10 İyul 2020

Sorğu

Bizim işimizdən razısınız?

Nəticələr

Axtarış

Müraciət

Qış Liderlik Məktəbinə 29 ali təhsil müəssisəsindən 100-dən çox tələbə cəlb olunub

11.02.2020

 

 

Nabranda yerləşən “Təhsil” istirahət mərkəzində “Tələbə həmkarlar ittifaqı komitələri könüllülük hərəkatının təməllərindən biridir” mövzusunda Qış Liderlik Məktəbinə 29 ali təhsil müəssisəsindən 100-dən artıq tələbə cəlb olunub.


Prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən təşkil olunan tədbirin məqsədi könüllülüyün təbliğinə töhfə verməkdir.

 

Fevralın 11-də keçirilən açılış mərasimində AHİK sədrinin müavini Aqil Dadaşov çıxış edərək bildirib ki, son illər Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Bunun bariz nümunəsi kimi Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsini göstərmək olar.


Diqqətə çatdırılıb ki, müasir Azərbaycanda könüllülük sahəsində əsl inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlamışdır. Dahi rəhbərin ölkəmizə rəhbərliyinin ilk illərindən hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb.


Aqil Dadaşov bildirib ki, bu gün Azərbaycanda könüllük hərəkatı uğurlu gənclər siyasətinin tərkib hissəsinə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak edərkən kompleksin əməkdaşları ilə görüşündə könüllülərin uğurlu fəaliyyətinə toxunarkən, onların Azərbaycanda keçirilən mötəbər beynəlxalq idman yarışlarındakı fəaliyyətlərini xüsusi qeyd edib. Son illərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, “Formula 1” yarışları və digər mötəbər beynəlxalq tədbirlərin təşkilində on minlərlə könülü təmənnasız xidmət göstərib.


Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarının respublika komitəsinin sədr müavini Mirzə Cəfərzadə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə könüllülük prinsipləri daha da genişlənməyə başlayıb, könüllülük fəaliyyətinin normativ-hüquqi əsaslarının hazırlanması istiqamətində ciddi addımlar atılıb və 2009-cu ildə "Könüllü fəaliyyət haqqında” Qanun qəbul edilib. Bununla da könüllülük hərəkatının inkişafında yeni inkişaf mərhələsinə qədəm qoyulub.

 

Tədbirdə ölkəmizdəki könüllülük hərəkatının inkişafında və bu sahədə qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da rolu xüsusi qeyd edilib, onun əzmkar fəaliyyəti nəticəsində mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyətinə şərait yaradıldığı vurğulanıb.


Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasətinin gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etdiyini deyib. Bildirib ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.

 

Vurğulanıb ki, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan əsas sosial fəaliyyət istiqamətlərindən biridir.


Daha sonra Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının rəhbəri Canoğlan İlyasov proqramın yaranma tarixi, uğurları, fəaliyyət istiqamətləri, tələbələrə qazandırdığı imkanlardan danışıb və qeydiyyat qaydaları haqqında məlumat verib. Bildirib ki, proqram 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən könüllü hərəkatının institutlaşması istiqamətində vahid tələbə könüllü bazasının yaradılması, könüllü tələbələrlə işin təşkilinin sistemləşdirilməsi, tələbələrin könüllü fəaliyyətlə məşğul olmalarının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən 2015-ci il dekabrın 14-də yaradılıb.


Quba “ASAN Xidmət” mərkəzinin vətəndaşların qəbulu sektorunun baş məsləhətçisi Xəyyam Şahbazov tələbələrə Azərbaycanda könüllülük fəaliyyətinin tarixi, inkişaf yolu və müasir dövrdə könüllülük fəaliyyətinin həyata keçirilməsinin təmin olunması haqqında ətraflı məlumat verib.

 

Açılış mərasimindən sonra Qış Liderlik Məktəbi müxtəlif mövzularda panel müzakirələrlə davam etdirilib.

 

Fevralın 13-dək davam edəcək tədbir çərçivəsində tələbə gənclər arasında müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək, iştirakçılar Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər.