20 Yanvar 2017

Sorğu

Fəaliyyətimiz sizi qane edirmi ?

Nəticələr

Axtarış

Müraciət

“Sabahın alimləri” V Respublika Müsabiqəsinə start verilib

13.02.2016
Fevralın 11-də Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında "Sabahın alimləri" V Respublika müsabiqəsinin açılış mərasimi olmuşdur. 

Müsabiqə Milli Elmlər Akademiyasının, Təhsil, Gənclər və İdman nazirliklərinin, eləcə də Heydər Əliyev Mərkəzinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir. 

Tədbirdə Təhsil naziri Mikayıl Cabbarov giriş sözü söyləmişdir. Demişdir ki, əgər ötən il ölkədaxili olimpiadalarda 22 minə yaxın şagird iştirak edirdisə, bu il həmin rəqəm 27 minə yüksəlib. Beynəlxalq olimpiadalarda da Azərbaycan məktəblilərinin uğurları artıb. "Sabahın alimləri" müsabiqəsinin bütün qalibləri ali məktəblərə yüksək balla qəbul olublar. Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il keçirilən İntel İSEF - İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.
M.Cabbarov onu da bildirib ki, ali məktəblərin elmi uğurlarının qiymətləndirilməsi ilə bağlı yeni mexanizmlər hazırlanır.
 
AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, bu il Azərbaycan dövləti 25 illik müstəqilliyini qeyd edəcək. A.Əlizadə üzünü gənclərə tutaraq dedi: "25 yaşlı Azərbaycanı dünyada siz təmsil edəcəksiniz. Mən, ümumiyyətlə, Təhsil nazirinə təşəkkür edirəm ki, o, elmin inkişafına yardım göstərir. Təhsil Nazirliyi gələcəyin alimlərinə yetərincə diqqət ayırır. Bu, olduqca böyük zəhmət və məsuliyyət tələb edir. Təhsil Nazirliyi Azərbaycan elminin gələcəyi haqda düşünür".
 
"Sabahın alimləri" müsabiqəsində Azərbaycanın 11 şəhər və rayonunun ümumtəhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri 129 elmi layihə ilə iştirak edir. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihədir.
"Sabahın alimləri" V respublika müsabiqəsi fevralın 13-də yekunlaşıb.
 
Müxbirimiz müsabiqənin təşkilat komitəsinin üzvü-Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə ilə görüşüb, ondan müsahibə götürüb. Mirzə müəllim demişdir: Hesab edirəm ki, bu müsabiqənin təhsil tariximizdə, şagirdlərimizin, gənclərimizin həyatında xüsusi yeri vardır. Bildiyiniz kimi, müsabiqənin keçirilməsində əsas məqsəd, birgə qərarda qeyd olunduğu kimi, ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyili olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, həmçinin ciddi elmi nəticə əldə etmiş şagirdlərin seçilib ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirakını təmin etməkdir ("Ülfət").
 
Şagirdlərin belə müsabiqələrə cəlb olunması və onların elmi yaradıcılıqlarının uğurlu inkişaf etdirilməsi onu deməyə əsas verir ki, sabahın alimlərinin hazırlığı istiqamətində bu gün ölkəmizdə məqsədyönlü tədbirlər həyata keçirilir. Belə müsabiqələrin təşkili gələcəkdə Azərbaycan elmini ləyaqətlə təmsil edəcək alimlər ordusunun yaranmasında çox mühüm rol oynayacaqdır.