Abşeron-Xızı Regional Təhsil İdarəsinin həmkarlar ittifaqı təşkilatı təsis edilib

 
Sumqayıt şəhərində Abşeron-Xızı Regional Təhsil İdarəsinin həmkarlar ittifaqı təşkilatının təsis edilməsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə üzv qəbul edilməsi ilə bağlı yığıncaq keçirilib.
İclas Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə ATİAHİ-nin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emin Rüstəmov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva iştirak ediblər.

ATİAHİ Sumqayıt şəhər komitəsinin sədri Xudaverdi Əliyev Abşeron-Xızı Regional Təhsil İdarəsinin həmkarlar komitəsinin yaradılması haqqında məlumat verib.

Sonra təhsil idarəsinin həmkarlar ittifaqının 7 nəfərdən ibarət tərkibi, onlardan Regional Təhsil İdarəsinin metodisti Fərəcova Sevinc Əhliman qızı sədr və 3 nəfərdən ibarət təftiş komissiyası seçilib.

M.Cəfərzadə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin tədbir iştirakçılarına salamlarını çatdırıb, yeni seçilən sədrə uğurlar arzulayıb, bir sıra təlimatlar verib.
Tədbirdə həmçinin ATİAHİ-nin gördüyü işlər, həyata keçirdiyi layihələr, aztəminatlı və şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərdiyi maddi-mənəvi dəstəkdən, cəmiyyətimizin həyatında həmkarlar ittifaqlarının rolundan, fəaliyyət istiqamətlərindən, həyata keçirdiyi nəcib missiyalardan danışılıb.