25 Sentyabr 2018

Sorğu

Bizim işimizdən razısınız?

Nəticələr

Axtarış

Müraciət

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Yeni Azərbaycan Partiyasının rəsmi internet saytına müsahibə vermişdir

 

          Müsahibəni olduğu kimi oxuculara təqdim edirik.

 

       - Səttar müəllim, məlum olduğu kimi Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyətinin genişlənməsində və inkişafında Ümummilli Liderimiz Heydər Əliyevin böyük xidmətləri olmuşdur. İstərdik ki, öncə bu haqda fikirlərinizi bildirəsiniz?

       - Cəmiyyətin aparıcı tərkib hissəsi olan Azərbaycan Həmkarlar İttifaqları yarandığı gündən ictimai həyatda öz fəallığı ilə fərqlənir və onun fəaliyyətinin ən məhsuldar mərhələsi Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Məhz Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə xalqın sosial problemlərinin həllinə diqqət artırılmış, vətəndaşların rifah halının yaxşılaşdırılması, onların sağlamlıqlarının qorunması və istirahətinin təşkili istiqamətində sosialyönümlü siyasətin həyata keçirilməsi gücləndirilmişdir. Ulu öndər Heydər Əliyev işçilərin sosial problemlərinin həllində, əmək və istirahət hüquqlarının təmin olunmasında həmkarlar ittifaqlarının roluna xüsusi əhəmiyyət verir və onların səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradırdı. Ulu öndər Heydər Əliyevin Azərbaycanda sanatoriya və kurort sahəsinin inkişafı naminə göstərdiyi əvəzsiz xidmətlərin nəticələri bu gün göz qabağındadır. Ümummilli liderin təşəbbüsü, cəsarətli mübarizəsi nəticəsində ötən əsrin 70-ci illərində «Naftalan», «İstisu» kurortları və Xəzərin qərb sahillərinin kurort zonasına çevrilməsi barədə» keçmiş ittifaq dövləti qərar qəbul etdi. Bundan sonra həmin ərazilərdə sağlamlıq ocaqları şəbəkəsinin tikintisi geniş miqyas aldı. «Şuşada kurort kompleksinin tikintisi barədə» Ümummilli Liderin qəbul etdiyi qərar həmin dövr üçün çox mühüm bir dövlət sənədi idi. Bu qərarların qəbul edilməsi və respublikada sağlamlıq ocaqlarının tikintisinin geniş vüsət alması əhalinin sağlamlığına və normal istirahətinə şərait yaratmaq, respublikanı turist diyarı kimi ittifaq miqyasında tanıtmaq idi. Ulu Öndər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə onun təşəbbüsü ilə 1983-cü ilin aprelində «Xəzər dənizinin Azərbaycan SSR-yə aid sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonası yaradılması tədbirləri haqqında» qərarın qəbulu da dahi şəxsiyyətin Azərbaycanın gələcəyinə hesablanan nəcib təşəbbüslərinin davamı idi. Ümummilli Lider əhalinin sağlamlığının qorunması və istirahətlərinin təşkili məsələlərinin həlli istiqamətində həmkarlar ittifaqlarının gördüyü işləri daim yüksək qiymətləndirir, bu istiqamətdə onlar tərəfindən irəli sürülən təklifləri müdafiə edirdi.

       - Hazırda işçilərin və onların ailə üzvlərinin istirahət hüququnun təmin edilməsi istiqamətində hansı addımlar atılır?

