Rayon və şəhər komitəsi sədrləri üçün onlayn seminar keçirilib
Avqustun 25-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə onlayn seminar keçirilib. Seminarda ATİAHİ Respublika Komitəsinin xidmətinə daxil olan şəhər, rayon komitəsi sədrləri iştirak edib. Tədbiri giriş sözü ilə Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə açaraq qeyd edib ki, seminar 2022-ci ildə keçiriləcək hesabat seçki konfransı, yeni dərs ilinin başlanması ilə bağlı nəzərdə tutulan tədbirlər, ATİAHİ Respublika Komitəsi ilə Təhsil Nazirliyi arasında bağlanmış “2021-2023-cü illər üçün Kollektiv Saziş”də öz əksini tapan müddəaların müzakirə və digər məsələlərə həsr olunub. O qeyd edib ki, İttifaqın nizamnaməsinə uyğun olaraq 2022-ci ildə ATİAHİ-nin üzv təşkilatlarında hesabat-seçkilərin keçirilməsi nəzərdə tutulmuşdur. Bütün şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələri seçkilərə hazırlıq işləri görməli, seçkilərin nizamnamənin tələblərinə uyğun keçirilməsi təmin etməlidir. M.Cəfərzadə həmçinin qeyd edib ki, rayon komitəsi sədrləri ittifaq üzvlərindən daxil olan müraciətlərə həssas yanaşmalı, qəbula gələn şəxsləri narahat edən məsələləri ciddi şəkildə araşdırmalıdır.
4.jpg 119.95 KB

Sonra tədbirdə Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edərək qeyd edib ki, müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə əlaqədar olaraq yeni işə qəbul edilən təhsil işçilərinin ittifaqa qəbul edilməsi ilə əlaqədar olaraq rayon komitələri iş aparmalıdır. O vurğulayıb ki, rayon komitəsi sədrləri və ilk təşkilat sədrləri yeni işə qəbul edilmiş təhsil işçilərinə həmkarlar ittifaqına üzv olmağı üstünlükləri barədə məlumat verməli, yeni üzvlərin qəbul edilməsi, üzvlük ərizələrinin alınması, üzvlərin anketlərinin tərtib edilməsi Respublika Komitəsinin tövsiyələrinə uyğun aparılmalıdır.
Tədbirdə çıxış edən Respublika Komitəsinin katibi, Əmək haqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov ATİAHİ Respublika Komitəsi ilə Təhsil Nazirliyi arasında bağlanmış “2021-2023-cü illər üçün Kollektiv Saziş”də öz əksini tapan müddəalardan bəhs edərək bildirib ki, yeni Kollektiv Saziş əsasında şəhər, rayon komitələri ilə rayon və şəhər təhsil idarələri və şöbələrinin direktorları arasında, eləcə də ilk təşkilat sədrləri ilə müəssisə rəhbərləri arasında Kollektiv Müqavilə 2021-ci ilin 20 sentyabrına qədər imzalanmalıdır. Z.Məmmədov qeyd edib ki, kollektiv müqavilələr bağlanarkən Kollektiv Sazişdə öz əksini tapan müddəalara istinad olunmalıdır.
44.jpg 156.05 KB

Sonra tədbirdə Respublika Komitəsinin katibi, maliyyə şöbəsinin müdiri Mübariz Eyvazov çıxış edərək xatırladıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq 01 sentyabr 2021-ci il tarixdən müalicə-sağlamlıq və istirahət mərkəzlərinə göndəriş alan şəxslərdən COVİD pasportu tələb olunacaqdır. O qeyd edib ki, təşkilat sədrləri müalicə-sağlamlıq və istirahət mərkəzlərinə göndəriş verilən şəxsləri bu barədə məlumatlandırılmalıdır. 
Tədbirin sonunda rayon və şəhər komitəsi sədrləri çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirmiş, müzakirələr aparılmışdır.


Contact us

© 2024 Atiahi.org. All rights reserved
site by webline logo