AHİK sədri Səttar Möhbalıyev türkiyəli həmkarları ilə görüşüb
Oktyabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə səfərdə olan Türkiyənin Qara Metallurgiya, Polad və Metalişləmə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Birliyinin (Özçelik-İş Sendikası) prezidenti Yunus Değirmenci ilə görüşüb.

Hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən, həmçinin iki qurum arasındakı əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.

AHİK sədri bildirib ki, Türkiyə və Azərbaycanın münasibətləri qardaşlıq prinsiplərinə əsaslanaraq bütün sahələrdə möhkəm təməllər üzərində qurulub, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları xalqlarımızın milli-mənəvi dəyərlər müstəvisində birliyinin təminatçısıdır.

Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri məqsədyönlü siyasət sayəsində ölkələrimiz arasındakı münasibətlər daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstəyi dəyərləndirən S.Möhbalıyev deyib ki, bu, sözün hər bir mənasında, təmənnasız qardaşlığın nümunəsi idi. Şuşa Bəyannaməsindən danışan Konfederasiya rəhbəri qeyd edib ki, Bəyannamə ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi, ideoloji, humanitar və s. münasibətlərin bundan sonra da bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək.

Daha sonra Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan AHİK sədri bildirib ki, vətəndaşlarımızın ən böyük ictimai təşkilatı olan həmkarlar ittifaqları ölkəmizdə yeni cəmiyyət quruculuğunda yaxından iştirak edir, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynayır, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir.

S.Möhbalıyev əlavə edib ki, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.

Səmimi qəbula görə təşəkkür edən Özçelik-İş Sendikasının prezidenti Yunus Değirmenci Vətən müharibəsində Azərbaycanın qazandığı qələbəni tarixi hadisə adlandırıb və bu münasibətlə azərbaycanlı həmkarlarını təbrik edib. Qeyd edib ki, Azərbaycan və Türkiyənin həmkarlar ittifaqları arasında münasibətlər günü-gündən inkişaf edir, qarşılıqlı səfərlər təşkil edilir, təcrübə mübadilələri aparılır. Vurğulanıb ki, bu əlaqələrin daha da inkişafı üçün gələcəkdə də səylə çalışılacaq.

Görüşdə həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.

Contact us

© 2024 Atiahi.org. All rights reserved
site by webline logo