Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı

Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin XII qurultayı keçirilib

01.07.2018

İyulun 1-dən 6-dək Makedonyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin XII qurultayı keçirilib. 

Türkiyə, Şimali Kipr, Qazaxıstan, Qırğızıstan, Kosova, Makedoniya və Azərbaycandan olan 7 üzv təşkilatlarının nümayəndə heyətinin iştirak etdiyi ali məclisdə əvvəlcə təşkilati məsələyə baxılıb.

Türk Egitim Senin başqanı Talip Ceylan Birliyin sədri vəzifəsinə seçilib.
T.Ceylan çıxış edərək sədri seçildiyi təşkilatın gələcək fəaliyyətinin perspektivlərindən danışıb. Birliyə daxil olan təşkilatlar arasındakı əlaqələrin daha da genişləndirilməsini, digər türkdilli xalqların təhsil işçilərini birləşdirən həmkarlar ittifaqı təşkilatlarının da bu Birliyə cəlb edilməsinin vacibliyini vurğulayıb.

Qurultayda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Hümbət Nağıyev də çıxış edib. Sədr müavini qurultay iştirakçılarını Respublika Komitəsinin sədri, millət vəkili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyevin adından salamlayıb. O, Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyini türk qardaşlığının nümunəsi adlandırıb. Birliyin yaradılması ideyasının müəllifi olan və onun formalaşması, inkişafı üçün böyük işlər görən Türkiyə Böyük Millət Məclisinin millət vəkili, Türkiyə Kamu-Senin və Türk Egitim Senin sabiq başqanı İsmayıl Koncuka təşəkkürlərini bildirib. Həmçinin H.Nağıyev Türk Egitim Senin yeni başqanı Talip Ceylana və onun rəhbərliyi altında fəaliyyət göstərən Türk Egitim Sen ailəsinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
H.Nağıyev türk xalqlarının bir-birini daha yaxından tanımasında, üzləşdikləri problemləri birlikdə aradan qaldırmasında bu Birliyin, digər beynəlxalq təşkilatların əhəmiyyətini yüksək qiymətləndirib.

O, Azərbaycan təhsilinin inkişafında, təhsil işçilərinin əmək, sosial hüquqlarının müdafiəsində Respublika Komitəsinin və struktur təşkilatlarının gördüyü işlərdən də söz açdı. Dağlıq Qarabağ münaqişəsinə toxundu.
Qurultay sonda qətnamə qəbul etdi. Qətnamədə təşkilatın gələcək fəaliyyət istiqamətləri ilə yanaşı, Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq siyasəti pisləndi, Xocalı soyqırımının günahkarlarının cəzalandırılması tələbi irəli sürüldü. Qurultayın nümayəndə heyətlərinin rəhbərlərini Makedoniyanın baş naziri Zoran Zaev və dövlət naziri Adnan Kahil qəbul ediblər.




Çap et  Çap et