Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb
Dekabrın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) müasir Azərbaycanın qurucusu, xalqımızın dahi oğlu, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib, onun büstü önünə güllər düzülüb.

Konfederasiyanın sədri Sahib Məmmədov çıxış edərək, Heydər Əliyevin bənzərsiz siyasi fəaliyyəti, xalqımız və dövlətimiz qarşısında göstərdiyi misilsiz xidmətləri, eləcə də xilaskarlıq missiyası barədə danışıb. O, Ümummilli Liderin şah əsəri olan qüdrətli Azərbaycanın vətəndaşı olmağın hər bir azərbaycanlı üçün böyük qürur olduğunu vurğulayıb.

Sahib Məmmədov bildirib ki, Ulu Öndərin siyasi fəaliyyətinin mərkəzində xalqımızın sosial rifahının yüksəldilməsi və vətəndaş cəmiyyətinin inkişafı dayanıb. O, Heydər Əliyevin həmkarlar ittifaqlarına göstərdiyi diqqət və qayğıdan bəhs edib və Ümummilli Liderin təşəbbüsü ilə qəbul edilən “Həmkarlar ittifaqları haqqında” Qanunun əhəmiyyətini xüsusi qeyd edib.

Vurğulanıb ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev Azərbaycanı daha güclü ölkəyə çevirməyə nail olub. Müzəffər Ali Baş Komandanın gərgin əməyi və qətiyyəti nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşub, xalqımız dünyada mübariz, rəşadətli xalq kimi tanınıb.

Diqqətə çatdırılıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Ulu Öndərin siyasətini uğurla reallaşdırır. Bu irsi ləyaqətlə yaşadan Heydər Əliyev Fondu hazırda ən nüfuzlu mərhəmət ünvanıdır.

Sonda Sahib Məmmədov fəaliyyətini yeni çağırışlar, müasir inkişaf reallıqları əsasında yenidən quran Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Ulu Öndərin tövsiyələrinə uyğun olaraq, ölkəmizin tərəqqisinə bundan sonra da öz töhfəsini verəcəyini qeyd edib.