Gəncə şəhərində hesabat-seçkilərlə bağlı regional seminar keçirilib

 
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Gəncə şəhərində regional seminar keçirilib.  Seminar 2024-cü ildə keçirilməsi nəzərdə tutulan hesabat-seçki yığıncaqlarına həsr olunub. ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmovun sədrliyi ilə keçirilən seminarda ATİAHİ Gəncə, Naftalan şəhər, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Gədəbəy, Samux, Daşkəsən, Göygöl, Goranboy, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Xocalı, Kəlbəcər rayon komitələrinin sədrləri iştirak edib. 
ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin adından tədbir iştirakçılarını salamlayan E.Rüstəmov bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclisinin müvafiq qərarı ilə 2024-cü ildə AHİK-in xidmətinə daxil olan sahə həmkarlar ittifaqlarının, o cümlədən də ATİAHİ-nin bütün təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur. O. hesabat-seçkilərlə bağlı rayon komitəsi sədrlərinin üzərinə düşən vəzifələrdən danışaraq bildirib ki, rayon komitələri də öz növbəsində yerlərdə seminarlar keçirərək ilk təşkilat sədrlərini məlumatlandırmalı, lazım olan sənəd nümunələri ilə təmin etməlidir. 
Həmçinin hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin hesabatları hazırlanarkən son hesabat-seçkilərdən keçən müddətdə görülmüş işlər barədə ittifaq üzvlərinə ətraflı məlumat verilməli, hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır. Həmçinin ilk təşkilatların, şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyinin və gəncləşmə siyasətinin tələblərinə əməl olunmalı, qadınların və gənclərin bu seçkilərdə fəal iştirakı təmin edilməlidir. 
İclasda Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev, Ağdam rayon komitəsinin sədri Xalidə Həsənova, Kəlbəcər rayon komitəsinin sədri Məhiyəddin Abdurrəhmanov çıxış edərək fikirlərini bildiriblər. 
 

Contact us

© 2024 Atiahi.org. All rights reserved
site by webline logo