ATİAHİ Respublika Komitəsinin tərkibinə Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş normaya uyğun olaraq eyni sahənin vilayət, rayon, şəhər həmkarlar ittifaqı təşkilatlarının, eləcə də Təhsil Nazirliyi sistemində olan ali və orta ixtisas məktəbləri həmkarlar ittifaqı təşkilatlarının konfrans və yığıncaqlarında birbaşa seçilmiş və Məclis tərəfindən təsdiq edilmiş nümayəndələr daxildir. Eyni qaydada da Respublika Komitəsinin nümayəndələri geri çağırılır və əvəz olunur.
Respublika Komitəsinin səlahiyyəti beş ildə bir dəfə keçirilən konfrans (qurultay) tərəfindən təsdiq olunur və onun qarşısında hesabat verir. O, öz fəaliyyəti ilə əlaqədar dövlət və təsərrüfat orqanlarından, siyasi və ictimai təşkilatlardan asılı deyil və onlara hesabat vermir.
Respublika Komitəsi öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikasının Qanununa, həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan qanunvericilik aktlarına və ATİAHİ-nin Nizamnaməsinə uyğun həyata keçirir.
Ittifaqın Respublika komitəsi:
- Həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində üstünlük verilən sahələri müəyyənləşdirir, birləşmiş həmkarlar ittifaqı komitələrinin fəaliyyətini həmin sahəyə yönəldir;
- Həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin müdafiəsini həyata keçirir;
- Üzvlərinin mənafeyini nəzərə alaraq başqa həmkarlar ittifaqı komitələri ilə əlaqə yaradır;
- sahə (tarif)kollektiv sazişi bağlayır.
- İttifaq üzvlərinin sosial-iqtisadi, əmək, hüquq və mənafelərinin müdafiəsi sahəsindəki fəaliyyəti haqqında birləşmiş həmkarlar ittifaqı komitələrinin və ilk həmkarlar ittifaqı təşkilatlarının hesabatlarını dinləyir. Lazım gəldikdə müvafiq həmkarlar ittifaqı təşkilatı qarşısında vaxtından əvvəl hesabat-seçki konfranslarının keçirilməsi məsələsini qaldırır;
- İttifaqın tabeliyində olan əməyin texniki və hüquq müfəttişliklərinin fəaliyyətinə rəhbərlik edir;
- kütləvi etiraz tədbirləri keçirilməsi barədə qərar qəbul edir;
- əmək münaqişəsi baş verdikdə öz nümayəndəsini razılaşdırma komissiyasına göndərir;
- Həmkarlar ittifaqı təşkilatlarının qabaqcıl təcrübəsini öyrənir, ümumiləşdirir və yayır, həmkarlar ittifaqı kadrlarını və fəallarını təlimatlandırır və təhsilini təşkil edir.
Respublika Komitəsi aparatının strukturu Məclis tərəfindən təsdiq olunur və aparat işçiləri öz işlərində Rəyasət Heyətinin təsdiq etdiyi vəzifə səlahiyyətlərini rəhbər tuturlar
İttifaqın Respublika Komitəsi təşkilati məsələləri həll etmək və Məclislərarası dövrədə işə rəhbərlik etmək üçün sədr və Rəyasət heyəti üzvlərini seçir, səsvermənin qaydasını müəyyənləşdirir.
İttifaqın Respublika Komitəsi qurultay (konfrans) qarşısında, Respublika Komitəsinin üzvləri isə onları seçmiş və ya birbaşa göndərmiş təşkilat qarşısında hesabat verirlər.