ATİAHİ nümayəndə heyəti Tacikistanda keçirilən Beynəlxalq Konfransda iştirak edib
21-22 noyabr tarixlərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndə heyəti Tacikistanın Düşənbə şəhərində 6 ölkənin iştirakı ilə keçirilən beynəlxalq konfransda iştirak edib. Konfrans Tacikistan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə "Beynəlxalq əmək standartlarının təşviqində həmkarlar ittifaqlarının rolu və təcrübəsi" mövzusunda keçirilib.

Tədbir təhsil işçilərinin əmək hüquqlarının qorunması, iş şəraitinin yaxşılaşdırılması və beynəlxalq əmək standartlarının tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparmaq məqsədilə təşkil olunub. Konfransda Tacikistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Türkiyənin təhsil işçiləri həmkarlar ittifaqlarının liderləri və fəalları iştirak ediblər. İştirakçılar arasında Tacikistanın Elm və Təhsil Nazirinin müavini Camşed Jurazoda, Tacikistan Həmkarlar İttifaqları Federasiyasının sədri Malikşo Nemətzoda, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçilərin Fəaliyyəti Ofisinin baş mütəxəssisi Qoça Aleksandria və BƏT-in Milli Koordinatoru Sabir Əminov da yer alıb.

Azərbaycanı bu tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Respublika Komitəsi sədrinin katibi-müşaviri Renata Mənsurova və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Qönçə Hacıyeva təmsil ediblər.

Konfransda həmkarlar ittifaqlarının beynəlxalq əmək standartlarının tətbiqində və təhsil işçilərinin hüquqlarının qorunmasındakı mühüm rolu müzakirə edilib. Qönçə Hacıyeva ATİAHİ RK-nın fəaliyyət istiqamətləri barədə iştirakçılara geniş məlumat verib. O, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bir hissəsi olaraq, ölkəmiz tərəfindən ratifikasiya edilən Beynəlxalq Əmək Təşkilatının 59 konvensiyası və 1 protokolunun tətbiqi ilə bağlı təcrübələrini bölüşüb.

İki gün davam edən konfransda həmkarlar ittifaqlarının beynəlxalq əmək hüquqlarının təşviqi və sosial ədalətin təmin edilməsi istiqamətindəki fəaliyyətləri yüksək qiymətləndirilib. Tədbir iştirakçıları bu mövzularda daha geniş əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayıblar.

Contact us

© 2024 Atiahi.org. All rights reserved
site by webline logo