaradılması,  təhsil müəssisələrinin, təşkilatların stabil, effektiv fəaliyyətinin təmin edilməsi məqsədilə imzalanır.
Saziş təhsil sahəsində münasibətlərin tənzimlənməsi prinsiplərini müəyyən edən hüquqi sənəd olmaqla, təhsil işçilərinin əməkhaqqını, əmək zəmanətlərini və əlavə imtiyazlarını müəyyən edir.
Saziş təhsil müəssisələri və təşkilatlarında (bundan sonra müəssisələr) kollektiv və əmək müqavilələrinin imzalanması, fərdi və kollektiv əmək mübahisələrinin həlli zamanı istifadə edilə bilər.
1.2. Sazişin tərəfləri (bundan sonra tərəflər) aşağıdakılardır:
Azərbaycan Respublikası Təhsil Nazirliyi və tabeliyində olan müəssisələrin rəhbər işçiləri (bundan sonra işəgötürən), digər tərəfdən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və onun xidmətində olan üzv təşkilatlar.
1.3. Tərəflər razılaşırlar ki:
1.3.1. Müəssisələrdə bağlanan kollektiv müqavilələrdə əmək qanunvericiliyi və bu Saziş ilə müəyyən edilmiş hüquqları məhdudlaşdıran şərtlər yolverilməzdir.
Saziş və kollektiv müqavilələrdə təhsil müəssisələrinin maliyyə imkanlarını nəzərə almaqla  işçilər üçün normal əmək şəraiti, sosial yardım, əlavə imtiyazlar, zəmanətlər və üstünlüklər nəzərdə tutula bilər;
1.3.2. Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozduqda işəgötürən işçiyə aylıq əməkhaqqının 1/4 məbləğindən çox olmamaq şərtilə cərimə tətbiq edə bilər;
1.3.3. Saziş qüvvədə olduğu müddət ərzində tərəflər mövcud qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılaşmaya əsasən ona əlavə və ya dəyişikliklər edə bilərlər;
1.3.4. Saziş qüvvədə olduğu müddətdə tərəflərin götürdükləri öhdəlikləri yerinə yetirməməsi yolverilməzdir.
Tərəflərdən birinin yenidən təşkili və ya hüquqi statusunun dəyişməsi hallarında bu Saziş üzrə hüquq və vəzifələr onların hüquqi varislərinə keçir və yeni Saziş bağlanana qədər qüvvədə saxlanılır.
1.3.5. Sazişin yerinə yetirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə Təhsil Nazirliyi tabeliyində olan müəssisələrinə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi isə üzv təşkilatlarına məlumat verir;
1.3.6. Saziş imzalandığı gündən qüvvəyə minir və 2013 - cü ilin iyul ayının 10-dan 2015-ci ilin iyul ayının 10-dək (2 il müddətinə) qüvvədədir.
Saziş qüvvəyə mindiyi gündən on gün müddətində ''Azərbaycan müəllimi'' və ''Təhsil İşçisi'' qəzetlərində çap olunur. 

II. Təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquq və maraqlarının müdafiəsi sahəsində tərəflərin sosial əməkdaşlığı və fəaliyyətlərinin əlaqələndirilməsi sahəsindəki öhdəlikləri

