Albaniya Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının   VIII Qurultayı keçirilib


Sentyabrın 29-dan oktyabrın 2-dək Albaniya Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının VIII Qurultayı keçirilib.

Qurultayda Almaniya, Niderland, Çexiya, Slovakiya, Bosniya-Hersoqovina, Türkiyə, Sloveniya, İtaliya, Yunanıstan, Macarıstan, Rumuniya, Avstyadan olan həmkarlar ittifaqları nümayəndələri, Albaniya təhsil, idman və gənclər nazirinin müavini Kostandin Şkurti, Albaniya Müstəqil Həmkarlar İttifaqı Birliyinin sədri Gezim Kalaya və Beynəlxalq Təhsil Birliyinə üzv olan milli təşkilatların liderləri iştirak ediblər.

Tədbirdə ölkəmizi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) Əmək haqqı və sosial müdafiə şöbəsinin müdiri, katib Zəfər Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov, ATİAHİ Laçın rayon komitəsinin sədri Pərviz Xaspoladlı, Şabran rayon komitəsinin sədri Seymur Qədəşov təmsil ediblər.

Qurultayda Albaniya Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Nevruz Kaptellinin məruzəsi dinlənilmiş və qənaətbəxş hesab olunub. N.Kaptellinin namizədliyi yenidən sədr vəzifəsinə irəli sürülüb və o, səs çoxluğu ilə növbəti müddətə İttifaqın sədr seçilib.

Qurultayda çıxış edən Z.Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyevin adından Qurultay iştirakçılarını salamlayıb, yeni sədrə və İdarə heyəti üzvlərinə uğurlar arzulayıb.

Bildirib ki, bu gün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə Albaniya Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı arasında yüksək səviyyəli əməkdaşlıq  münasibətləri var: “Təbii ki, təşkilatlarımız arasında əlaqələrin bu səviyyədə qurulmasının əsasında ilk növbədə dövlətlərimiz və xalqlarımız arasındakı dostluq-qardaşlıq münasibətləri dayanır. Belə ki, 4 yanvar 1992-ci ildə Albaniya Azərbaycanın müstəqilliyini tanıyıb. 23 sentyabr 1993-cü ildən iki ölkə arasında diplomatik münasibətlər qurulub. 2010-cu ildən Azərbaycan Parlamentində Azərbaycan-Albaniya parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Qeyd edim ki, Albaniya ilə Azərbaycan arasında humanitar, iqtisadi sahədə də geniş əlaqələr mövcuddur”.

Z.Məmmədov əlavə edib ki, TAP qaz boru kəməri layihəsində hər iki ölkənin iştirakı ölkələrimiz arasında həm enerji, həm də iqtisadi sahədə münasibətlərin daha da inkişaf etməsini təmin edir: “Qeyd edək ki, 2013-cü ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə Albaniya Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə elm və təhsil işçilərinin sosial, iqtisadi, əmək hüquqlarının qorunması, əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi, təminatı və müdafiəsi, təhsil sahəsində  dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması, həmkarlar ittifaqlarının fəaliyyət metodikasının təkmilləşdirilməsi və təcrübə mübadiləsinin aparılması, tərəflərin mövqelərinin milli və beynəlxalq səviyyələrdə əlaqələndirilməsi, elm və təhsil  sahələrində dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması, fəaliyyətlərin əlaqələndirilməsi və s. məsələlər öz əksini tapıb. Ümid edirik ki, təşkilatlarımız arasındakı ikitərəfli münasibətlər bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəkdir”.

Z.Məmmədov vurğulayıb ki, qurultayda qəbul olunan qərarlar Albaniyanın təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin daha etibarlı və davamlı müdafiə olunması üçün son dərəcə əhəmiyyətlidir və əmin olduğunu bildirib ki, seçilən yeni sədr və İdarə heyətinin üzvləri işlərinin öhdəsindən ləyaqətlə gələcəklər.

Contact us

© 2024 Atiahi.org. All rights reserved
site by webline logo