Türkiyənin Antalya şəhərində Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birilliyinin təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş IV Türk Dünyası Təhsil və Sosial Bilimlər Konfransı keçirlib. Konfransda təşkilatımızı ATİAHİ Respublika Komitəsinin katibi, Əmək haqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Konfransda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birilliyinə üzv olan təşkilatların sədrləri, türkdilli ölkələrin elm adamları, ekspertlər və mətbuat nümayəndələri iştirak edib.
Konfransı giriş sözü ilə açan Türk Eğitim-Sen və Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birilliyinin sədri Talip Geylan konfransda iştirak edən milli həmkarlar ittifaqlarının nümayəndələrini, 34 ölkədən 1000-ə yaxın elm adamını salamlamış, belə bir möhtəşəm tədbirə ev sahibliyi etdiyi üçün qürur duyduğunu bildirib: “Türkiyə Cümhuriyyətinin qurucusu ulu öndər Qazi Mustafa Kamal Atatürk demişdir: “Həyatda ən doğru yol göstərən elmdir!” Onun sözləri bizim üçün şüardır. Biz bu müddəaya uyğun olaraq gələcək nəsillərə örnək olacaq, türk xalqları üçün vacib olan müqəddəs və müstəsna dəyərləri təbliğ edəcəyik”.
O, konqresin türk dünyasına, türk elm həyatına və insanlığa xeyir gətirməsini arzulayaraq, bu kimi yeni ortaq layihələr həyata keçirilməsi məqsədi ilə Türkiyə ilə Türk dünyası arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac olduğunu bildirib.
Sonra Şimali Makedoniya İnformasiya Texnologiyaları və İctimai İşlər Nazirliyinin müşaviri, Horizon Dərnəyinin sədri Elvin Həsən, Qırğızıstan Elm Təhsil və İşçiləri Həmkarlar İttifaqının sədri Asilbek Toktoqulov, Kipr Türk Dövlət Qulluğu İşçiləri Həmkarlar İttifaqının prezidenti Akın Manqa, Qazaxıstan Təhsil və Elm İşçiləri Həmkarlar İttifaqının sədr müavini Ernar İmanbayev çıxış edib.
Konfransda çıxış edən Z.Məmmədov iştirakçıları ATİAHİ Respublika Komitəsinin və AHİK-in sədri, millət vəkili, Səttar Möhbalıyevin adından salamlayıb və konqresinə işində uğurlar arzulayıb.
O öz çıxışında qeyd edib ki, 2016-ci ildən bəri dördüncü dəfədir ki, Türk Egitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin təşəbbüsü ilə IV Türk Dünyası Eğitim və Sosial Bilimlərə həsr olunmuş Konfransı keçirilir. Keçirilən bu konfranslar inkişaf etməkdə olan türkdilli ölkələrin elm və təhsil sahəsində eləcə də sosial və mədəni sahələrdə əməkdaşlığını möhkəmləndirir. Yüzlərlə türkdilli gənc alimlərin yetişməsinə vəsilə olur, onların elm sahəsində beynəlxalq arenaya çıxmasına şərait yaradır. Bu cür elmi konfranslar müasir elmi tədqiqatların məhsulu olan ən son yenilikləri təkcə türkdilli ölkələr arasında deyil, bütün dünyada türk dildə danışan hər bir kəslə bölüşməyə şərait yaradır.
Sonra konfrans elm adamlarının moderatorluğu ilə 721 elm adamının məruzələri dinlənilib.
Qeyd edək ki, Türk Dünyası Eğitim və Sosial Bilimlər Konfransı 2016-ci ildən başlayaraq iki ildən bir keçirilir.
Sonda konfransda iştirak edən türkdilli ölkələrin həmkarlar ittifaqları sədrlərinə " Dəmir yumuruq" hədiyyəsi təqdim edilmiş və 44 günlük vətən müharibəsinin simvolu olan "Dəmir yumuruq" un mahiyyəti izah edilmişdi.
Səbuhi İmanov,
Beynəlxalq əlaqələr şöbəsinin müdiri