Türkiyənin Antalya şəhərində Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birilliyinin təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş IV Türk Dünyası Mühəndislik və Fənn Bilimlər Konfransı keçirlib. Konfransda təşkilatımızı ATİAHİ Respublika Komitəsinin katibi, Əmək haqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Konfransda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birilliyinə üzv olan təşkilatların sədrləri, türkdilli ölkələrin elm adamları, ekspertlər və mətbuat nümayəndələri iştirak edib.
Konfransın açılışında Türk Eğitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birilliyinin sədri Talip Geylan çıxış edərək tədbirin keçirilməsinin məqsədlərindən danışaraq qeyd edib ki, məqsəd türkdilli ölkələrdə elmin, texnologiyanın inkişafına dəstək olmaq, elm adamlarını bir araya gətirərək onlar arasında əlaqələrin qurulmasını təmin etməkdir.
O, konqresin türk dünyasına, türk elm həyatına və insanlığa xeyir gətirməsini arzulayaraq, bu kimi yeni ortaq layihələr həyata keçirilməsi məqsədi ilə Türkiyə ilə Türk dünyası arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac olduğunu bildirib.
Konfransda çıxış edən Z.Məmmədov iştirakçıları ATİAHİ Respublika Komitəsinin və AHİK-in sədri, millət vəkili, Səttar Möhbalıyevin adından salamlayıb və konqresinə işində uğurlar arzulayıb.
Konfransın yüzlərlə türkdilli gənc alimlərin yetişməsinə vəsilə olduğunu diqqətə çatdıran Z.Məmmədov qeyd edib ki, bu cür elmi konfranslar müasir elmi tədqiqatların məhsulu olan ən son yenilikləri təkcə türkdilli ölkələr arasında deyil, bütün dünyada türk dildə danışan hər bir kəslə bölüşməyə şərait yaradır. O ümidvar olduğunu bildirib ki, konfrans bir daha türkdilli dövlətlərin nümayəndələrinin elm sahəsində, xüsusən də Fənn və mühəndislik bilimləri sahəsində əldə etdikləri uğurları bölüşməklə yanaşı bizləri daha da yaxınlaşdıracaq, münasibətlərimizin inkişafına, dostluq və qardaşlığımızın möhkəmlənməsinə, elmimizin inkişafına öz layiqli töhfəsini verəcəkdir.
Sonra konfrans öz işini panel müzakirələri ilə davam etdirib.