2.1. Qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə çalışmaq, bu Sazişlə müəyyən edilən öhdəliklərə riayət etmək;
2.2. Azərbaycan  Respublikasının   təhsil    sistemində   islahatların həyata keçirilməsi və sosial iqtisadi vəziyyətin daha da gücləndirilməsi  məqsədilə      təhsilin keyfiyyətinin artırılması, təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, müasirləşdirilməsi üçün üstünlük verilən istiqamətlərin inkişafını təmin etmək;
2.3. Sazişlə müəyyən edilmiş vəzifələrin və öhdəliklərin həyata keçirilməsini, təhsil müəssisələrində bağlanmış kollektiv müqavilələrin  yerinə yetirilməsini təmin etmək;
2.4. Təhsil sahəsinin inkişafı məqsədilə dövlət proqramlarının yerinə yetirilməsi, təhsil işçilərinin, təhsilalanların əmək, sosial, iqtisadi  hüquqlarının müdafiəsi, təhsil müəssisələrinin normativ–hüquqi bazasının təkmilləşdirilməsi və sosial əhəmiyyətli məsələlər üzrə danışıqlar aparılmasında əməkdaşlıq etmək;
2.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda təhsil müəssisələrində çalışan işçilərin qanuni mənafelərini müdafiə etməklə, onların əmək, məişət, istirahət şəraitinin, sosial maraqlarının yaxşılaşdırılması üçün birgə  fəaliyyət göstərmək;
2.6. Kollektiv danışıqlar zamanı yaranan fikir ayrılığının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada tənzimlənməsini təmin etmək;
2.7. Təhsil işçilərinin sosial statusunun yüksəldilməsi, nüfuzunun artırılması, əməyinin lazımi səviyyədə qiymətləndirilməsi, bazar iqtisadiyyatının tələblərinə uyğun əməkhaqqının müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına birgə təkliflərin verilməsini təmin etmək;
2.8. Pedaqoji işçilərin peşəkarlığından və təcrübəsindən səmərəli istifadə edilməsini, iş təcrübəsinin öyrənilməsini  və yayılmasını təmin etmək;
2.9.  Təhsil işçilərinin  hüquqi biliklərinin artırılması məqsədi ilə  yerlərdə işəgötürən və işçilərin iştirakı ilə müntəzəm olaraq seminarların keçirilməsini təmin etmək;
2.10. İşəgötürənlə işçilər arasında əmək münasibətlərinin tənzimlənməsi məqsədilə təhsil müəssisələrində müəssisədaxili intizam qaydalarının tərtib edilməsini təmin etmək;
2.11. Gənclərin məşğulluğunun təmin edilməsinə, əmək şəraitinin  yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə, təhsilalanların  və gənc mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsinə istiqamətləndirilən tədbirləri dəstəkləmək, ali və orta ixtisas təhsili müəssisələrində əmək yarmarkalarının keçirilməsinə nail olmaq;
2.12.  Ali, orta ixtisas, ilk peşə ixtisas və ümumi təhsil müəssisələrində təhsilalanlara əmək qanunvericiliyinin əsasları üzrə mühazirələr oxunmasına, tədris proqramlarına «Gender siyasətinin əsasları»nın daxil edilməsinə nail olmaq;
2.13.   Ölkə iqtisadiyyatının tələblərinə uyğun olaraq ilk-peşə ixtisas və orta ixtisas təhsili pillələrində islahatların həyata keçirilməsi, əmək bazarının tələbatının öyrənilməsi və ona uyğun kadrların hazırlanması istiqamətində birgə fəaliyyət göstərmək;   
2.14. Ölkənin şəhər və rayonlarında məktəbyaşlı uşaqların  təhsildən  yayınması hallarının qarşısının alınması məqsədilə icra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının nümayəndələrindən ibarət komissiyalar yaratmaq və bu işlərə ciddi nəzarət etmək;
2.15. Gənclər siyasəti sahəsində «Azərbaycan gəncliyi 2011-2015 illərdə» Dövlət Proqramının yerinə yetirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi, onların kənd yerində çalışmasını həvəsləndirən imtiyazlar sisteminin təkmilləşdirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, təhsilalanların, gənc işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində birgə iş aparmaq.
        
Azərbaycan Respublikası  Təhsil Nazirliyinin öhdəlikləri:

2.2.1. «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa və digər aidiyyəti normativ aktlara uyğun olaraq təhsil müəssisələrində çalışan pedaqoji işçilərin ixtisaslarının və pedaqoji səviyyələrinin yüksəldilməsi və ya yenidən hazırlanması, təhsil işçilərinin peşəkarlığını artırmaq məqsədilə müvafiq tədbirlərin təşkili və keçirilməsini təmin etmək;
2.2.2. Təhsil işçilərinin və təhsilalanların əmək və sosial-iqtisadi hüquq və maraqlarının müdafiəsi ilə bağlı normativ aktların hazırlanması zamanı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsini məlumatlandırmaq və rəyini nəzərə almaq;
2.2.3.  İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işdən  azad olunan işçilərin digər təhsil müəssisələrində işlə təmin olunmasına yardım göstərmək;
2.2.4. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin siyahısına yaşa görə pensiyaya çıxmasına bir il qalanları, uşaqları anadangəlmə və ya körpəlikdən əlil olan valideynləri və cəbhə bölgələrində xidmət edən əsgərlərin valideynlərini daxil etmək;
2.2.5. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika  Komitəsi  rəhbərliyinin  və  ya  onun nümayəndəsinin Təhsil Nazirliyinin kollegiya iclaslarında, müvafiq komissiyalarda və digər tədbirlərdə iştirakına şərait yaratmaq;
2.2.6. Yuxarı orqan tərəfindən müəssisə rəhbərlərinin qanunvericiliyə və kollektiv müqavilənin şərtlərinə zidd olan əmrinin (qərarının, sərəncamının) müvafiq həmkarlar ittifaqı komitəsinin rəsmi müraciəti əsasında dayandırılmasını və ya ləğv olunmasını təmin etmək.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 
Respublika Komitəsinin öhdəlikləri:

