26 May 2017

Sorğu

Fəaliyyətimiz sizi qane edirmi ?

Nəticələr

Axtarış

Müraciət

Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin XI Forumu keçirilib.

29.06.2016
İyunun 28-də Bakıda Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin XI Forumu keçirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının ev sahibliyi ilə keçirilən Forumda Türkiyə, Qazaxıstan, Qırğızıstan nümayəndə heyəti, eləcə də Makedoniya Respublikasından və İraqdan təmsilçilər iştirak ediblər.
 
Forumdan əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin üzvü Səttar Mehbalıyev tədbir iştirakçıları ilə görüşüb. Görüşdə S. Mehbalıyev onlara AHİK-in yaranma tarixi, gördüyü işlər və hədəfləri haqqında məlumat verib. Deyib ki, ilk kollektiv müqavilənin imzalanması Bakı neftçilərinin adı ilə bağlıdır. Tarixə "Mazut müqaviləsi" kimi düşən bu sənəddə işəgötürənlərin üzərinə qoyulan öhdəliklərin bir çoxu 110 il ötməsinə baxmayaraq hələ də aktuallığını saxlayır. Səttar müəllim dedi ki, Azərbaycan həmkarlar ittifaqı tarixinin böyük hissəsini təzyiqlərlə mübarizədə keçirib. 70 il çəkən sovet dönəmində təşkilatımız mərkəzi Moskvada yerləşən Ümumittifaq Həmkarlar İttifaqının tərkib hissəsi idi. Müstəqil qərarlar qəbul etmək səlahiyyətimiz yox idi. Buna baxmayaraq, maksimum dərəcədə işçilərin hüquqlarının keşiyində durmağa cəhd göstərirdik. Müstəqillik qazanandan sonra artıq üzv təşkilatlar müti icraçı olmaq istəmədilər. Mərkəzi aparat da artıq əvvəlki qaydada idarə etməyi bacarmırdı. Demokratik mərkəz və səlahiyyətlərə malik yerli təşkilatlar ideyası get-gedə güclənirdi. Bu ideyadan çıxış edərək biz Şuradan imtina etdik və Konfederasiya formasında birləşdik. Hazırda Konfederasiyanın 25 üzv təşkilatı var.
 
Konfederasiya fəaliyyətində aşağı strukturlarla, hökumətlə və digər tərəfdaşlarla sosial dialoqu əsas tutur. 
Səttar müəllim qonaqlara bildirdi ki, həmkarlar ittifaqlarının kifayət qədər mükəmməl qanunvericilik bazası yaradılıb. 1994-cü ildə "Həmkarlar ittifaqları haqqında" qanun qəbul edilib. Cəmiyyətimizin dinamik inkişafına uyğun olaraq bu qanuna ötən illər ərzində 50-dən çox əlavə və dəyişikliklər olunub. Onlar həm həmkarlar ittifaqının nüfuzunun artırılmasına, həm də işçilərin hüquqlarının qorunması işinin yüksək səviyyədə təşkilinə xidmət göstərib. AHİK sədri dəyişikliklərdən və əlavələrdən bir neçəsini qonaqların diqqətinə çatdırdı. Dedi ki, indi artıq həmkarlar ittifaqı təşkilatının razılığı olmadan işəgötürən işçini işdən azad edə bilməz. Başqa bir əlavəyə görə isə müəssisə rəhbərliyi toplanan üzvlük haqlarına həmkarlar ittifaqının hesabına 4 gün müddətinə köçürmədikdə yüksək miqdarda cərimə olunur. Artıq bu əlavədən sonra sahə, yerli həmkarlar ittifaqı strukturlarının maliyyə problemləri aradan qalxıb. Onlar topladıqları üzvlük haqlarının böyük hissəsini işçilərin sosial problemlərinin həllinə yönəldirlər. Bir neçə sahə həmkarlar ittifaqı, o cümlədən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ölkəmizin səfalı guşələrində turist mərkəzləri tikib istifadəyə vermişdir. Hər il minlərlə həmkarlar ittifaqı üzvünün güzəştli və ya pulsuz yay istirahəti təşkil olunur.
 
S.Mehbalıyev Baş Kollektiv Saziş barədə də danışdı. Dedi ki, bu sənədin layihəsini AHİK hazırlayıb tərəfdaşlara təqdim edir. Bu bizim üstünlüyümüzdür. Bu bizə imkan verir ki, işçilərin mənafelərinə xidmət göstərən daha çox maddəni Baş Kollektiv Sazişə salaq. Sahə həmkarlar ittifaqları da xidmətlərində olan qurumlarla saziş imzalayırlar. Qanunlarımıza görə, sahə sazişlərində Baş Kollektiv Sazişə nisbətən daha artıq güzəştlər əksini tapa bilər.
 

