19 Dekabr 2018

Sorğu

Bizim işimizdən razısınız?

Nəticələr

Axtarış

Müraciət

Müraciət

 

 

Azərbaycan Respublikasının Prezidenti,
zati-aliləri cənab İlham Əliyevə


MÜRACİƏT


 

          Möhtərəm cənab Prezident!


          Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 90 illik yubiley mərasimi   iştirakçıları Sizə – təhsil işçilərinin qayğıkeşi, ümummilli liderimiz Heydər Əliyevin milli təhsil quruculuğu strategiyasının ən layiqli davamçısına  müraciət edərək öz dərin hörmət və ehtiramımızı bildirir, ən xoş arzularımızı çatdırırıq!


          Möhtərəm cənab Prezident!


          Sizin böyük uzaqgörənliklə söylədiyiniz – «Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan  kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir» konseptual müddəanız bu gün ölkəmizdə uğurla həyata keçməkdədir. İftixar hissi ilə  bildiririk ki, Sizin son illərdə ölkəmizdə həyata  keçirdiyiniz böyük iqtisadi layihələr, genişmiqyaslı islahatçılıq və təşkilatçılıq fəaliyyətiniz, uğurlu daxili və xarici siyasətiniz  nəticəsində doğma Azərbaycanımızın davamlı  inkişaf strategiyası hazırlanmışdır. Bu strategiyanın reallaşması sayəsində ölkəmiz iqtisadi inkişaf  göstəricilərinə görə dünyada və regionda lider dövlətə çevrilmişdir. Bütün sahələrdə, o cümlədən təhsil sektorunda elmi cəhətdən əsaslandırılmış məqsədli inkişaf proqramlarının hazırlanıb reallaşdırılması üçün əlverişli şərait yaradılmışdır. Təhsillə bağlı  təsdiq etdiyiniz proqramlar məktəblərin infrastrukturunun təkmilləşdirilməsinə, müasir avadanlıqlarla, dərsliklərlə, informasiya-kommunikasiya texnologiyaları ilə təchizatına, kadrlarla təminatına, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, istedadlı uşaqların (gənclərin) üzə çıxarılmasına, məktəbəqədər təhsilin  yeniləşdirilməsi, texniki peşə təhsilinin təkmilləşdirilməsi, azərbaycanlı gənclərin xaricdə təhsili və digər sahələri əhatə etmiş, davamlı inkişafa və təhsil alanlar üçün bərabər imkanların yaradılmasına yönəlmişdir. Ölkəmizdə yüzlərlə yeni məktəb tikilmiş, yenidən qurulmuş, müasir tədris avadanlıqları ilə təchiz edilmiş, kompüterləşdirilmiş, milli-mənəvi dəyərləri özündə əks etdirən yeni dərsliklər hazırlanmışdır. Azərbaycan MDB məkanında yeganə  ölkədir ki, bütün şagirdlər dərsliklərlə pulsuz təmin olunurlar. Təhsildə qazanılan bütün uğurları Sizin təhsilə, təhsil  işçilərinə, təhsil alanlara göstərdiyiniz diqqət və qayğının məntiqi nəticəsi kimi dəyərləndirir,  bu istiqamətdəki fəaliyyətinizi yüksək qiymətləndiririk!


          Möhtərəm cənab Prezident!


          Sizin milli təhsilimizə, ittifaqımızın üzvü olan təhsil işçilərinə və təhsil alanlara göstərdiyiniz bu diqqət təşkilatımızın ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsindəki qayğılarımızı azaldır. Son illərdə təhsil işçilərinin və təhsil alanların sosial təminatının gücləndirilməsi istiqamətində verdiyiniz  fərman və sərəncamlar nəticəsində  təhsil işçilərinin əməkhaqqı, tələbələrin və  aspirantların təqaüdü dəfələrlə artmış, yüzlərlə təhsil işçisi Prezident təqaüdü almış, orden və medallarla təltif edilmiş və fəxri adlara layiq görülmüşdür. Bütün bunlar isə təhsil işçilərini və təhsil alanları daha da yaxşı işləməyə və oxumağa ruhlandırır.  


          Möhtərəm cənab Prezident!


          Biz, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 90 illik yubiley mərasiminin iştirakçıları, bütövlükdə ittifaqımızın 380 min nəfər üzvü Sizin doğma Azərbaycanımızın davamlı inkişafına yönəlmiş daxili və xarici siyasətinizi ürəkdən bəyəndiyimizi bir daha  diqqətinizə çatdırmaqdan məmnunluq duyur, iftixar hissi keçiririk. Bundan sonra da vətənimizin parlaq gələcəyi naminə Sizə daha böyük uğurlar, möhkəm cansağlığı arzulayırıq!

 

          Müraciət Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının
90 illik yubiley mərasimi iştirakçıları tərəfindən qəbul edilmişdir.

Bakı şəhəri, 9 iyun 2010-cu il