Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində Azərbaycanda səfərdə olan Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının nümayəndə heyəti ilə görüş keçirilib
Dekabrın 7-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində Azərbaycanda səfərdə olan Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası sədri Satıbaldı Dauletalin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqlara təşkilatın fəaliyyəti ilə bağlı məlumat verən ATİAHİ Respublika Komitəsi sədrinin birinci müavini Hümbət Nağıyev bildirib ki, 400 min nəfərə yaxın ittifaq üzvünü özündə birləşdirən ATİAHİ Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına daxil olan ən böyük sahə həmkarlar ittifaqı təşkilatıdır: “Təşkilatın əsas fəaliyyəti həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsindən ibarətdir. Buna uyğun olaraq hər il ATİAHİ Respublika Komitəsi və onun xidmətinə daxil olan üzv təşkilatlar müxtəlif tədbirlər keçirir, həmkarlar ittifaqı üzvlərinin hüquqlarının müdafiəsi, asudə vaxtının səmərəli təşkili, müalicə və istirahətlərinin təmin edilməsi ilə bağlı işlər görür”. 

Təşkilatın beynəlxalq əlaqələrin qurulması istiqamətində gördüyü işlərdən danışan H.Nağıyev bildirib ki, ATİAHİ Respublika Komitəsi beynəlxalq əməkdaşlıq çərçivəsində bəzi ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə təcrübə və informasiya mübadiləsi məqsədi ilə iki tərəfli əlaqələr qurur, eyni zamanda bir sıra beynəlxalq həmkarlar ittifaqlarının tam hüquqlu üzvüdür: “ATİAHİ Respublika Komitəsi 1992-ci ildə Beynəlxalq Elm və Təhsil işçiləri Həmkarlar İttifaqları Birliyinə, 2000-ci ildə Beynəlxalq Təhsil Birliyinə, 2006-cı ildə Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinə üzv qəbul edilib. Bunlarla yanaşı təşkilatımız Türkiyə, Rusiya, İsrail, Belarus, Ukrayna, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Bolqarıstan, Misir və Latviya Təhsil İşçiləri Həmkarlar İttifaqları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurub. İkitərəfli əməkdaşlıq əlaqəsi qurduğumuz təşkilatlar arasında Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı da var”. 

Səmimi qəbula görə təşəkkürünü bildirən Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası sədri Satıbaldı Dauletalin qeyd edib ki, Azərbaycan həmkarlar ittifaqları ilə Qazaxıstanın həmkarlar ittifaqı təşkilatları arasında yaxın əməkdaşlıq əlaqələri var. Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında imzalanan Memorandumun imzalanmasını xatırladan S.Dauletalin bildirib ki, münasibətlər bundan sonra da davam və inkişaf etdiriləcəkdir. 

Görüşdə həmçinin Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Aygül Mokaşeva da çıxış edərək iki təşkilat arasındakı əməkdaşlıqdan məmnunluq ifadə edib. 

Contact us

© 2024 Atiahi.org. All rights reserved
site by webline logo