Azərbaycan həmkarlar ittifaqlarının əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində dekabrın 3-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), həmçinin qurumun üzv və tabe təşkilatlarının əməkdaşları ağacəkmə kampaniyasında iştirak ediblər.

Ağacəkmə aksiyası yaşıllaşdırma üçün nəzərdə tutulan 280 hektarlıq ərazinin Qaradağ rayon, Müşfiqabad qəsəbəsində yerləşən sahəsində həyata keçirilib.

Həmkarlar ittifaqlarının 150-dən çox əməkdaşı tərəfindən ərazinin torpaq-iqlim şəraitinə uyğun 1 000 ədəd Eldar şamı və zeytun ağacları əkilib.

Aksiyada AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak ediblər.

Jurnalistlərə açıqlamasında AHİK sədri Səttar Möhbalıyev bildirib ki, bu kampaniya ölkəmizdə yaşıllıq sahələrinin ərazisini genişləndirəcək, flora biomüxtəlifliyini artıracq, ətraf mühitin mühafizəsinə, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə böyük töhfə verəcək: “Həmçinin ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində mühüm rol oynayacaq, təbiətimizin yaşıl gələcəyini təmin edəcək. İnanırıq ki, sağlam ekoloji mühitin yaradılmasında, ətraf aləmin qorunmasında əkdiyimiz ağacların mühüm faydası olacaq”.

S.Möhbalıyev qeyd edib ki, ənənəni davam etdirərək həmkarlar ittifaqları bundan sonra da ağacəkmə kampaniyasında yaxından iştirak edəcək. Həmçinin AHİK sədri Türkiyədə də keçirilən ağacəkmə kampaniyasına qoşulacaqlarını vurğulayıb.

Qeyd edək ki, “Yaşıl Marafon” layihəsi çərçivəsində ölkədə 1 milyona yaxın ağac əkilməsi hədəflənir.

Contact us

© 2024 Atiahi.org. All rights reserved
site by webline logo