2.3.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində çalışan işçilərin, təhsilalanların maraqlarını müvafiq dövlət strukturlarında təmsil etmək, onların əmək, sosial, iqtisadi və digər hüquqlarının müdafiəsini təmin etmək;
2.3.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarını normativ hüquqi sənədlərlə təmin etmək, yaranmış fərdi və kollektiv əmək mübahisələrinin həllində təşkilat üzvlərinə əməli köməklik göstərmək;
2.3.3 Müəssisə rəhbərləri tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulduqda, qüvvədə olan Sazişin (müqavilənin) şərtlərini yerinə yetirmədikdə, onların intizam məsuliyyətinə cəlb edilməsi barədə səlahiyyətli orqanlar qarşısında məsələ qaldırmaq;
2.3.4. Təhsil işçilərinin və təhsilalanların əmək, sosial, iqtisadi, hüquq və maraqlarının müdafiəsi ilə bağlı qüvvədə olan qanunvericiliyə əlavələrin və müvafiq normativ hüquqi aktların qəbul edilməsi barədə dövlət orqanlarına təkliflərlə müraciət etmək;
2.3.5. Müəssisə rəhbərləri tərəfindən əmək qanunvericiliyinə və işçilərin əmək fəaliyyəti ilə əlaqədar qüvvədə olan normativ hüquqi aktlara riayət olunmasına nəzarət etmək;
2.3.6. Təhsildə və kollektivin ictimai həyatında fərqlənən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə tələbə həmkarlar ittifaqı komitəsinin təqdimatı əsasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdlərini vermək.

III. Əmək münasibətləri, əməkhaqqı və əmək normaları, iş və istirahət vaxtı sahəsində
Azərbaycan Respublikası Təhsil Nazirliyinin öhdəlikləri:

