ATİAHİ Respublika Komitəsinin katibi Tehranağa Abdullayev Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransında iştirak edib
Sentyabrın 6-da Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Tədbirdə elm və təhsil nazirinin müşaviri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin katibi Tehranağa Abdullayev, təhsil işçiləri və digər dəvət olunmuş qonaqlar iştirak ediblər.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Daha sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə, STEAM və Peşə təmayüllü siniflərin təqdimatına, eləcə də şagirdlərin idman nailiyyətlərinə baxış keçirilib.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin əvvəlində, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin 2023-2024-cü tədris ilindəki fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb.
Konfransda çıxış edən elm və təhsil nazirinin müşaviri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarə olunmasında əlçatanlıq və şəffaflığın təmin edilməsi üçün qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev 2023-2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb. Coşqun Əliyev növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələri qeyd edib.

Contact us

© 2024 Atiahi.org. All rights reserved
site by webline logo