       - İşçilərin və onların ailə üzvlərinin məişət və istirahətinin təşkilinə, sağlam həyat tərzi sürmələri üçün şərait yaradılmasına xüsusi önəm verən Azərbaycan həmkarlar ittifaqları, bu məqsədlə onların sağlamlığının qorunması və istirahətinin təşkili sahəsində ciddi islahatlar həyata keçirir. Ölkəmizdə işçilərin, onların ailə üzvlərinin sağlamlığını daim nəzarətdə saxlamaq üçün monitorinqlər keçirilir, üçtərəfli baş, ərazi, sahə müqavilələri imzalanır, istehsalat zədələrinin və peşə xəstəliklərinin azalmasına və profilaktikasına yönəldilmiş proqramlar işlənib hazırlanır. «Azərbaycan kurortları» Dövlət proqramı haqqında 27 fevral 2007-ci il tarixli sərəncam isə Respublika Prezidentinin ölkə daxilində apardığı siyasətin sosial yönümlü olduğunu bir daha sübut etdi. Hələ 2005-ci ilin sonunda Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 100, həmkarlar ittifaqı mərkəzi orqanının 85 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan həmkarlar ittifaqlarının üzvlərinə məktubunda da «müalicə və istirahət ocaqlarının, idman komplekslərinin və mədəniyyət mərkəzlərinin geniş şəbəkəsinin yaradılması və zəhmətkeşlərin xidmətinə verilməsi həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin mühüm istiqamətləri olduğunu» qeyd etmişdir. Dövlət başçısı bu sərəncamla ölkədəki sanatoriya və kurortların, o cümlədən həmkarlar ittifaqlarının sanatoriya və kurort şəbəkəsinin müasir tələblərə uyğun inkişafı, insanların sağlamlıqlarının qorunması naminə yüksək səviyyəli müalicə, istirahət ocaqlarının fəaliyyət göstərməsi üçün böyük imkanlar açmışdır. Məlum olduğu kimi, həmkarlar ittifaqları yarandığı gündən etibarən işçilərin məişət, sağlamlıq şəraitinin yaxşılaşdırılmasında, sağlamlıq ocaqları vasitəsilə onların ailə üzvlərinə xidmət göstərilməsində, sanatoriya və istirahət evlərinin şəbəkəsinin genişləndirilməsində fəal iştirak etmişlər. Mövcud sanatoriya və kurortlar şəbəkəsinin yaradılmasına illər boyu milyon manatlarla vəsait xərclənmiş, yüz minlərlə işçi həmkarlar ittifaqlarının yollayışları ilə istirahət evlərinə, kurort və sanatoriyalara göndərilmişdir.

       - Ümumiyyətlə, həmkarlar ittifaqlarının inkişaf tarixi haqqında nə deyə bilərsiniz? Bu tarixi hansı mərhələlərə bölmək mümkündür?

       - Respublikamızdakı həmkarlar ittifaqlarının sanatoriya-kurort şəbəkəsinin inkişaf tarixini 3 mərhələyə bölmək olar: 1930-1969-cu illər, 1970-1989-cu illər, 1989-1995-ci illər. 1930-1969-cu illərdə respublikada 8 sanatoriya və 8 pansionat, 4592 çarpayı fondu ilə fəaliyyət göstərirdisə, 1970-1989-cu illərdəki inkişaf nəticəsində artıq 17 sanatoriya, 3 istirahət evi və pansionat, 11239 çarpayı fondu mövcud idi. Həmin sağlamlıq ocaqlarında 324 həkim və 630 orta tibb işçisi çalışırdı. Kurortlar sistemi güclü maddi-texniki bazaya malik idi. 1970-ci ildən başlayaraq respublikada sağlamlıq ocaqlarının şəbəkəsi sürətlə genişlənməyə başladı. Naftalan, İstisu kurortları, Xəzərin qərb sahilinin kurort zonasına çevrilməsi, Ümumittifaq kurortlar siyahısına daxil edilməsi və Şuşada kurort kompleksinin tikintisi buna əyani sübutdur.

       - Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu sahədə özünün mənfi təsirini nə dərəcədə göstərib? Hazırda nə qədər məcburi köçkün sanatoriyalarda məskunlaşıb?

