Sentyabrın 30-da Gəncə şəhərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Post-pandemiya dövründə işçilərin hüquqlarının və qanuni mənafelərinin qorunmasında həmkarlar ittifaqı təşkilatlarının vəzifələri” mövzusunda regional seminar keçirilib. Seminarda Gəncə şəhəri və ətraf rayonların rayon komitəsi sədrləri, ilk həmkarlar ittifaqı komitəsi sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib.
Tədbirdə çıxış edən Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə mövzu ilə bağlı çıxış edərək post-pandemiya dövründə həmkarlar ittifaqı üzvlərinin hüquqlarının qorunması ilə bağlı görüləcək işlərdən danışıb. Qeyd edib ki, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı tədbirlər həyata keçirilməli, yeni işə qəbul edilmiş təhsil işçilərinin həmkarlar ittifaqı üzvlüyünə cəlb olunması istiqamətində işlər görülməlidir: “Yeni işə qəbul edilmiş təhsil işçiləri ilə görüşlər keçirilərək onlara həmkarlar ittifaqı üzvlüyünə qəbul edilməyin üstünlükləri izah edilməlidir. İttifaqa üzv qəbul edilmə zamanı, təlimata uyğun olaraq, sənədləşmə işləri qaydasında aparılmalıdır”.
Sonra tədbirdə Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov danışaraq qeyd edib ki, rayon komitəsi sədrləri ilk həmkarlar ittifaqı komitələri ilə sıx əlaqələr qurmalı, vaxtaşırı olaraq ittifaq üzvləri ilə görüşlər keçirilib onları narahat edən problemlər aradan qaldırılmalıdır.
Tədbirdə çıxış edən Respublika Komitəsinin katibi, Əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov “2021-2023-cü illər üçün Kollektiv Saziş”də əksini tapan müddəalardan bəhs edərək bildirib ki, rayon komitəsi sədrləri bu sənəddə öz əksini tapan müddəaların icrasını daim nəzarətdə saxlamalıdır.
Tədbirin sonunda rayon və şəhər komitələri sədrləri çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirmişlər.