BHİK Baş Şurasının iclası keçirilir, AHİK sədri Sahib Məmmədov vitse-prezident vəzifəsinə təsdiqlənib

Dekabrın 3-də Braziliyada Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Baş Şurasının 35-ci iclası öz işinə başlayıb.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov iştirak edir.

BHİK-nın prezidenti xanım Akiko Qono Şuranın gündəliyi ilə üzvləri tanış edib. Sonra təşkilatın Baş katibi Luk Trianqlın hesabatı dinlənilib, ötən dövr ərzində görülən işlər Şura üzvlərinin diqqətinə çatdırılıb.

İclasda gündəlikdəki məsələlər, o cümlədən Baş Şuranın 34-cü iclasının hesabatı, 2025-ci il üçün iş planı, Baş Şuranın və İcraedici Büronun növbəti il üçün iclas günləri təsdiqlənib. Həmçinin Beynəlxalq Əmək Təşkilatı və BHİK-nın strateji prioritetləri, iqlim dəyişmələri və ədalətli keçid üzrə 2022-ci ildən indiyədək görülən işlər, sülh və təhlükəsizlik məsələləri müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Baş Şurada Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının BHİK-ya üzvlüklə bağlı müraciətinə baxılıb, müzakirələr zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri özbəkistanlı həmkarlarına öz dəstəklərini ifadə ediblər.

Eyni zamanda iclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov BHİK-nın vitse-prezidenti vəzifəsinə təsdiqlənib.

Tədbirdə BHİK-nın 2027-ci ilin noyabr ayında Avstriyada keçirilməsi nəzərdə tutulan VII Qurultayı barədə danışıqlar aparılıb. Bildirilib ki, Qurultayda Baş katib və digər yüksək vəzifəli şəxslər seçiləcək, Baş Şuranın üzvləri müəyyənləşəcək, qarşıda duran vəzifələr planlaşdırılacaq və bəyanat qəbul olunacaq. Eyni zamanda qurumun nizamnamə və digər sənədlərində dəyişikliklər müzakirə ediləcək.

Qeyd edək ki, BHİK Baş Şurasının iclası dekabrın 5-də yekunlaşır.