Region ölkələrin həmkarlar ittifaqları üçün əsl örnək

Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqlarının, eləcə də Türk Egitim Senin və Türkiyə Kanu-Senin sədri İsmayıl Koncuk səmimi qəbula və dəyərli sözlərə görə AHİK sədrinə təşəkkürünü bildirdi. İsmayıl bəy, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqlarının sədri Mayra Amanta və üzv ölkələri həmkarlar ittifaqı liderləri etiraf etdilər ki, Azərbaycan həmkarlar ittifaqları region ölkələrin həmkarlar ittifaqları üçün əsl örnəkdir. Qanunvericilik bazası təkmil və dinamikdir, hökumətlə münasibətləri işçilərin maraqları üzərində qurmağı bacarıb.
Görüşdən sonra Forumun iclası başlandı.
 
Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin, Türkiyə Təhsil İşçiləri Həmkarlar İttifaqının və Dövlət Qulluqçuları Həmkarlar İttifaqları Konfederasiyasının sədri İsmayıl Koncuk üzv qurumlar arasındakı mövcud əlaqələrdən, atılacaq addımlardan, qabaqcıl təcrübənin yayılmasının önəmindən danışıb. O deyib ki, üzvlərin sayının çoxluğu həmkarlar ittifaqı hərəkatının möhkəmləndirilməsində, uğurlu inkişafında, beynəlxalq arenada fəaliyyətinin səmərəliliyində vacib rol oynayır.
 
Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev çıxış edib. Konfederasiya sədri bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi beynəlxalq əlaqələrin genişləndirilməsinə hər zaman xüsusi diqqət vermişdir. Məlumat üçün qeyd edim ki, təşkilatımız 1992-ci ildə Beynəlxalq Elm və Təhsil İşcilləri Həmkarlar İttifaqları Birliyinə, 2000-ci ildə Beynəlxalq Təhsil Birliyinə, 2009-cu ildə isə Təhsil və Həmrəylik Şəbəkəsinə üzv qəbul edilmişdir.
 
Təşkilatımız Türkiyə, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Bolqarıstan, Latviya, Litva, Estoniya, Misir, Malta, Serbiya, Bosniya və Herseqovina, Macarıstan, Makedoniya, Sloveniya, Ukrayna və digər ölkələrin təhsil işçiləri həmkarlar ittifaqları ilə də ikitərəfli əməkdaşlıq əlaqələri qurmuşdur.
 
Bütün bunlarla yanaşı, ATİAHİ Respublika Komitəsinin sıx əməkdaşlıq əlaqələrinə malik olduğu təşkilatlar arasında 2006-cı ildə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Azərbaycanın Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rəhbərlərinin iştirakı ilə keçirilmiş Forumda təsis edilən Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyi də vardır. Bu gün bu Birliyə digər ölkələrin türkdilli dərnəkləri də qoşulmuşdur.
 
Bu Birlikdə təmsil olunmaq və burada təmsil olunan ölkələrlə əlaqələri genişləndirmək bizim üçün çox böyük önəm kəsb edir. 
 
Bunun başlıca səbəblərindən biri budur ki, biz qardaş ölkələrin təmsilçiləriyik. Eyni kökə, eyni dilə, eyni dinə, eyni mədəniyyətə mənsub olmağımız bizi birləşdirən ən böyük dəyərlərdəndir. Sevindirici haldır ki, ölkələrimiz arasında bu dəyərlərə söykənən çox yaxın münasibətlər vardır. Bu baxımdan düşünürəm ki, qurumda təmsil olunan Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri digər bütün türkdilli respublikalara da örnək olmalıdır. Bu gün bu iki ölkə arasındakı münasibətlər görkəmli dövlət xadimi, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün söyləmiş olduğu "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin söyləmiş olduğu "Biz bir millət iki dövlətik" prinsipinə əsaslanır. 

Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir

Səttar müəllim sonra demişdir, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədə, ən yüksək səviyyədədir. Bu, belə də olmalıdır. Biz əsrlərboyu bir-birimizin yanında olmuşuq və bu gün iki müstəqil dövlət kimi, əlbəttə ki, öz gələcəyimizi birgə qururuq.
 
Bu gün biz iqtisadi sahədə uğurla əməkdaşlıq edirik. Sərmayə qoyuluşu baxımından Türkiyə və Azərbaycan qarşılıqlı sərmayə yatırmaqla həm öz maraqlarını təmin edir, eyni zamanda biz bir-birimizi daha da gücləndiririk. Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan hazırda böyük miqyaslı layihələri birgə həyata keçirir. Bu gün hər iki dövlətin məqsədi Türkiyə-Azərbaycan birliyini daha da inkişaf etdirmək və möhkəmləndirməkdir. Qısa bir zamanda iki dövlətin marağında olan dünya miqyaslı layihələrin açılışı təntənə ilə qeyd ediləcəkdir. Bundan sonra da iki qardaş ölkə arasındakı bugünkü və gələcək münasibətlər də məhz bu istiqamətdə davam edəcəkdir. Biz istərdik ki, digər türkdilli dövlətləri arasında da münasibətlər bu səviyyədə inkişaf etsin, Türkdilli ölkələri bir-birilərinə bütün səviyyələrdə dəstək versinlər.
 