3.1.1. Tabeliyində olan təhsil müəssisələrində işəgötürənlə işçi arasında əmək müqaviləsinin qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanması və müqavilənin şərtlərinə əməl edilməsini təmin etmək;
3.1.2. İşəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanması, ləğvi, ona əlavə və dəyişikliklərin edilməsi zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, «Dövlət qulluğu haqqında» Qanuna  və digər normativ hüquqi sənədlərə əsaslanmaq və müvafiq həmkarlar ittifaqı komitəsinin bu işə nəzarət etməsinə şərait yaratmaq;
3.1.3. Təhsil işçilərinin və təhsilalanların əmək, sosial, iqtisadi və s. hüquq və maraqlarının müdafiəsinin təşkili ilə tanışlığı zamanı sahə həmkarlar ittifaqı komitəsinin səlahiyyətli nümayəndələrinə hər cür şəraitin yaradılmasını təmin etmək;
3.1.4. Təhsil müəssisələrində fərdi əmək mübahisələri yarandıqda, onların həlli ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən müvafiq həmkarlar ittifaqı komitəsinin nəzdində yaradılmış əmək mübahisələrinə baxan komissiyanın qərarlarının yerinə yetirilməsini təmin etmək;
3.1.5. İşəgötürənin təşəbbüsü ilə təhsil müəssisələrində çalışan həmkarlar ittifaqı üzvlərinin hər hansı səbəbdən əmək müqaviləsinə xitam verilərkən müəssisənin həmkarlar ittifaqı komitəsinin qabaqcadan razılığını almaqla həyata keçirilməsini, müvafiq  həmkarlar ittifaqı komitəsinin sədrinin yuxarı həmkarlar ittifaqı orqanının razılığı əsasında tutduğu vəzifədən azad edilməsini təmin etmək;
3.1.6. Təhsil müəssisəsinin rəhbərləri əmək qanunvericiliyinin tələblərini, Saziş (kollektiv müqavilə) əsasında götürdüyü öhdəlikləri ciddi şəkildə pozduqda, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin, eyni zamanda  rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitəsinin tələbinə əsasən onların intizam məsuliyyətinə cəlb olunmasını təmin etmək;
3.1.7. Təhsil müəssisələrində müvafiq həmkarlar ittifaqı komitəsinin razılığı əsasında işçilərin əməyinin tarifləşdirilməsini, onların iş rejimini, qaydalarını, əmək normalarını, o cümlədən  dərs bölgüsünü təsdiq etmək və düzgün tətbiq olunmasını təmin etmək;
3.1.8. Təhsil işçilərinin səhhəti, ailə vəziyyəti və digər səbəblərlə əlaqədar qanunvericilikdə müəyyən edilmiş ödənişsiz məzuniyyətin müvafiq həmkarlar ittifaqı komitəsinin rəyi əsasında verilməsini təmin etmək;
3.1.9. Pedaqoci işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisaslarına, tutduğu vəzifəyə (peşəyə) uyğun olmasının müəyyən edilməsi məqsədi ilə qanunvericiliklə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək;
3.1.10. Təhsil müəssisələrində attestasiya  komissiyalarının tərkibinə müvafiq həmkarlar ittifaqı komitəsinin nümayəndəsinin daxil edilməsini təmin etmək;
3.1.11. Təhsil işçilərinin sosial-iqtisadi maraqlarına aid normativ-hüquqi aktların Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə qabaqcadan müzakirə edilərək qəbul edilməsini təmin etmək;
3.1.12. Ali və orta ixtisas təhsili müəssisələrində çalışan işçilərə  büdcədənkənar gəlirlər hesabına aylıq əməkhaqqına əlavələrin artırılması istiqamətində tədbirləri həyata keçirmək.
      -  əməkhaqqına əlavələrin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının (işçi və ya tələbə təşkilatı) ştatlı işçilərinə  şamil etmək;
3.1.13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 185 nömrəli qərarına və kollektivin razılığına əsasən müəssisədə çalışan III qrup əlillərin əməkhaqqının  (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15%, I və II qrup əlillərin əməkhaqqının isə 20-25% artırılmasını təmin etmək;
3.1.14.  Təhsil müəssisələrində çalışan “Əmək veteranı” adı olan pedaqoji işçilərə hər tədris ilinin sonunda mövcud qanunvericiliyin tələbləri gözlənilməklə müəssisənin büdcədənkənar gəlirləri hesabına mükafatlandırılmasını təmin etmək;

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 
Respublika Komitəsinin öhdəlikləri:

3.2.1. Təhsil müəssisələrində əmək kollektivlərinin iş vaxtından səmərəli istifadə etməsini, müəssisənin daxili intizam qaydalarına riayət olunmasını, işçilər tərəfindən müdiriyyətin qanuni tələbləri və göstərişlərinin yerinə yetirilməsini daim nəzarətdə saxlamaq;
3.2.2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 
2-ci hissəsinə əsasən həmkarlar ittifaqı təşkilatlarının nəzdində yaradılmış fərdi əmək mübahisələrinə baxan komissiyaların qərarlarının qanuna uyğun olmasına nəzarət etmək, komissiyaya iş şəraitin yaradılmasını təmin etmək.                                             
                                                                                                                                                                                                                                                                                    
