Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının bir qrup əməkdaşına “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illiyi Yubiley döş nişanı” təqdim edilib. Tədbirdə çıxış edən ATİAHİ Respublika Komitəsi sədrinin birinci müavini Hümbət Nağıyev təltif olunanları AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin adından təbrik edib.
Azərbaycanda həmkarlar ittifaqı hərəkatının yaranması və keçdiyi tarixi inkişaf yolundan, təşkilatın həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı gördüyü işlərdən danışan H.Nağıyev qeyd edib ki, Azərbaycanda yaradılan demokratik mühit, insan hüquq və azadlıqlarına ali münasibət, vətəndaş cəmiyyətinin inkişafına göstərilən yüksək dəstək AHİK-in də sərbəst və müstəqil fəaliyyətinə geniş imkanlar açır. Həmkarlar ittifaqları bu gün vətəndaşların hüquqlarının müdafiəçisi kimi sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Həmçinin əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəal iş aparılır.
Sonra H.Nağıyev təltif olunanlara yubiley döş nişanlarını təqdim edib.
Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə təşəkkürlərəni bildiriblər.