AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib
Noyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Zəfər Günü münasibətilə tədbir keçirilib.

AHİK-in “Abşeron” sanatoriyasında təşkil olunan bayram tədbirində Konfederasiyanın rəhbərliyi və kollektivi, üzv və tabe təşkilatların nümayəndələri, həmçinin şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.

Əvvəlcə tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan AHİK sədri Sahib Məmmədov Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söz açıb, parlaq Zəfərin əhəmiyyətindən danışıb. Bildirib ki, “Dəmir yumruq” əməliyyatında qəhrəman Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə işğala son qoydu, Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başqa yolu qalmadı. Qeyd olunub ki, Ordumuzun keçdiyi 44 günlük döyüş yolunun hər bir səhifəsi əsl qəhrəmanlıq dastanıdır və əsgərlərimizin yüksək döyüş ruhu, vətənpərvərlik hissi, əzmkarlığı dillər əzbəridir. Onun sözlərinə görə, 2023-cü ildə bir günlük antiterror tədbiri Ordumuzun artan gücünü, qüdrətini bir daha nümayiş etdirdi və bütün ölkə ərazisində dövlətimizin suverenliyi tam təmin edildi.