       - 1989-cu ildən etibarən respublikanın düşdüyü müharibə vəziyyəti ağır iqtisadi problemlər, azad bazar iqtisadiyyatının sərt münasibətləri sanatoriya, pansionat və kurortlarımızdan da yan keçməmişdir. «Şuşa», «İstisu» sanatoriyaları erməni təcavüzkarları tərəfindən işğal olunmuş ərazilərdə qalmışdır. Azərbaycan Həmkarlar İttifaqlarının «Kurort» Səhmdar Cəmiyyətinə 2,2 milyard manatdan artıq ziyan dəyməklə çarpayı fondu 7939 vahid azalmışdır. Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın düşmüş soydaşlarımıza kömək məqsədilə sanatoriyalarımızın əksəriyyəti onların ixtiyarına verilmişdir. Hazırda sanatoriyaların 70%-də 8500-ə yaxın qaçqın və məcburi köçkün yaşayır. Didərgin soydaşlarımıza göstərilən kommunal, səhiyyə və digər xidmətlərin xərci əsasən həmkarlar ittifaqları fondlarının hesabına ödənilir. Bununla belə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının «Kurort» Səhmdar Cəmiyyəti əməkçilərin sağlamlığının qorunması və mühafizəsi üçün bütün daxili imkanlarını səfərbər etmiş və cəmiyyətin xidmətində olan müxtəlif profilli sanatoriyaların hamısında müalicəyə gələnlərin rahatlığını təmin etmək məqsədilə hər cür şərait yaratmışdır. Hal-hazırda həmkarlar ittifaqlarının 1 kurort birliyi, 5 sanatoriya, 1 müalicə pansionatı və istirahət evi fəaliyyət göstərir. Bu müəssisələrin 12600 çarpayı fondundan yalnız 2250-si sanatoriya-kurort müalicəsi və istirahət üçün istifadə edilir. Bunun bir səbəbi orada qaçqınların məskunlaşması, çarpayı fondunun bir hissəsinin işğal olunmuş ərazilərdə qalmasıdırsa, bir hissəsi də texniki cəhətdən istismara yararsız olduğuna görə konservasiya edilməsidir. Məcburi Dövlət Sosial Sığorta vəsaitləri hesabına sanatoriya və kurortlardan 2008-ci ildə 16500 nəfərə yaxın, 2009-cu ildə isə 18500 nəfərə yaxın işçi yararlanmışdır.

       - Hazırda sanatoriya və kurortlara müalicə, yaxud istirahətə göndərişlər hansı prinsiplərlə aparılır? Bu məsələdə hər hansı yeniliklər varmı?

       - Həmkarlar ittifaqı təşkilatları daxili imkanlar hesabına həmkarlar ittifaqı üzvlərinin müalicə və istirahətlərini təşkil etmişlər. Ümumilikdə, həmkarlar ittifaqlarının xətti ilə 30000 nəfərdən artıq əməkçinin sanatoriya-kurort müalicəsi və istirahəti təşkil olunmuşdur. Yollayışların 10 %-i əməkçilərimizə tam güzəştlə pulsuz, qalan 90%-i isə yollayışların dəyərinin yalnız 15%-i ödənilməklə verilmişdir. İşçilər iş yerlərində, tələbələr isə təhsil aldığı müəssisələrdə həmkarlar ittifaqı komitələrinə ərizə ilə müraciət edərək müalicə və istirahət üçün yollayışlar alırlar. Müəssisənin həmkarlar ittifaqı komitələri, onların xüsusi komissiyaları yollayışlara daha çox ehtiyacı olanları müəyyən edir, onların uçotunu apardıqdan sonra Rəyasət Heyətinin yığıncağının qərarına əsasən, işçilərin təqdim etdikləri tibbi arayışa uyğun olaraq, müvafiq yollayışlarla təmin edir. Yollayışların dəyərinin 85%-i həmkarlar ittifaqı təşkilatı tərəfindən, 15%-i isə yollayış alan şəxs tərəfindən ödənilir. İlk növbədə şəhid ailələri, müharibə iştirakçıları, qaçqın və məcburi köçkün ailələri norma daxilində pulsuz yollayışlarla təmin olunurlar.

       - Bəs həmkarlar ittifaqlarının bütün müalicə ocaqları tələbatı ödəyə bilirmi?