Respublikalarımızın üzləşdiyi elə problemlər var ki, biz bu məsələlərdə bir olmalıyıq. Bilirsiniz ki, bu gün Azərbaycanın ən böyük problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanın 20 faiz torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycan torpaqlarının heç bir şərt qoyulmadan işğaldan azad edilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi uzun illərdir ki, yerinə yetirilmir. 

Hər kəs öz töhfəsini verməlidir

Əslində Azərbaycanla Ermənis tanın hərbi gücü müqayisə olunacaq səviyyədə deyil. Bu ilin aprel ayının əvvəlində bu bir daha sübut olundu. Azərbaycanın bu gün təkcə hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən artıqdır və Azərbaycanın silahlı qüvvələri qısa müddət ərzində işğal altındakı torpaqlarını azad etmək iqtidarındadır. Lakin dünya dövlətlərinin bu məsələyə ikili standartdan yanaşması bizi münaqişəni hərb yolu ilə həll etməkdən çəkindirir. Mən bildirmək istəyirəm ki, bu gün Asiyadan Avropaya qədər böyük bir ərazini əhatə edən türkdilli dövlətlər var, bu birlik kimsənin gücü yetməyəcək bir səviyyədədir və bu birlik sayəsində bütün türkdilli dövlətlərin problemləri həll edilmiş olar, bütün dünya bizimlə haqq səsimizə dəstək vermək məcburiyyətində qalar. Bizim ədalətli olduğumuza dəstək üçün isə hər birimiz, istər dövlət məmuru, istər siyasətçi, istər sadə vətəndaş, istər sendika, hər kəs öz töhfəsini verməlidir.
 
Səttar müəllim çıxışının sonunda demişdir: Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyi də türk qardaşlığının bir nümunəsidir. Mən belə bir birliyin yaradılması ideyası ilə çıxış etmiş və fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı əlindən gələni əsirgəməyən bir insana, Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqının, Türk Egitim Senin və Türkiyə Kamu-Senin sədri, əziz qardaşımız İsmayıl bəyə və qardaş dövlətlərin həmkarlar ittifaqları təşkilatlarının rəhbərlərinə və nümayəndə heyətlərinin üzvlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən də bu birliyin ərsəyə gəlməsində, vaxtlı-vaxtında iclasların keçirilməsində, birliyə daxil olan təşkilatlar arasında münasibətlərin daha da möhkəmləndirilməsində Sizin hər birinizin böyük rolu vardır.
 
Arzu edirəm ki, yaxın zamanlarda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyi bütün türkdilli dövlətlərin həmkarlar ittifaqı təşkilatlarını birləşdirən bir quruma çevrilsin. Bu işdə hər birinizə uğurlar arzu edirəm. İnanıram ki, bu ideyanın gerçəyə çevriləcəyi gün uzaqda deyil və inanıram ki, bu gün keçirilən Forumda da hər birimizi maraqlandıran məsələlər müzakirə ediləcək və yekdil qərar qəbul olunacaqdır. 
 
Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Mayra Amantayeva, Qırğızıstan Elm və Təhsil İşçilərii Həmkarlar İttifaqının sədri Asilbek Toktoqulov birliyin üzv ölkələrin həmkarlar ittifaqlarının bir-birinə daha da yaxınlaşması baxımından böyük əhəmiyyət daşıdığını qeyd etdilər. Birlik çərçivəsində biz təhsil sahəsində çalışan insanların problemlərini öyrənir, təşkilatlarımızın təcrübəsi ilə tanış olurduq,-dedilər. O da bildirildi ki, birlik təkcə həmkarlar ittifaqı işi ilə kifayətlənməməli, ölkələrimizdə gedən iqtisadi, siyasi proseslərə də münasibət bildirməlidir. Makedoniya Üfüq Dərnəyinin sədri Elvin Hasan, İraq Türkmən Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Abdulselam Bayraktar vətənlərində ana dillərində təhsilə qoyulan məhdudiyyətlərdən söz açdılar.

Bəyanət qəbul edildi

Forumun iyulun 1-də keçirilən sonuncu iclas günündə bəyanət qəbul edildi. Sənəddə birliyin sıralarının artırılması, çoxtərəfli və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün vəzifələr müəyyənləşdirildi. Həmçinin Dağlıq Qarabağ münaqişəsinə, Suriyada, İraqda gedən müharibələrə münasibət bildirildi.
 
Türkiyədə baş verən terror aksiyaları pislənildi.
Qərara alındı ki, təşkilatın 12-ci forumu Türkiyədə keçirilsin. 
Forum iştirakçıları iclaslararası saatlarda paytaxtımızın görməli yerləri ilə tanış oldular.