Qazaxıstanın Türküstan vilayətində Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XV Forumu keçirilib. Forumda Azərbaycanı ATİAHİ Respublika Komitəsinin katibi, Əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Makedoniya, Rumıniya və Şimali Kipr Türk Cümhuriyyətindən olan nümayəndələrin də iştirak etdiyi tədbirdə Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin və Türk Egitim-Senin sədri Talip Geylan UAESEB-nin yaradılmasının məqsədlərindən, funksiyalarından, həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, Türkdilli ölkələr arasında əlaqələr bütün sahələri əhatə etməklə yüksələn xətlə inkişaf etməkdədir. O bildirib ki, rəhbəlik etdiyi qurum türkdilli dövlətlər arasında mövcud olan münasibətlərin daha da dərinləşməsində, təhsil sahəsində əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynamaqdadır.
Forumda ATİAHİ Respublika Komitəsinin katibi, Əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri Z.Məmmədov da çıxış edib. Forum iştirakçılarını AHİK-in sədri, millət vəkili Səttar Möhbaliyevin adından salamlayan Z.Məmmədov Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar, ATİAHİ-nin ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı gördüyü işlərdən danışıb. Bildirib ki, təşkilatımızın əsas məqsədləri təhsil sektorunda çalışan işçilər və təhsil alanlarla müəssisə rəhbərləri arasındakı əmək münasibətlərinin normal məcrada qurulması, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları ilə bağlı yarana biləcək ziddiyyətlərin aradan qaldırılmasında və qanuni mənafelərinin qorunması istiqamətində öz töhfələrimizi verməkdir. Z.Məmmədov vurğulayıb ki, bu işlərin həyata keçirilməsində təşkilat beynəlxalq təcrübədən də geniş istifadə edir. Bu baxımdan ATİAHİ Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin fəaliyyətinə böyük önəm verir: “2006-cı ildə təsis olunmuş və türkdilli ölkələrdə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarını özündə birləşdirən Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyi fəaliyyəti dövründə bir sıra nailiyyətlərə imza atıb. Bu birlik onlarla böyük elmi konfranslar təşkil edilib, bu konfranslar yüzlərlə türkdilli gənc alimlərin yetişməsinə vəsilə olmuş, onların elm sahəsində beynəlxalq arenaya çıxmasına şərait yaratmışdır. Hesab edirəm ki, bu cür elmi konfranslar müasir elmi tədqiqatların məhsulu olan ən son yenilikləri təkcə türkdilli ölkələr arasında deyil, bütün dünyada bu dildə danışan hər bir kəslə bölüşməyə şərait yaradır. Həmçinin birliyə daxil olan təşkilatlar həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin qorunması sahəsində bir-biri ilə yaxından əməkdaşlıq edərək öz təcrübələrini bölüşürlər. Bu baxımdan əminliklə demək olar ki, təşkilat uğurlu fəaliyyət göstərmiş və keçən müddət ərzində qarşısına qoyduğu məqsədlərə nail ola bilmişdir”.
Birliyə daxil olan təşkilatların qardaş ölkələrin təmsilçiləri olduğunu qeyd edən Z.Məmmədov II Qarabağ müharibəsi zamanı türkdilli ölkələrin Azərbaycanın haqq savaşına verdiyi dəstəyi xatırladaraq qeyd edib ki, Azərbaycan xalqı türkdilli ölkələrin bu qardaşlıq mövqeyini heç vaxt unutmayacaq.
Digər çıxış edənlər – Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Aygül Mukaşeva, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Asilbek Toktoqulov, Şimali Makedoniya İnformasiya və İdarəetmə nazirinin müşaviri, Üfüq Dərnəyinin sədri Elvin Hasan, Kipr Türk Məmur-Senin sədri Akın Manqa, Rumıniya Türk Demokrat Birliyi Təhsil Komissiyasının sədri Vildan Bormambet və başqaları ölkələrində həmkarlar ittifaqlarının fəaliyyətindən, cəmiyyətin inkişafında rolundan, ölkənin ictimai həyatında xidmətlərindən söz açıblar. Həmçinin UAESEB-nin ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrdən danışıblar.