       - Respublikamızda əhalinin həyat səviyyəsinin yüksəlməsi və gəlirlərinin artması ilə əlaqədar olaraq ilbəil şəfa ocaqlarında müalicə almaq arzusunda olanların sayı artır. Bununla yanaşı müraciət edənlər arasında hətta Rusiya, Ukrayna, Gürcüstan, Baltikyanı respublikalarının və digər xarici ölkələrin vətəndaşları da vardır. Demək olar ki, həmkarlar ittifaqlarının bütün müalicə ocaqlarına tələbat böyükdür. Bu da ildən-ilə sanatoriya və istirahət ocaqlarında müalicənin və asudə vaxtın keyfiyyətinin artması ilə əlaqədardır. Yeməyin keyfiyyətindən tutmuş, müalicənin səmərəliliyinə, tibbi personalın davranışına, asudə vaxtın səmərəli təşkilinə qədər hər şey sanatoriya və istirahət evlərinə kütləvi axına yaxşı mənada təsir göstərir. İşçilərin və onların ailə üzvlərinin sağlamlığının qorunması problemi üzrə məsələləri həll etmək üçün AHİK vətəndaşlara pulsuz tibbi yardım göstərilməsinə, ölkənin sosial-iqtisadi inkişaf proqramlarına müvafiq olaraq səhiyyədə prioritet maliyyələşdirmənin təmin edilməsinə, səhiyyə sahəsində əhaliyə xidmət üzrə minimum dövlət sosial standartlarının həyata keçirilməsinə və ilkin tibbi-sanitar yardımın inkişafına çalışır. Bütün bunlara nail olmaq üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları kollektiv müqavilə və sazişlər vasitəsilə tibb və istirahət müəssisələrindəki vəziyyətə təsir edir, işçilərin və onların ailə üzvlərinin sağlamlığının qorunması, istirahətinin təşkili məsələlərini həll edir. Eyni zamanda AHİK-in üzv təşkilatları öz vəsaitləri hesabına tikdirdikləri istirahət ocaqlarında da ittifaq üzvlərinin istirahətini təşkil edirlər. Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının Nabran istirahət zonasında tikib istifadəyə verdiyi istirahət ocağında ildə 300 nəfər, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının «Lokomotiv» istirahət mərkəzində isə 420 nəfər dincəlir. Bundan əlavə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı 3 ha sahədə istirahət zonasının tikintisinin bir hissəsi yekunlaşdırılmış və dövlət qulluqçularının istifadəsinə verilmişdir. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 260 yerlik istirahət ocağının 2012-ci ildə təhvil verilməsi nəzərdə tutulmuşdur. Artıq həmkarlar ittifaqı üzvlərinə sanatoriya-kurort, istirahət evlərinə verilən yollayışların sayı artır. Bəzi sahə həmkarlar ittifaqlarında isə tarif sazişləri və kollektiv müqavilələr vasitəsilə yollayışların dəyərinin qismən dəyərinin ödənilməsini təsərrüfat orqanları öz üzərinə götürmüş, həmkarlar ittifaqı üzvlərini pulsuz yollayışla təmin etmişlər (Rabitə İşçiləri Müstəqil HİRK, Metropoliten İşçiləri HİB-ya, Neft və Qaz Sənayesi İşçiləri HİRKvə s.). Bunlardan əlavə Azərbaycan həmkarlar ittifaqlarının xidmətində olan «Şəfa» müalicə pansionatında, Nabrandakı «Şahdağ» və «Xəzər» turist bazalarında dincələnlərin istirahətinin təşkili, mənəvi tələblərinin ödənilməsi üçün böyük imkanlar vardır.

       - Səttar müəllim, həmkarlar ittifaqlarının müəssisələrində yenidənqurma işləri aparılırmı? Eləcə də, yeni müalicə, istirahət ocaqlarının tikintisi aparılırmı?

