Quba-Xaçmaz Regional Təhsil İdarəsində ilk həmkarlar ittifaqı təsis edilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsində (QXRTİ) ilk həmkarlar ittifaqının təsis edilməsi ilə bağlı iclas keçirilib.
İclas Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə QXRTİ-nin ilk həmkarlar ittifaqının yaradılması haqqında qərar qəbul edilib. Aytən Əlimərdanova quruma sədr seçilib.
İclasda iştirak edən ATİAHİ-nin məsul əməkdaşları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin tədbir iştirakçılarına salamlarını çatdırıb, yeni seçilən sədrə uğurlar arzulayıb, bir sıra təlimatlar veriblər.
Tədbirdə həmçinin ATİAHİ-nin gördüyü işlər, həyata keçirdiyi layihələr, aztəminatlı və şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərdiyi maddi-mənəvi dəstəkdən, cəmiyyətimizin həyatında həmkarlar ittifaqlarının rolundan, fəaliyyət istiqamətlərindən, həyata keçirdiyi nəcib missiyalardan danışılıb.