ATİAHİ Respublika Komitəsi ölkə ərazisindəki qaçqın və köçkün məktəblərinin şagirdlərinə bayram sovqatları göndərib
Novruz bayramı ərəfəsində, ənənəsinə sadiq qalaraq, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi xeyirxahlıq aksiyaları həyata keçirməkdədir. Belə aksiyalardan biri də ölkə ərazisindəki qaçqın və köçkün məktəblərinin şagirdlərinə bayram sovqatlarının paylanmasıdır. Respublika Komitəsi bu məqsədlə 10 min sovqat dəsti hazırlayıb Bakıdakı və bölgələrdəki məktəblərə göndərmişdir. Bölgələrdə hədiyyələrin paylanması rayon həmkarlar ittifaqı komitələrinə həvalə olunmuşdur. Alınan məlumatlara görə, artıq əksər məktəblərdə sovqatlar şagirdlərə çatdırılmışdır.

Sovqatların bir qismi isə paytaxtdakı qaçqın məktəblərində paylanır. Martın 15-də Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və şöbə müdiri Rüstəm Nəzirov Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən Füzuli rayon 50 saylı ümumtəhsil tam orta məktəbində olmuşlar. Sovqatlar müəllimlərin və sahə Hİ Qaradağ Rayon Komitəsinin sədri Əli Sadıqovun iştirakı ilə təntənəli şəkildə şagirdlərə təqdim olunmuşdur. Tədbirdə çıxış edən Mirzə Cəfərzadə müəllim kollektivini, şagirdləri qarşıdan gələn bayram münasibətilə AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin adından təbrik etmiş, onun xoş arzularını çatdırmışdır. Üzünü şagirdlərə tutaraq demişdir ki, siz xoşbəxt uşaqlarsınız. Siz valideynlərinizdən fərqli olaraq işğala məruz qalmış torpaqların xiffəti ilə deyil, azad edilmiş cənnət Qarabağın sevinci ilə yaşayan nəslin nümayəndələrisiniz. Siz 44 günlük Vətən müharibəsinin qürurunu yaşadınız. Atalarınızın, böyük qardaşlarınızın şücaətinin canlı şahidi oldunuz. Siz bu müharibədən çox şey öyrəndiniz. Bildiniz ki, qəhrəman xalqın övladlarısınız. Bildiniz ki, qəhrəmanlığın mayasında xalqın birliyi, həmrəyliyi durur. Xalq ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Bu birlik dəmir yumruğa çevrildi. Həmin dəmir yumruğun qarşısında Ermənistanın ordusu, hakimiyyəti, havadarları tab gətirə bilmədilər, məğlubiyyətə uğradılar. Bu qələbə sizə, valideynlərinizə soykökünüzün, əcdadlarınızın minillər boyu yaşadığı doğma torpaqlara qayıdışına yol açdı. İnşallah, yaxın vaxtlarda siz təhsilinizi Qarabağda davam etdirəcəksiniz. Biz orada da bayram hədiyyələrimizlə sizin qonağınız olacağıq.

Məktəbin direktoru Günel Kazımova bu diqqət və xeyirxah aksiyaya görə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə, onun sədri, millət vəkili Səttar Möhbalıyevə təşəkkürünü bildirdi. Dedi ki, hədiyyələr üçün sağ olun - amma, özünüz də gördünüz, hədiyyələrdən daha çox şagirdlərimizi təşkilatınızın sayğısı sevindirdi. Açığı, etiraf edim ki, respublikamızda xoş gündə, ağır məqamlarda xalqın yanında olan, xalqa, xüsusilə həssas təbəqələrə dəstək göstərən ictimai təşkilatlar arasında həmkarlar ittifaqı xüsusi yer tutur. Pandemiya dövründə, Vətən müharibəsi günlərində hansı köməkləri göstərdiyinizi xalq yaxşı bilir və qiymətləndirir. Elə bu məktəblilər də bunu öz timsallarında bildilər. Bu xeyirxahlıq, yəqin ki, onların yaddaşına əbədi həkk olundu. Böyüyəndə, əmək fəaliyyətinə başlayanda, çox güman ki, həmkarlar ittifaqının üzvü, təbliğatçıları və təəssübkeşləri olacaqlar.

Gətirilmiş Novruz sovqatları tədbirin sonunda şagirdlərə verildi.

Respublika Komitəsi də görüşdən hədiyyəsiz qayıtmadı: şagirdlər onları bir ürəkdolusu təbəssümlə, sevinclə yola saldılar.

Contact us

© 2024 Atiahi.org. All rights reserved
site by webline logo