       - Bəli, bu istiqamətdə işlər aparılır. Belə ki, 2008-2009-cu illərdə «Xəzər» turist bazasında, «Şəfa» müalicə pansionatında, «Şahdağ» istirahət evində əsaslı təmir, yenidənqurma işləri aparılmışdır. «Xəzər» turist bazasında istismarda olmayan 5 ədəd 10 nəfərlik daş koteclərdə, «Şahdağ» istirahət evində və «Şəfa» müalicə pansionatında da təmir və yenidənqurma işləri aparılmış, müalicə otaqları yenidən qurulmuş, tibbi avadanlıqlarla təchiz olunmuşdur. Yataq otaqları yeni mebellərlə, televizor, kondensioner, məişət soyuducusu ilə təchiz olunmuşdur. AHİK-in «Kurort» Səhmdar Cəmiyyəti müalicəyə və istirahətə gələnlərin normal müalicə və istirahətini təşkil etmək məqsədilə hər il daxili imkanları hesabına yenidənqurma və əsaslı təmir işləri aparır. Müalicə korpusları təmir olunur, abadlaşdırma, yaşıllaşdırma işləri görülür, vanna şöbələri, yataq korpusları tələbata uyğun olaraq yenidən qurulur. Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramının təsdiq olunması barədə Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2009-cu il tarixli sərəncamından sonra sanatoriyalar və istirahət evlərində yenidənqurma işləri daha da sürətləndirilmişdir. «Bilgəh», «Abşeron», «Günəşli» və «Qaranquş» sanatoriyalarında əsaslı təmir və yenidənqurma işləri aparılmış müasir tələblərə cavab verən lyuks tipli yataq kottecləri və otaqları istifadəyə verilmişdir. Sanatoriyaların əraziləri abadlaşdırılmış, istirahət yerləri, su hovuzları, fəvvarələr quraşdırılmış, yeni asfalt örtüyü çəkilmişdir. Yeməkxanalarda əsaslı təmir işləri aparılmış, müasir tələblərə cavab verən məişət və texnoloji avadanlıqlarla təmin olunmuşdur. «Qaranquş» sanatoriyasında ikimərtəbəli korpusa bir mərtəbə əlavə edilmiş, uzun illər istifadəsiz qalan bir mərtəbəli binanın bərpasına başlanmışdır. Naftalan Sanatoriya-Kurort Birliyinin ərazisində isə 32 çarpayıdan ibarət yeni yataq korpusu tikilib istifadəyə verilmişdir. İşçilərin övladlarının istirahətinin təşkili də diqqətdə saxlanılır. Onların təhsili, sağlamlığı önəmli olduğu qədər istirahətləri də vacib şərtlərdən biridir. AHİK-in nəzdində uşaqlar üçün 4 uşaq sağlamlıq düşərgələri fəaliyyət göstərir. Nabranda və Şüvəlanda Təhsil İşçiləri Azad HİRK, «Xidmət-İş» Hİ Federasiyası və Milli Elmlər Akademiyası Azad Hİ təşkilatları tərəfindən təşkil olunmuş düşərgələrdə 2400 uşaq istirahət etmişdir. Düşərgələrin maliyyələşməsi xərclərinin 50 faizi Dövlət Sosial Müdafiə Fondunun, qalan hissəsi isə müəssisələrin və onların həmkarlar ittifaqı komitələrinin vəsaiti hesabına aparılır.

       - Bəs həmkarlar ittifaqlarının fəaliyyəti ölkə rəhbərliyi tərəfindən necə qiymətləndirilir?

       - 1 milyon 600 min nəfəri özündə birləşdirən böyük gücə və nüfuza malik olan Azərbaycan Həmkarlar İttifaqları bütün qüvvələrini işçilərin sosial müdafiəsi, o cümlədən işçilərin sağlamlığının qorunması və istirahətinin təşkili məsələlərinin ədalətli həllinə yönəldir, qarşısında duran vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə səy göstərir. Bu səylərimizə verilən yüksək qiyməti xüsusi qeyd etmək lazımdır. Azərbaycan Həmkarlar İttifaqlarının işçilərin sağlamlıqlarının qorunması, onların istirahət və müalicələrinin təmin edilməsi sahəsində apardıqları iş respublika rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilmişdir. Azərbaycan Turizm və Ekskursiyalar üzrə Respublika Şurasının 70, kurort sahəsinin 60 illiyi münasibətilə 30 nəfər həmkarlar ittifaqı fəallarının respublikanın orden, medal və fəxri adları ilə təltif edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlar Onun respublika həmkarlar ittifaqlarının bu sahədəki fəaliyyətinə verdiyi ən yaxşı qiymətdir. Müasir Azərbaycan cəmiyyətində həmkarlar ittifaqlarının nüfuzunun getdikcə artması, əhalinin sosial-iqtisadi problemlərinin həlli sahəsində hökumətlə sıx əməkdaşlıq etməsi Ulu Öndər Heydər Əliyevin ideyalarının möhtərəm İlham Əliyev tərəfindən həyata keçirilməsi Azərbaycan həmkarlar ittifaqlarına göstərilən böyük inam və etimadın bariz nümunəsidir. Azərbaycanda həyata keçirilən çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkəmizdə azad və demokratik cəmiyyətin qurulmasıdır. Ölkədə hər bir vətəndaşın mənafeyinə hesablanmış sosialyönümlü islahatlar da hər bir vətəndaşın layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir.

 

Bakı şəhəri, 5 iyul 2010-cu il