Xalqın ürəyində ölməz lider
Tarix xalqların taleyində dərin izlər buraxan və əməlləri ilə yaddaşlarda əbədilik qazanan böyük şəxsiyyətləri hər zaman xatırlayır. Azərbaycan xalqının müasir tarixində də Ümummilli Lider Heydər Əliyevin adı əbədiyaşar liderlər sırasında xüsusi yer tutur. Onun mənalı ömür yolu və xalqımız üçün göstərdiyi misilsiz xidmətlər ölkəmizin müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcı olub.


12 dekabr Azərbaycanın dövlətçilik tarixində xüsusi bir gündür. Bu gün yalnız Heydər Əliyevin fiziki yoxluğu ilə bağlı kədər günü deyil, eyni zamanda onun dövlətimizin inkişafı üçün gördüyü işlərin əziz xatirəsi ilə birləşərək yaddaşlarımızda daim yaşadığı bir gündür.


Heydər Əliyev Azərbaycanı ən çətin sınaqlardan çıxaran, dövlətçiliyimizi bərpa edən, milli dəyərlərimizi qoruyub yaşadan və müstəqilliyimizi dönməz edən böyük dövlət xadimi idi. Onun müdrik siyasəti və uzaqgörən qərarları sayəsində Azərbaycan yalnız bölgədə deyil, beynəlxalq arenada da etibarlı tərəfdaş, güclü və müstəqil bir dövlət kimi tanınıb.


Ulu Öndərin qurduğu dövlətçilik irsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Heydər Əliyev siyasətinin əsas prinsipləri üzərində yeni uğurlar əldə edir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də siyasi sahələrdə regionun lider dövlətinə çevrilib.


Prezident İlham Əliyevin qətiyyətli və müdrik siyasəti ilə ölkəmiz Vətən müharibəsində tarixi Zəfər qazandı. Qarabağın azadlığı ilə Heydər Əliyevin “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” fikri reallığa çevrildi. Bu qələbə Azərbaycan xalqının milli iradəsinin təntənəsi olmaqla yanaşı, dövlətimizin beynəlxalq mövqeyinin möhkəmlənməsində mühüm rol oynadı.


Azərbaycanın bugünkü inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın da mühüm rolu danılmazdır. Mehriban Əliyeva Heydər Əliyev Fondunun rəhbəri kimi Azərbaycanın milli-mədəni irsinin qorunması və dünya miqyasında təbliği istiqamətində misilsiz fəaliyyət göstərir. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə böyük irəliləyişlərə səbəb olub. Mehriban Əliyevanın gördüyü işlər Azərbaycanın beynəlxalq humanitar əlaqələrinin genişlənməsinə və ölkəmizin dünyada bir humanitar mərkəz kimi tanınmasına xidmət edir.


Mehriban Əliyevanın fəaliyyəti yalnız ölkə daxilində deyil, həm də Türk dünyası ilə əlaqələrin güclənməsində əhəmiyyətli yer tutur. O, mədəni irsimizin qorunmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq arenada tanıdılmasında və milli dəyərlərimizin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayır.


Bu gün müstəqil Azərbaycan dövləti Heydər Əliyevin yaratdığı möhkəm təməllər üzərində yüksəlməyə davam edir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi və Mehriban Əliyevanın humanitar fəaliyyəti ilə ölkəmiz regionda və dünyada öz layiqli yerini qoruyub saxlayır.


Heydər Əliyev Azərbaycan xalqının milli iradəsinin təcəssümü, dövlətimizin inkişafının memarı və müstəqilliyimizin təminatçısı kimi tariximizdə əbədi qalacaqdır. Onun adı və xidmətləri xalqımızın yaddaşında hər zaman yaşayacaqdır.
Ruhunuz şad olsun, Ulu Öndər!


Pərvanə Əliyeva İsmayılova

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqında müşavir-katib

Contact us

© 2024 Atiahi.org. All rights reserved
site by webline logo