00Şəki şəhərində 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar “Milli Qurtuluş günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda zona konfransı keçirilib. ATİAHİ Respublika Komitəsi və ATİAHİ Şəki rayon komitəsinin təşkilatçılığı ilə keçirilmiş konfrans Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında təşkil olunub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, ADPU-nun Şəki filialının direktoru Rafiq Rəsulov, ATİAHİ Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir rayon komitələrinin sədrlər və həmkarlar ittifaqı fəalları iştirak edib. Tədbiri ATİAHİ Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva açaraq qeyd edib ki, ATİAHİ Respublika Komitəsi və onun xidmətinə daxil olan şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələri tərəfindən “Heydər Əliyev ili”nə həsr edilmiş silsilə tədbirlər keçirilir. Bu tədbirlərin il ərzində davam etdirilməsi nəzərdə tutulub. Z.Xasiyeva “Milli Qurtuluş günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda zona konfransının da bu tədbirlərdən biri olduğunu diqqətə çatdırıb.
Konfransda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, ADPU-nun Şəki filialının direktoru Rafiq Rəsulov və başqaları çıxış edib. Çıxışçılar 15 iyun – Milli Qurtuluş Gününün tarixindən danışıb, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əldə olunması, qorunub saxlanılmasındakı xidmətlərindən danışıblar.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Ötən dövrdə ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın bütün sahələrində əldə edilmiş dirçəliş məhz Milli Qurtuluş Gününün bəhrəsidir. Elə bu səbəbdən də hər bir Azərbaycan vətəndaşı iyunun 15-ni – ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışını – Milli Qurtuluş Gününü ümumxalq bayramı kimi qeyd edir. Bu gün Azərbaycan etibarlı əllərdədir. Ümummilli Liderin siyasi irsinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, inamlı, son dərəcə cəsarətli, eyni zamanda tarazlı, xalqının milli maraqlarına xidmət edən daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, etibarlı tərəfdaş ölkə kimi respublikamızın nüfuzu dünyada durmadan artır.