III Türk Dünyası Mühəndislik və Fənn Bilimlərinə həsr olunmuş elmi konfrans keçirilmişdir
Oktyabrın 22-24-də Türk Egitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin təşkilatçılığı ilə III Türk Dünyası Mühəndislik və Fənn Bilimlərinə həsr olunmuş elmi konfrans keçirilmişdir. Pandemiya ilə əlaqədar onlayn formatında  baş tutmuş konfransda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov iştirak etmişlər. Tədbirə Türkiyə təhsil nazirinin müavini, prof. dr. Mustafa Safran, Türk Egitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin sədri Talip Geylan, Qazaxıstan, Qırğızıstan, Makedoniya və Rumıniyadan olan təhsil işçiləri həmkarlar ittifaqlarının sədrləri və türkdilli ölkələrin yüzlərlə elm adamı iştirak qatılmışdır.
Videokonfransın açılışında M.Cəfərzadə də çıxış etmişdir. O, iştirakçıları AHİK-in sədri, millət vəkili, doktor-professor Səttar Möhbalıyevin adından salamlamış və konfransa işində uğurlar arzulamışdır.
M.Cəfərzadə qeyd etmişdir ki, 2017-ci ildən bəri üçüncü dəfədir ki, Türk Egitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin təşəbbüsü ilə Mühəndislik və Fənn Bilimlərinə həsr olunmuş konfrans keçirilir. Mühəndislik və Fənn Bilimləri konfransı inkişaf etməkdə olan Türkdilli ölkələrin elm və təhsil sahəsində, eləcə də sosial və mədəni sahələrdə əməkdaşlığını möhkəmləndirir. Yüzlərlə türkdilli gənc alimin yetişməsinə vəsilə olur,  onların elm sahəsində beynəlxalq arenaya çıxmasına şərait yaradır. Bu cür elmi konfranslar müasir elmi tədqiqatların məhsulu olan ən son yenilikləri təkcə türkdilli ölkələr arasında deyil, bütün dünyada bu dildə danışan hər bir kəslə bölüşməyə imkan verir.
 M.Cəfərzadə daha sonra demişdir ki, türklər, zamanından və məkanından asılı olmayaraq, mövcud olduqları hər yerdə tarixi izlər buraxmış və bəşəriyyətin gələcək inkişafına çox böyük töhfələr vermişlər. Dünya sivilizasiyasının təməlində duran türkçülük dəyərləri başqa millətlərin də təkamülünü sürətləndirmişdir. Düşünürəm ki, bu konfransda elm adamlarının egitim və sosial bilimlərlə əlaqədar fikirləri dəyərləndiriləcək  və yeni tədqiqatların əsası qoyulacaqdır.