IV. Əməyin mühafizəsi sahəsində
Azərbaycan Respublikası Təhsil Nazirliyinin öhdəlikləri:

4.1.1. Əməyin mühafizəsi işinin təşkili, əməyin mühafizəsi üzrə  qanunvericiliyin tələblərinə riayət edilməsi məqsədi ilə Təhsil  Nazirliyində və onun tabeliyində olan müəssisələrdə əgər ştat cədvəlində nəzərdə tutulmayıbsa əməyin mühafizəsi xidmətinin ictimai əsaslarla yaradılmasını təmin etmək;
4.1.2. Azərbaycan Təhsil İşçiləri Azad  Həmkarlar İttifaqı Respublika Komitəsi ilə məsləhətləşməklə ilin əvvəlində işçilərin əmək şəraitini, təhsil müəssisələrində baş vermiş bədbəxt hadisələrin, peşə və ümumi xəstəliklərin səbəblərini araşdırılması üçün tədbirlər planının hazırlanmasını təmin etmək;
4.1.3. Əməyin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsi, o cümlədən işçilərin təhlükəsizlik qaydaları ilə təlimatlandırılması, iş yerlərinin attestasiyasının keçirilməsi üçün müəssisənin maliyyə mənbələrindən müvafiq məbləğdə vəsaitin ayrılmasına nəzarət etmək;
4.1.4. Təhsil müəssisələrini əməyin mühafizəsi üzrə normativ sənədlərlə təmin etmək;
4.1.5. Əmək şəraiti zərərli, ağır olan işlərdə çalışan işçilərə mövcud qanunvericiliyin tələbləri gözlənilməklə xüsusi geyim, fərdi mühafizə vasitələri verilməsini və həmçinin əlavə əməkhaqqı ödənilməsini təmin etmək;
4.1.6. Təhsil Nazirliyində və tabeliyində olan təhsil müəssisələrində vaxtaşırı (beş ildə bir dəfədən az olmayaraq) iş yerlərinin attestasiyasının keçirilməsini təmin etmək;
4.1.7. Həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilərin işəgötürənlər tərəfindən bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta olunmalarına nəzarət etmək;
4.1.8. Təhsil müəssisələrində baş vermiş bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirmiş işçiyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müavinətin ödənilməsini təmin etmək;
4.1.9. Əməyin mühafizəsi, bədbəxt hadisələrin və peşə xəstəliklərinin araşdırılması məqsədilə həmkarlar ittifaqı orqanları nümayəndələrinin təhsil müəssisələrinə maneəsiz buraxılmasını təmin etmək;
4.1.10. İşçilərin əməkhaqqı saxlanmaqla vaxtaşırı ilkin, məcburi tibbi müayinədən keçmələrinin təmin edilməsinə nəzarət etmək;
4.1.11. Əməyin mühafizəsi məsələləri üzrə  təhsil müəssisə rəhbərlərinin  attestasiyasının keçirilməsini  təmin etmək;
4.1.12. Sahə üzrə işçilərin əməyin mühafizəsinin təlimi üzrə nümunəvi proqramların, təlimatların hazırlanmasına dair təkliflər vermək.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin öhdəlikləri:

4.2.1. İşəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsi ilə əlaqədar qanunvericiliyə, texniki təhlükəsizlik qaydalarına əməl olunmasına, əməyin mühafizəsi və iş şəraitinin yaxşılaşdırılmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
4.2.2. Müəssisələrdə əməyin mühafizəsinin, əməyin mühafizəsi üzrə kollektiv müqavilənin, müəssisənin təhlükəsizliyi üzrə normativ sənədlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
4.2.3. Təhsil müəssisələrinin iş yerinin zərərli və təhlükəli amilləri haqqında məlumatları işçilərin nəzərinə çatdırmaq;
4.2.4. Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üçün həmkarlar ittifaqı üzvlərinə praktiki kömək etmək, ittifaq üzvlərinin maraqlarını dövlət hakimiyyəti orqanlarında və məhkəmələrdə təmsil etmək.

V. Mənzil-məişət, mədəni-kütləvi və idman işləri sahəsində 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin öhdəlikləri:

5.1.1. Təhsil müəssisələrində gender bərabərliyinin gözlənilməsini, işçilərin rəhbər vəzifələrə irəli çəkilməsi prosesinin şəffaflığını təmin etmək;
5.1.2. Gənc mütəxəssislərin və müəllimlərin sosial-iqtisadi problemlərinin həlli və peşəkarlıq səviyyələrinin artırılması istiqamətində görülən işləri davam etdirmək;
5.1.3. Müəssisənin işçiləri üçün mədəni-kütləvi, bədən tərbiyəsi – sağlamlıq və digər tədbirlərin  keçirilməsini təmin etmək;
5.1.4. Ali və orta ixtisas təhsili müəssisələrinin yataqxanalarında yaşayan tələbələrin məişət, iaşə və tibb şəraitlərinin yaxşılaşdırılması və müasir tələblərə uyğunlaşdırılması işlərini davam etdirmək.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin öhdəlikləri:

5.2.1. İttifaq üzvləri arasında milli və dövlət bayramlarının, mədəni-kütləvi tədbirlərin təşkili, qabaqcıl pedaqoji işçilərin yubiley günlərinin keçirilməsini təmin etmək;
5.2.2. Təhsil sahəsində çalışanların uşaqları üçün yay idman sağlamlıq düşərgələrində istirahətlərini təşkil etmək;
5.2.3. Aztəminatlı ailələrdən olan tələbələr üçün pulsuz yeməyin verilməsini davam etdirmək;
5.2.4. Təhsilverənlərin və təhsilalanların asudə vaxtlarının maraqlı və səmərəli keçirilməsini təşkil etmək;
5.2.5. Təhsil müəssisələrində olan bufet və yeməkxanaların işinə nəzarət etmək;
5.2.6. Pedaqoji işçilərin «Əmək veteranı» adı alması üçün onlara müvafiq sənədlərin hazırlanmasında və təqdim edilməsində hərtərəfli köməklik göstərmək.

VI. İşçilərin sosial mühafizə və sağlamlığının qorunması sahəsində
Azərbaycan Respublikası Təhsil Nazirliyinin öhdəlikləri:

6.1.1. Ali təhsil müəssisələrində büdcədənkənar daxilolmalar hesabına (mənfəət hesabına) yığılmış vəsaitin bir hissəsini əlavə yollayışlar alınmasına, onların müəyyən faizinin ödənilməsinə nəzarət etmək;
6.1.2.  Ali   məktəblərin    istirahət    bazalarının   maddi-texniki    təminatının gücləndirilməsi üçün tədbirlərin görülməsinə və həmin istirahət bazalarında tələbə və işçilərin istirahətinin təşkil edilməsinə nəzarət etmək;
6.1.3. Təhsilalanların büdcə vəsaiti hesabına peyvənd edilməsi və illik məcburi profilaktik tibbi müayinəsinin keçirilməsinə və tələbə  poliklinikalarının fəaliyyəti üçün normal şəraitin yaradılmasına nəzarət etmək;
6.1.4. Ali məktəblərin nəzdində fəaliyyət göstərən poliklinikaların avadanlıqla təchizatını yaxşılaşdırılmasına, təhsil işçiləri və tələbə gənclərə  xidmət göstərmək üçün tibb müəssisələrinin fəaliyyətinə nəzarət etmək;
6.1.5. İşləyən qadınlara, doğuşa və uşağa qulluq etməyə görə qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlardan əlavə, doğuşdansonrakı məzuniyyət bitdikdən sonra zərurət yarandığı hallarda müəyyən edilmiş günlər həcmində öz hesabına, müəssisənin maliyyə imkanı olduqda isə əlavə ödənişlərin verilməsini, hamilə qadınlar üçün onların istəkləri nəzərə alınmaqla iş  qrafikinin (rejiminin) tərtib edilməsi üçün digər tədbirlərin həyata keçirilməsini təmin etmək;
6.1.6. Aşağıdakılarla əlaqədar işçilərə müəssisənin maliyyə imkanları daxilində əməkhaqqı saxlanılmaqla işə çıxmamasına razılıq verməsini təmin etmək;
- uşaq anadan olduqdan sonra ataya – 3 iş günü;
- işçinin toyu olduqda  -   5 iş günü;
- yaxın qohumu vəfat etdikdə, yola sərf olunan vaxt nəzərə alınmadan – 3 iş günü.
6.1.7. Tədris ili ərzində işçinin müalicəyə ehtiyacı olduğu zaman ona lazımi köməklik göstərmək, o cümlədən tədris prosesinin pozulmaması şərtilə sanatoriya – kurort müalicəsi üçün işçiyə yollayış verildiyi halda, ona ödənişli məzuniyyətin cədvəldən kənar verilməsini təmin etmək.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 
Respublika Komitəsinin öhdəlikləri:

6.2.1. Təhsil sahəsində çalışan ittifaq üzvlərinin sosial mühafizəsini və sağlamlığını daha yaxşı təşkil etmək məqsədilə həmkarlar ittifaqına məxsus istirahət düşərgələrinin, istirahət evlərinin istifadə edilməsinə şərait yaratmaq;
Kollektivin qərarına əsasən təşkilatda yığılmış vəsaitin bir hissəsini əlavə yollayışların alınmasına, yollayışların dəyərinin müəyyən faizinin ödənilməsinə, təhsil işçilərinin uşaqlarının düşərgələrdə istirahət etmələri üçün çəkilən xərclərin  ödənilməsinə yönəltməyi təmin etmək;
6.2.2. Təqaüdlərin və müavinətlərin düzgün və vaxtında hesablanıb ödənilməsinə nəzarət etmək;
Təhsil müəssisələrində çalışan ittifaq üzvü olan  əmək veteranlarına təşkilatın maliyyə imkanları daxilində hər il birdəfəlik maddi yardım göstərmək; 
6.2.3. Əmək əlillərinə əlavə güzəştlərin və kompensasiyaların təyin edilməsinə nəzarət etmək;
6.2.4. Müəssisə və təşkilatlarda çalışan işçilərin sağlamlığının mühafizəsinə  nəzarəti təmin etmək; 
6.2.5. Təhsil sistemi üzrə dövlət qulluqçularının icbari tibbi sığorta olunması üçün lazımi tədbirləri görmək.

VII. Həmkarlar ittifaqı təşkilatlarının normal fəaliyyəti üçün şərait
yaradılması sahəsində tərəflərin qarşılıqlı öhdəlikləri:

7.1. Müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı  təşkilatı üçün normal iş şəraiti yaratmaq, təhsil müəssisələrinin sosial-iqtisadi vəziyyətlərini  yaxşılaşdırmaq məqsədilə lazım olan hallarda əlavə maliyyə vəsaiti almaq üçün Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri  Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən müvafiq dövlət qurumları qarşısında məsələ  qaldırmaq;
7.2. Hüquqi biliklərin yayılması və təbliği məqsədilə birgə tədbirlər planı hazırlayıb icra etmək;
7.3. Həmkarlar ittifaqı fəalları və təhsil müəssisələrinin rəhbərləri üçün müxtəlif seminarlar, treninqlər keçirmək;
7.4. Həmkarlar İttifaqı üzvlərindən aylıq üzvlük haqqının ittifaqın Nizamnaməsinə  əsasən tutmağı və vaxtlı-vaxtında həmkarlar təşkilatlarının müvafiq hesablarına köçürmək;     
7.5. «Dövlət qulluğu haqqında» və «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası Qanunlarına,  Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi sənədlərə uyğun fəaliyyətlərini təşkil etmək, təhsilalan gəncləri və işləyən vətəndaşları həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsinə, onlarla təşkilati – kütləvi iş aparması üçün öz tabeliyində olan müəssisələrdə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarına lazımi şərait yaratmaq;
7.6. Bu Sazişə müvafiq Təhsil Nazirliyinin və tabeliyində olan müəssisələrin balansında olan, yaxud icarəyə götürdüyü binaları, otaqları və başqa obyektləri, iclaslar, yığıncaqlar və digər tədbirlərin keçirilməsi üçün pulsuz olaraq Həmkarlar İttifaqının ilk təşkilatlarının istifadəsinə verilməsini təmin etmək;
7.7. Xidmətində olan müəssisələrdə istifadə olunmayan nəqliyyat və rabitə vasitələrini həmkarlar ittifaqı komitəsinin pulsuz istifadəsinə verməklə, nəqliyyat və rabitə xərclərini vaxtında ödəmək;
7.8. Seçkili orqanlara seçilməklə əlaqədar ilk həmkarlar ittifaqı komitələrinin üzvlərinə öz vəzifə borclarını yerinə yetirmək üçün  (həmkarlar təşkilatlarının yığıncaqları, forumları, konfrans və qurultaylarında iştirak etmək üçün) əmək haqqını saxlamaqla icazə vermək;
7.9. Həmkarlar İttifaqı təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş fəaliyyətləri   və hüquqlarının məhdudlaşdırılmasına yol verməmək, Nazirliyin tabeliyində olan müəssisə və təşkilatlarda həmkarlar ittifaqı komitələrinin yaradılmasına və normal fəaliyyət göstərməsinə şərait yaratmaq;
7.10. Həmkarlar ittifaqı orqanına seçilmiş nümayəndənin səlahiyyət müddəti bitdikdə və ya o bu orqana təkrar seçilmədikdə ona seçkiyə qədərki tutduğu vəzifə, ya da ona uyğun iş təklif etmək, bu mümkün olmadıqda isə işçinin razılığı ilə başqa iş təklif etmək;
7.11. Həmkarlar ittifaqı orqanlarının tərkibinə yenidən seçilməmiş işçilərin attestasiyadan keçməsinə bir il möhlət vermək.


Bakı şəhəri
“10” iyul 2013-cü il