“Müasir Azərbaycan tarixinin bütöv bir epoxası XX əsrin görkəmli dövlət xadimi, dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Ulu Öndər Heydər Əliyev öz ideyalarının müdrikliyi ilə tarix qarşısında üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirərək zəngin və qüdrətli Azərbaycan qruculuğu yolunun əsas istiqamətini müəyyənləşdirmişdir. Azərbaycanın ən yeni tarixinə nəzər salsaq, bir daha aydın olar ki, onun hər bir məqamı Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində formalaşmışdır. 1993-cü ildə Ulu Öndərimizin respublikada ikinci dəfə hakimiyyətə gəlməsi ilə müstəqil Azərbaycanın tarixində Heydər Əliyev epoxasının ən dinamik, gərgin, səmərəli dövrü başladı. Heydər Əliyev növbəti dəfə xilaskarlıq missiyasını üzərinə götürərək doğma xalqının köməyinə gəldi. Bu qayıdış dövlətimizi yox olmaq təhlükəsindən qurtardı. Həmin ildən ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Ulu Öndərin fəaliyyətinin ən mühüm, strateji əhəmiyyət daşıyan istiqamətlərindən biri bazar münasibətlərinə keçidin tələblərinə uyğun iqtisadi siyasəti reallaşdırmaq, ölkə iqtisadiyyatını böhrandan qurtarıb, dirçəliş, ardınca isə inkişaf yoluna çıxarmaq idi. Bu, Ümummilli Liderimizin müəllifi olduğu yeni Azərbaycanın inkişaf modeli idi. Ümummilli Liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Ümumilikdə, 1993-2003-cü illərdə ölkədə bütün sahələrdə həyata keçirilən köklü islahatlar müstəqillik amilinin əyani şəkildə bərqərar olmasını təmin edib. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində milli maraqlarımıza cavab verən mükəmməl qanunvericilik bazası yaradılıb, hüquqi dövlət quruculuğunun əsasları qoyulub.”
Bu sözləri aia.az-a 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə verdiyi müsahibəsində Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri hüquq elmləri doktoru, professor Habil Qurbanov deyib.
Fikirlərini davam etdirən Komitə sədri daha sonra bildirib ki, cənab Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyev siyasi kursunu yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən əsas amil kimi çıxış edir: “Artıq neçə illərdir ki, Azərbaycanda əhalinin sosial rifahı getdikcə yüksəlir, dövlət büdcəsinin gəlirləri artır. Bu gün Azərbaycan Avrasiya məkanında həyata keçirilən irimiqyaslı transmilli enerji və logistik layihələrin mühüm iştirakçısına, bir çox hallarda isə təşəbbüskarına çevrilmişdir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu getdikcə artmaqdadır. Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünya birliyinin vacib partnyoruna çevrilib. Əlbəttə ki, son illər ərzində əldə olunmuş böyük uğurların təməlində əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ictimai - siyasi sabitlik və vətəndaş həmrəyliyi kursu dayanıb. Birmənalı olaraq qeyd etmək lazımdır ki, hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilən xarici və daxili siyasi kurs, sosial və iqtisadi inkişaf strategiyası Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə uyğun olan, onun inamlı sabahına, işıqlı gələcəyinə gedən yeganə yoldur” – deyə, Habil Qurbanov fikirlərini tamamlayıb.