23 İyun 2018

Sorğu

Nəticələr

Axtarış

Müraciət

Əmək pensiyaları təyinatı üzrə yeni qaydalar

 

            Azərbaycan Respublikası Prezidentinin 10.11.2009-cu il tarixli 180 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr 01.01.2010-cu ildən qüvvəyə minir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa 01.01.2010-cu il tarixdən edilmiş dəyişikliklərə uyğun olaraq, əmək pensiyalarının hesablanması əməkhaqqına əsasən deyil, qazanılmış sosial sığorta stajına və ödənilmiş məcburi sosial sığorta haqlarına əsasən aparılır.
            Belə ki, 01 yanvar 2010-cu il tarixdən əmək pensiyası təyin edilən (hüququ yaranan) şəxslərin əmək pensiyalarının məbləği 01 yanvar 2006-cı il tarixədək olan dövr üçün həmin şəxslərin sığorta stajına, 01 yanvar 2006-cı il tarixdən sonrakı dövr üçün isə şəxsin fərdi hesabında toplanan məcburi dövlət sosial sığorta haqlarına uyğun olaraq müəyyənləşdirilir.
            Yeni qaydalar üzrə pensiya təyinatı aparılan şəxsə 2006-cı ilin 1 yanvarınadək olan dövrə aid ümumi stajının hər ili üçün 170 manat pensiya kapitalı hesablanır və sığortaolunanların fərqli hesablarının sığorta hissəsində nəzərə alınan tarixinə qeydə alınır. 2006-cı ildən 01.01 2010-cu il tarixinə qədər olan dövr üçün əməkhaqqı arayışlarına deyil, hər bir şəxsin əmək kitabçası üzrə 2006-cı ilə qədər olan əmək fəaliyyətinə əsasən hər il üçün 170 manat pensiya kapitalı verilərək həmin illərin sayı 170 manata vurulacaq. Sonra 2006-2009-cu illər üzrə inflyasiya faizinə vurularaq, 144-ə (göstərilən pensiya ödənişi müddəti aylarının sayı) bölünəcək. Bundan sonra şəxsin fərdi hesabında 4 il ərzində yığılan sığorta kapitalı da 2006-2009-cu illər üzrə inflyasiya faizinə vurulacaq, 144-ə bölünəcək və alınan məbləğlər toplanacaq. Bununla pensiyanın sığorta hissəsi müəyyən olunacaq və üzərinə mövcud olan baza pensiyası əlavə olunmaqla toplam pensiya məbləği müəyyənləşdiriləcək. Nəticədə ən azı 12 il sığorta stajı olan vətəndaşın pensiyasının məbləği 90 manatdan aşağı olmayacaq.
            Vətəndaşlarda haqlı  bir sual yarana bilər ki, 170 manatın müəyyənləşdirilməsində hansı prinsip əsas götürülüb?
            Bunun üçün 2004-2005-ci illərin formalaşdığı orta aylıq əməkhaqqı əsas götürülüb. Bu da 111,5 manat edir. Göstərilən məbləğdən hər ay 12,5 faiz şəxsin fərdi uçotuna ayrılır. Bunu da 12 aya vurduqda təxminən 168 manat alınır və yuvarlaqlaşdırılaraq 170 manat müəyyənləşdirilir.
            Beləliklə yuxarıda qeyd olunan tarixdən pensiya təyinatı əməkhaqqları arayışlarına istinad edilmədən, əmək kitabçası əsasında hesablanıb aparılacaqdır.
            Aparılan sonuncu dəyişikliyə görə 2010-cu ilin yanvarın 1-dən mövcud pensiya yaşı, hər il altı ay olmaqla mərhələli şəkildə artırılaraq, 1 yanvar 2010-cu il tarixdən 1 yanvar 2012-ci ilə qədərki müddətdə kişilərin yaş həddi 63-ə,
qadınların yaş həddi isə bu ilin əvvəlindən 1 yanvar 2016-cı il tarixinədək olan dövrdə 60-a çatdırılacaqdır.
            Qanuna edilən digər dəyişikliklərə görə, bundan sonra 63 yaşına çatmış kişilərə və 60 yaşına çatmış qadınlara əmək pensiyası almaq üçün ən azı 12 il sığorta stajı tələb olunur. (əvvəllər 5 il)
            Beş və daha uşağı doğub, onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların qanunla müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla, sağlamlıq imkanları məhdud uşağı səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların qanunla müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası  hüququ vardır. Ana vəfat edərsə və ya onunla nigaha xitam verilərsə, yaxud ana valideynlik hüququndan məhrum edilərsə, eləcə də 5 və daha çox uşağı, növbəti nigah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalar, habelə 5 və daha çox uşağı övladlığa götürülüb təkbaşına səkkiz yaşınadək böyüdən atalar, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilər ən  azı 10 il sığorta stajına malik olduqda qanunla müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ qazanırlar.

 

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

sağlamlığın mühafizəsi və sosial təminatlar şöbəsi

 

Bakı şəhəri 2010-cu il