Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ildə keçirilməsi nəzərdə tutulan hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədi ilə zona seminarlarının keçirilməsini davam etdirir. Növbəti seminar Lənkəran şəhərində təşkil edilib. ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmovun sədrliyi ilə keçirilən seminarda ATİAHİ Lənkəran, Şirvan şəhər, Lerik, Yardımlı, Astara, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon komitələrinin sədrləri iştirak edib.
Seminarda çıxış edən E.Rüstəmov rayon komitəsi sədrlərinə hesabat-seçkilərə hazırlıq prosesi, seçkilərin təşkili ilə bağlı Respublika Komitəsinin tövsiyələrini çatdırıb. O qeyd edib ki, hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin hesabatları hazırlanarkən son hesabat-seçkilərdən keçən müddətdə görülmüş işlər barədə ittifaq üzvlərinə ətraflı məlumat verilməlidir. E.Rüstəmov əlavə edib ki, həmkarlar ittifaqlarında həmrəyliyi təmin etmək, işçilərin sosial-iqtisadi mənafeyinin kollektiv müdafiəçisi olan həmkarlar ittifaqlarının maliyyə cəhətdən möhkəmləndirmək, onun rolunu bir daha artırmaq üçün qarşıdan gələn hesabat-seçki kampaniyasının imkanlarından maksimum istifadə edilməlidir. Hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır. Həmçinin həmkarlar ittifaqı təşkilatlarının kadrlarla möhkəmləndirilməsi, ehtiyat kadrların hazırlanması və irəli çəkilməsi üzrə tədbirlər görülməlidir. Müəssisədə kollektiv arasında nüfuzu olan layiqli şəxslərin seçilməsi üçün şərait yaradılmalıdır. İstər ilk təşkilatların, istərsə də şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyinin və gəncləşmə siyasətinin tələblərinə əməl olunmalı, qadınların və gənclərin bu seçkilərdə fəal iştirakı təmin edilməlidir.
Sonra seminarda rayon komitələrinin sədrlərindən Salyan rayon komitəsinin sidri Yaqut Ələsgərova, Yardımlı rayon komitəsini sədri Azər Ələkbərov, Beyləqan rayon komitəsinin sədri Tahir Həsənov, Hacıqabul rayon Komitəsinin sədri Kifayət Əmirbəyova və başqaları çıxış edərək öz təkliflərini və fikirlərini bildiriblər.