15 Dekabr 2018

Sorğu

Bizim işimizdən razısınız?

Nəticələr

Axtarış

Müraciət

IV fəsil. VƏTƏNDAŞLARIN ƏSAS VƏZİFƏLƏRİ

 
Maddə 72. Vətəndaşların vəzifələrinin əsası
I  Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.
II  Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
III  Qanunu bilməmək məsuliyyətdən azad etmir. (2)

Maddə 73. Vergilər və başqa dövlət ödənişləri
I  Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.
II  Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz.

Maddə 74. Vətənə sədaqət
I  Vətənə sədaqət müqəddəsdir.
II  Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər.
III  Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən, Azərbaycan Respublikası Konstitusiyasına sadiq qalacağına and içmiş şəxs dövlətə qarşı cinayətdə,o cümlədən dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham edilibsə və bu ittiham əsasında məhkum olunubsa, həmin vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz.

Maddə 75. Dövlət rəmzlərinə hörmət
I  Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə — bayrağına, gerbinə və himninə hörmət etməlidir.
II  Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.(2)

Maddə 76. Vətəni müdafiə
I  Vətəni müdafiə hər bir vətəndaşın borcudur.
Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.
II  Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.  (1)

Maddə 77. Tarix və mədəniyyət abidələrinin qorunması
Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur.

Maddə 78. Ətraf mühitin qorunması

Ətraf mühitin qorunması hər bir şəxsin borcudur.

Maddə 79. Qanuna zidd vəzifələrin icrasına yol verilməməsi
Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz.

Maddə 80. Məsuliyyət
Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.