Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı

Hamiləliyə və doğuma görə müavinət




Hamiləlik və doğum sosial sığorta hadisəsi hesab olunur və hamiləliyə və doğuma görə müavinət sosial sığorta üzrə ödəmələrin bir növüdür.


Hamiləliyə və doğuma görə müavinət hesablanması və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə» ilə tənzimlənir.



Hamiləliyə və doğuma görə müavinəti almaq hüququ olan şəxslər



Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin hamiləliyə və doğuma görə müavinəti almaq hüququ vardır.

Hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Müavinətin aylıq maksimal həddi yaşa görə əmək pensiyasının baza hissəsinin 25 mislindən artıq ola bilməz.

Misal. Aylıq qazancı 2000 manat olan şəxs üçün 22 iş günündən ibarət aya görə müavinətin (yaşa görə əmək pensiyasının baza hissəsi 60 manat olduqda) gündəlik maksimal həddi 68,18 ((60 manat*25)/22) manatdan artıq ola bilməz.

Qanunvericiliyə görə əməyin ödənişi fonduna məcburi dövlət sosial sığorta haqqının hesablanmasından azad olunan işəgötürənlərdə işləyən şəxslərin hesablanmış Hamiləliyə və doğuma görə müavinət hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinin azadolmalar nəzərə alınmadan hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqının məbləğinə nisbətində almaq hüququ vardır.

Misal. Aylıq qazancı 2000 manat olan şəxs üçün 22 iş günündən ibarət aya görə müavinətin (yaşa görə əmək pensiyasının baza hissəsi 60 manat olduqda) gündəlik maksimal həddi 8,18 ((60 manat*25)/22)*12% manatdan artıq ola bilməz.



Hamiləliyə və doğuma görə müavinətin hesablanması və maliyyələşmə mənbələri



Hamiləliyə və doğuma görə məzuniyyət üçün verilən müavinət sığorta olunanın faktiki qazancından hesablanır.

Müavinət hesablanarkən həqiqi qazanca, qüvvədə olan qaydalara əsasən, məcburi dövlət sosial sığorta haqlarının tutulduğu bütün növ əmək haqqı, müəyyən peşələri (vəzifələri) əvəz etmək üçün, o cümlədən qanunvericilikdə müəyyən olunmuş iş günü (iş növbəsi) ərzində müvəqqəti olaraq işdə olmayan işçinin vəzifəsinin yerinə yetirilməsi üçün, xidmət edilən sahənin genişləndirilməsi üçün və ya işin həcminin artırıldığına görə, həmçinin briqadaya və ya istehsalatda şagirdlərin öyrədilməsi üçün istehsalat praktikasına başçılıq edilməsi üçün verilən əlavə ödənişlər daxil edilir. Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir.

Müavinət hesablanarkən nəzərə alınan bütün növ qazanclar, o cümlədən həmin ayda əmək haqqı ilə verilən mükafatlar qazanca onların hesaba alındığı vaxt üzrə daxil edilir.

Əməyin ödənilməsi fondundan verilən mükafatlar, əmək haqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırlar.

Mükafatların ümumi məbləği bölünən aylarda işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə tam işləmədiyi aylar, hamiləliyə və doğuma görə verilən məzuniyyət, uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət, hərbi təlim toplanışlarında olan, yaxud başqa müəssisəyə işə göndərilən müddət nəzərə alınmır. Əgər hesablama üçün 3 aydan az müddət götürülürsə, onda hər ayda rüblük mükafatın üçdə bir hissəsindən çox olmayan məbləğ hesaba alınır.

Müəssisənin illik fəaliyyətinin yekununa görə əməyin ödənilməsi fondundan mükafatlar və uzun müddət işləməyə görə verilən birdəfəlik mükafatların bütün hallarda on ikidə bir hissəsi aylıq əmək haqqına əlavə olunur.

Əgər işçi əvvəlki təqvim ilinin çox hissəsini və ya bütün ili Əsasnamədə (30-cu bənd) göstərilmiş səbəblərdən işləməmişdirsə, onda həmin işçi üçün mükafatın orta aylıq məbləği keçən və ya cari təqvim ilində işə qəbul olunmuş işçilər üçün nəzərdə tutulmuş qaydada müəyyən edilir.

Misal: Qadın hamiləliyinə və doğuma görə məzuniyyətə 2005-ci ilin dekabr ayında çıxmış və uşaq yaşyarımına çatanadək işləməmişdir. 2006-cı ilin avqust ayında işə başlamış və 2007-ci il iyul ayında xəstələnmişdir. Belə halda ona orta aylıq mükafat 2006-cı ilin avqust ayından 2007-ci ilin iyul ayına qədər olan dövrdə hesablanmış mükafatı nəzərə almaqla müəyyən edilməlidir.

Hamiləlik və doğuma görə müavinət iki vəzifə maaşı ilə məhdudlaşdırılmadan faktiki qazancdan hesablanır.

Vaxt hesabı ilə əmək haqqı (aylıq maaşı gündəlik və ya saat tarif dərəcəsi) alan işçilərə müavinət hesablanarkən onların hamiləliyə və doğuma görə məzuniyyətin başlandığı günədək aylıq maaşı (vəzifə maaşı) daimi əlavə vəsait və əmək haqqına əlavələr nəzərə alınmaqla gündəlik və ya saat tarif dərəcəsi və hesablanmış mükafatların orta aylıq (orta gündəlik, orta saatlıq) məbləği əsas götürülür. Əgər işçi natamam vəzifə maaşı alırsa, bu zaman müavinət işçinin aldığı həqiqi maaş hissəsindən hesablanır.

Aylıq əmək haqqı verildikdə müavinət hesablanması üçün orta gündəlik qazancın məbləği qazancın hamiləliyə və doğuma görə məzuniyyətin aydakı bütün iş günlərinin (cədvəl üzrə) sayına bölmək yolu ilə müəyyən edilir. Orta gündəlik qazanc nəzərə alınmaqla və təyin olunmuş müavinətin qazanca faiz nisbətindən asılı olaraq gündəlik müavinət hesablanır.

Müavinətin ümumi məbləği gündəlik müavinətin miqdarının həmin ayda hamiləliyə və doğuma görə məzuniyyətin buraxılmış iş günlərinin sayına vurmaq yolu ilə müəyyən edilir.

Əməyin işəmuzd ödənilməsi formasında çalışan işçilərə verilən müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi ayın birindən etibarən qabaqkı 2 son tam təqvim ayında işçinin aldığı orta qazancından hesablanır. Bu zaman bu Əsasnamənin 30 və 31-ci bəndlərinə müvafiq olaraq, hesablanmış mükafatın orta aylıq məbləği hər ayın qazancına əlavə olunmalıdır.

İşçi həmin iki ayın bütün günlərini (cədvəl üzrə) işləməmişsə, bu zaman müavinət, onun bu iki ayın hər birində işlədiyi həqiqi günlərin qazancından hesablanır.

Göstərilən 2 ayda işçinin qazancı olmamışdırsa (məsələn, əmək qabiliyyətini müvəqqəti itirməyə görə, işçinin təqsiri olmayan boşdayanma vaxtı) bu zaman müavinət əmək qabiliyyətinin itirildiyi ayda işlənmiş həqiqi günlər üçün alınmış qazanc əsasında hesablanır.

Əgər qazancın götürüldüyü müddətdə işçi öz cədvəli üzrə bütün günləri işləməmişsə, bu zaman mükafatın orta aylıq məbləği işçinin hər ayda işlədiyi günlərin sayına mütənasib olaraq nəzərə alınır.

Müavinətin hesablanması üçün qazancın nəzərə alındığı müddət ərzində işçi başqa işə keçirilmişsə, yaxud onun tarif dərəcəsinin miqdarı və ya da əmək haqqı sistemi (vaxt hesabı ilə ödəmə işəmuzd ödəmə ilə əvəz olunduqda və s.) dəyişdirilmişdirsə, belə hallarda müavinət müvafiq olaraq işçinin yeni işə keçirildiyi, onun tarif dərəcəsinin və yaxud da əmək haqqının ödənilməsi sisteminin dəyişdiyi günlərdən işlədiyi müddətin qazancına əsasən hesablanır.

Müəssisədə iş dayanmadığı halda işçinin üzrlü səbəblərdən qazancı olmayıbsa, onda müavinət tarif dərəcəsindən (vəzifə maaşı) və orta aylıq mükafatın məbləğindən hesablanır.

Bu zaman tarif dərəcəsi rayon əmsalının və ya əlavələrin müəyyən edildiyi yerlərdə işləməklə əlaqədar aldıqları həmin rayon əmsallarını və əlavələri götürməklə nəzərə alınır.

Hamiləliyə və doğuma görə məzuniyyət dövründə işçinin vəzifə maaşı, tarif dərəcəsi dəyişdirilmişdirsə (yüksəldilmişdirsə), onda əvvəl təyin edilmiş müavinətin məbləği vəzifə maaşının, tarif dərəcəsinin yeni (yüksəldilmiş) miqdarını nəzərə almaqla yenidən haqq-hesab edilməlidir.

Əgər uşağa qulluq edilməsinə görə məzuniyyət zamanı (o cümlədən əmək haqqı saxlanılmadan məzuniyyət zamanı) qadın hamiliyə və doğuma görə məzuniyyətə çıxarsa, onda bu halda da müavinət vəzifə maaşlarının, tarif dərəcəsinin yeni (yüksəldilmiş) miqdarını nəzərə almaqla yenidən haqq-hesab edilməlidir.

Hamiləliyə və doğuma görə məzuniyyət müvəqqəti olaraq işdə olmayan işçinin əvəz olunduğu zaman baş verərsə və bununla əlaqədar olaraq əvəzçiyə yüksək vəzifə maaşı (stavka) təyin olunmuşsa, bu zaman müavinət həmin yüksək vəzifə maaşı (stavka) üzrə hesablanır, bu halda əvəzçilik müddəti müəyyən edilmiş müddətdən artıq olmamalı, müddət müəyyən edilmədikdə isə əvəz olunan adam işə çıxan günə qədər olmalıdır.

Hamiləliyə və doğuma görə məzuniyyət iş zamanı baş vermişsə və müəssisə, sex, şöbə dayandığı vaxtda da davam edirsə, bu zaman müavinət həmin peşə və ixtisas işçilərinə bu müddət üçün verilən qazancın miqdarından verilir, bu halda müavinət, həmin işçinin ümumi qaydalar üzrə ala biləcəyi müavinətdən artıq olmamalıdır.

Əmək haqqına əlavə vəsait alan və yaxud müvəqqəti olaraq başqa yerdə olduğuna görə əmək haqqına yüksəldilmiş əmsal alan işçiyə hamiləliyə və doğuma görə müavinət onun əlavə vəsaiti yaxud da yüksəldilmiş əmsalı almalı olduğu günə kimi və yaxud da müvəqqəti olduğu yerdən qayıtmalı olduğu günə kimi həmin əlavə vəsaiti və yaxud da yüksəldilmiş əmsalı nəzərə alınmaqla hesablanır.

Məktəblərdə, orta ixtisas, texniki peşə təhsili məktəblərində və işçiləri əmək haqqı üzrə onlara bərabər tutulan digər təhsil müəssisələrində (istər bir, istərsə də bir neçə) çalışan müəllimlərə və tərbiyəçilərə müavinət, pedaqoji iş üçün verilən həqiqi qazancdan hesablanır. Bu zaman faktiki qazanca hamiləliyə və doğuma görə məzuniyyətin başlandığı günədək tariflə müəyyən olunmuş pedaqoji iş saatları üçün verilən haqq, pedaqoji iş üçün verilən əlavə haqq (sinif rəhbəri vəzifəsini yerinə yetirmək üçün, şagirdlərin yazı işlərini yoxlamaq üçün, kabinə, laboratoriya və şöbə müdirliyi üçün, təcrübə işlərinə rəhbərlik etmək üçün və s. üçün), habelə müəyyən edilmiş qaydada təsdiq olunmuş və dərs cədvəlində nəzərdə tutulmuş saat hesabı üçün haqq daxil edilir. Məktəbəqədər, məktəbdənkənar və digər uşaq müəssisələrində (istər bir, istərsə də bir neçəsində) çalışan pedaqoji işçilərə müavinət hesablanarkən bütün iş yerlərindəki həqiqi pedaqoji iş saatları üçün əmək haqqı, pedaqoji iş üçün əlavə haqq nəzərə alınır.

Əsasnamədə göstərilən təhsil müəssisələrində, məktəbdənkənar və digər uşaq müəssisələrində, eyni zamanda müəssisədə (idarədə) müəllimlik edən və ya digər pedaqoji işi aparan rəhbər və başqa işçilərə müavinət pedaqoji iş (müəllimlik) saatlarının haqqı da daxil olmaqla bütün qazancdan hesablanır.

Səhiyyənin müalicə-profilaktika və sanatoriya-epidemiologiya idarələrində, uşaq evlərində, yetim uşaqlar üçün, əqli və fiziki inkişaf çatışmamazlığı olan internat-məktəblərində, tibbi-sosial ekspert komissiyalarında, məhkəmə tibb ekspertizasında işləyən tibb və əczaxana işçilərinə, habelə Qızıl Aypara cəmiyyətlərində çalışan şəfqət bacılarına müavinət bütün iş yerləri üzrə həqiqi iş qazancından hesablanır.

Ali təhsil məktəblərinin rektorlarına, prorektorlarına, kafedra müdirlərinə, tədris hissəsi şöbəsinin müdirlərinə, bu məktəblərin rəhbər və təlim-tərbiyə işlərində çalışan digər işçilərə müavinət pedaqoji iş üçün qazancları nəzərə alınmadan vəzifə maaşlarından hesablanır.

Ali təhsil məktəblərinin professor-müəllim heyətinə müavinət, hər hansı bir inzibati-təsərrüfat vəzifələrini və başqa vəzifələri yerinə yetirdikləri üçün aldıqları əlavə əmək haqqı nəzərə alınmadan, vəzifə maaşından hesablanır.

Müəlliflik qonorarı (tamaşaya qoyulma üçün verilən mükafat) əsasında əmək haqqı və yaxud stavka (qiymət qoyulma) üzrə, müəllifə (tamaşaya qoyulma üçün verilən) mükafat (qonorar) üzrə əmək haqqı alan qəzetlərin, jurnalların, respublika teleqraf agentliklərinin, informasiya agentliklərinin, radio-televiziyanın və digər idarələrin yaradıcılıq işçilərinə hamiləliyə və doğuma görə müavinət həmin müəssisədə, təşkilatda və ya idarədə verilən və məcburi sosial sığorta haqlarının tutduğu müəllif (tamaşaya qoyulma üçün verilən) mükafatı nəzərə almaqla həqiqi qazancdan hesablanır. Maaşı olmayan işçilərə bu Əsasnamədə nəzərdə tutulmuş müavinətlərin hesablanması üçün əmək haqqı müvafiq peşə və ixtisas olan işçinin əmək haqqına uyğun nəzərə alınır. Müəllif (tamaşaya qoyulma üçün verilən) mükafatı (qonorar) orta aylıq qazancda Əsasnamənin 33-cü bəndində göstərilən qayda üzrə nəzərə alınır.

Müəyyən normanı yerinə yetirərkən vəzifə maaşı (stavka) alan işçilərə (artistlərə və s.) müavinət hamiləlik və doğumla əlaqədar əmək qabiliyyətini itirmənin baş verdiyi ayın birindən etibarən qabaqkı 2 son təqvim ayının orta qazancından hesablanır. Müavinətin ayda bir dəfə, eyni zamanda aylıq əmək haqqının ikinci hissəsi ilə hamiləlik və doğum üzrə məzuniyyət günlərinə görə, müavinət və qazancın ümumi məbləği iki vəzifə maaşından (stavka) artıq olmamaqla verilir.

İşin şəraitinə görə ilin müxtəlif fəsillərində (dəniz, çay donanması və balıq sənayesindən başqa) əməyin ödənilməsi qaydası müxtəlif müəyyən edilmişdirsə, onda müavinət işçinin işdə qalaraq alacağı qazancı ilə müəyyən edilir. İşəmuzd əmək haqqı alanlara ikinci dövr üçün müavinət, göstərilən hallarda işəmuzd çalışan işçinin tarif dərəcəsi hesabı ilə verilir. Dəniz, çay donanması və balıqçılıq sənayesi donanması gəmilərinin heyəti üzvlərinə müavinət hamiləliyə və doğuma görə məzuniyyətin baş verdiyi təqvim ilindən əvvəlki ilin həqiqi qazancından hesablanır. Orta gündəlik qazanc, əvvəlki ilin qazancını həmin ildəki təqvim günlərinə bölməklə müəyyən edilir. Bu zaman illik qazancın bölündüyü günlərdən iş günü hesab edilməyən bayram və istirahət günləri, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə və doğuma görə, növbəti və əlavə məzuniyyət günləri əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə və doğuma görə, növbəti və əlavə məzuniyyət günləri, habelə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş başqa hallarda işdən azadolunma günləri çıxılır.

Cəmləşdirilmiş digər istirahət günləri (otqul) üçün müavinət vəzifə maaşı (tarif dərəcəsi) hesabı ilə verilir.

Hamiləliyə və doğuma görə məzuniyyət günləri dəniz, çay donanması və balıq sənayesi donanması gəmi heyətlərinin əmək haqqı verilməyən ehtiyat dövrünə təsadüf edərsə, müavinət verilmir.

İş vaxtının uçota alınması mümkün olmayan məcburi dövlət sosial sığorta haqqını minimum aylıq əmək haqqı göstəricisinə nisbətdə hesablamaqla ödəyən sığortaolunanlara hamiləliyə və doğuma görə müavinət minimum aylıq əmək haqqı göstəricisinə əsasən hesablanır. Həmin şəxslərə müavinət hamiləliyə və doğuma görə məzuniyyətin başlandığı günə qədər qüvvədə olan minimum aylıq əmək haqqı üzrə orta günlük qazancından hesablanır. Orta günlük qazanc yuxarıda göstərilmiş müddətdə hesablanmış həqiqi qazancın, bölündüyü günlərə, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə və doğuma görə əsas və əlavə məzuniyyət, həmçinin qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş başqa hallarda işdən azadolunma günləri daxil edilmir. Müavinət hamiləliyə və doğuma görə məzuniyyət müddətinin bütün təqvim günləri üçün verilir.

Ştatdankənar işçilər, bu iş onların əsas iş yeri sayılırsa və əgər onlar əmək müqaviləsi üzrə işləyirlərsə, bu zaman həmin işçilər məcburi dövlət sosial sığorta üzrə müavinətlərlə təmin edilirlər. Ştatdankənar işçilərə müavinət bütün hallarda onların həqiqi qazancından hesablanır, lakin bu, həmin vəzifəyə və ixtisasa müvafiq ştatlı işçinin ikiqat maaşından (ikiqat stavkadan) və ayrı-ayrı kateqoriyalı (müəllif hüquqlarının mühafizəsi üzrə ştatdankənar müvəkkilləri) işçilər üçün müəyyən edilmiş ikiqat maksimal (son hədd) əmək haqqından (ikiqat mükafatdan) artıq olmamalıdır.

Göstərilən işçilərə müavinət əməyin işəmuzd ödənilməsi formasında çalışan işçilər üçün müəyyən edilmiş qaydada hesablanır. İşə çıxma cədvəli müəyyən edilməmiş ştatdankənar işçilərə müavinət Əsasnamənin 51-ci bəndinin birinci, ikinci və üçüncü abzaslarında müəyyən edildiyi qaydada ödənilir.

Saat hesabı ilə haqq alan ştatdankənar işçilərə (təhsil məktəblərinin, kursların müəllimləri, dərnək rəhbərləri və s.) müavinət saat hesabı ilə hesablanır və əmək qabiliyyətinin itirilməsi və hamiləliyə və doğuma görə məzuniyyətlə əlaqədar qrafik (cədvəl) üzrə buraxılmış saatların ümumi sayına əsasən hesablanır.

Vəkillər kollegiyasının üzvü olan vəkillərə, xüsusi notariuslara, sərbəst auditorlara və sərbəst mühasiblərə hamiləliyə və doğuma görə müavinət əməyin işəmuzd ödənilməsi formasında çalışan işçilər üçün müəyyən edilmiş qaydalara əsasən hesablanır. Bu zaman, müavinətin hesablanması üçün götürülən qazanc, əvvəlki ildə vəkilin, xüsusi notariusun, sərbəst auditorun və sərbəst mühasibin orta gündəlik qazancından artıq olmamalıdır.

Bağlanmış əmək müqavilələri üzrə ev təsərrüfatında muzdlu işçilərə (ev qulluqçusu, dayə, şəxsi katibə, sürücü və s.) məcburi dövlət sosial sığorta haqqı ödənildiyi halda müavinət həqiqi qazancdan hesablanır.

Məktəblərdə, kurslarda (ixtisası artırmaq, yeni ixtisasa yiyələnmək, kadr hazırlığı təhsil-kurs kombinatları, habelə ixtisası artırmaq institut və fakültələrində təhsil alanlara və dinləyicilərə hamiləliyə və doğuma görə müavinət, ümumi əsaslar üzrə verilir. Bu şərtlə ki, əgər onlar kurslara, məktəblərə (institut və fakültələrə) müəssisə tərəfindən göndərilsinlər və təhsil aldıqları müddət ərzində onların maaşları tamamilə və ya qismən saxlanılsın. Hamiləliyə və doğuma görə müavinət təqaüdü nəzərə alınmadan oxuduqları müddət ərzində saxlanılan əmək haqqından hesablanır.

İstehsalat təcrübəsi dövründə əmək haqqı ödənilən işçi yerinə və yaxud da vəzifəyə götürülmüş ali təhsil məktəblərinin tələblərinə və orta ixtisas məktəblərində təhsil alanlara istehsalat təcrübəsi dövründə hamiləliyə və doğuma görə müavinət ümumi qaydalar əsasında təcrübənin keçdiyi yer üzrə istehsalat təcrübəsi qurtaran günə qədər verilir.

Cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaya məhkum edilmiş şəxslərə müavinət ümumi qaydalar üzrə verilir. Göstərilən şəxslərə hamiləliyə və doğuma görə müavinət məhkəmənin hökmü ilə təyin olunmuş məbləğ çıxıldıqdan sonra qazancdan hesablanır.

Müavinətin məbləği təyin edilərkən ümumi iş stajı pensiya qanunvericiliyinə müvafiq olaraq əmək qabiliyyətinin itirildiyi günədək hesablanır.



Hamiləliyə və doğuma görə müavinətin dövrü



Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Kənd təsərrüfatı istehsalatının taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, çayçılıq, tərəvəzçilik, bostançılıq, meyvəçilik, kartofçuluq, yemçilik, tingçilik, bağçılıq, südçülük, Donuzçuluq, qoyunçuluq, quşçuluq, atçılıq, baramaçılıq, arıçılıq, xəzlik heyvan və dovşanların yetişdirilməsi və bağçılıq sahələrində bilavasitə çalışan qadınlara hamiləliyə və doğuma görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:
• normal doğumda 140 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 70 təqvim günü);
• doğum çətin olduqda 156 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 86 təqvim günü);
• iki və ya daha çox uşaq doğulduqda 180 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 110 təqvim günü).

Uşaq salmağa görə müavinət ümumi əsaslar üzrə verilir.

Hamiləliyə və doğuma görə müavinət müəyyən olunmuş qaydada verilən xəstəlik vərəqəsinə əsasən təyin olunur. Başqa sənədlər müavinətin ödənilməsi üçün əsas sayılmır.

Hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi işdən azad olunmasının düzgünlüyü ətrafında mübahisə getdiyi dövrə təsadüf edərsə, bütün hallarda müavinət verilir.

Bu zaman müavinət hamiləliyə və doğuma görə məzuniyyətin bütün dövrü üçün verilir.

Müvəqqəti olaraq işin dayandırıldığı müddət zamanı və təhsil məktəblərində istehsalatdan ayrılmaqla təhsillə əlaqədar verilən əlavə məzuniyyət zamanı müavinət hamiləliyə və doğuma görə məzuniyyətin bütün dövrü üçün verilir.

Hamiləliyə və doğuma görə məzuniyyət müddəti növbəti (əsas və ya əlavə) məzuniyyət və ya uşağa qulluq edilməsi üçün verilən məzuniyyət (həmçinin əmək haqqı saxlanılmadan) dövrünə təsadüf edərsə, bu zaman xəstəlik vərəqəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətin bütün günləri üçün müavinət verilir.

2 aylığadək uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən uşaq böyüdən şəxslər doğumdan sonra müəyyən edilmiş 56 günlük məzuniyyətdən istifadə etmək hüququna malikdirlər.

Həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı, habelə məhkəmənin qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və doğuma görə müavinət verilmir.

Hamiləliyə və doğuma görə müavinət bütün hallarda qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə hamiləliyə və doğuma görə müavinət sosial sığorta stajından asılı olmayaraq aylıq təminat xərcliyinin 100 faizi miqdarında verilir.

 


Müavinətin təyin edilməsi və verilməsi



Müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir.

Hamiləliyə və doğuma görə müavinət sığortaolunanlara Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, onlar tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanlarına, məcburi dövlət sosial sığorta haqqı ödənildiyi halda, müavinət Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunur və verilir.

Xidmət keçmənin xüsusiyyətləri nəzərə alınmaqla müavinət hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin işçilərinə hesablanması, təyin edilməsi və verilməsi qaydası həmin şəxslərin xidmət etdiyi (və ya işlədiyi) müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq edilir.

Hamiləliyə və doğuma görə müavinət almaq üçün müdiriyyətin müavinət təyin edən komissiyasına hamiləliyə və doğuma görə məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamdan) çıxarış təqdim olunmalıdır.

Тəqdim olunmuş sənədlərə əsasən müdiriyyətin müavinət təyin edən komissiyası müavinət almaq hüququnu, müavinətin miqdarını müəyyən edir və müavinətin təyin edilməsi haqda komissiya iclasının protokoluna qeyd edilməklə qərar qəbul edir.

Hamiləliyə və doğuma görə müavinət doğumdan əvvəlki dövrdə həqiqi istifadə edilmiş günlərin sayından asılı olmayaraq, cəmləşdirilmiş məzuniyyətin bütün müddətinə verilir.

Hamiləliyə və doğuma görə müavinətin ödənilməsi üçün sığortaedən Dövlət Sosial Müdafiə Fondu orqanına məktubla müraciət etməlidir.

Sığortaedən hamiləliyə və doğuma görə müavinətin alınması üçün müraciət olunduğu aydan sonrakı ayın 5-dən sonra verilən məktubu Dövlət Sosial Müdafiə Fondu orqanlarına təqdim etməlidir.

Məktuba müavinəti təyin edən komissiyanın protokolunun surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı) hamiləliyə və doğuma görə müavinətlərin alınması üçün xəstəlik vərəqələrinin surəti və Əsasnamə ilə təsdiq olunmuş formada haqq-hesab əlavə olunmalıdır.

Dövlət Sosial Müdafiə Fondu orqanları 5 iş ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidirlər. Araşdırma zamanı Dövlət Sosial Müdafiə Fondu orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır.

Müavinət alan şəxs müəssisə tərəfindən onun bank rekvizitlərinin və ya poçt ünvanının (faktiki yaşayış ünvanı) düzgün göstərilməməsi səbəbindən müavinəti ala bilməmişdirsə, səhv düşmüş ünvandan qaytarılması mümkün olmayan müavinətə görə təqsirkar müəssisə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır və onun vəsaiti hesabına ödənilir.

Artıq verilmiş müavinət məbləği, müavinət alan şəxsdən müavinəti vermiş Dövlət Sosial Müdafiə Fondu orqanının müraciətinə əsasən işəgötürən tərəfindən müavinət alan şəxsin əmək haqqından tutulur.

Hər belə halda tutulan məbləğ işçinin əmək haqqının 20 faizindən çox olmamalıdır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Dövlət Sosial Müdafiə Fondu orqanlarının hesabına köçürülür.

Əgər işçi həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır.

Hamiləliyə və doğuma görə müavinətlərdən məhkəmənin qərarı ilə aliment və ailə başçısının şikəst olması, yaxud səhhətinin başqa cür korlanmasına və ya ölümünə səbəb olan zərərin ödəniş məbləği tutula bilər. Müavinətdən bunlardan başqa heç bir ödəniş tutulmur.

Hamiləliyə və doğuma görə işçinin öldüyü günədək almadığı müavinət ölən şəxslə birgə yaşayan ailə üzvünə, habelə əmək qabiliyyətini itirmə nəticəsində ölənin himayəsində olan şəxsə verilir.

İşçinin ölən günədək almadığı müavinət ölənlə qohumluğu və onunla yaşamasının, yaxud onun himayəsində olduğunu təsdiq edən sənədlər təqdim edildikdən sonra verilir.

Öldüyü günədək almadığı müavinəti o şəxslərin almaq hüququ vardır ki, həmin şəxslər mərhumla birgə yaşamış və onunla ümumi təsərrüfatı aparmış olsun.

Ölənin himayəsində olan şəxslərə o şəxslər aid edilir ki, onlara mərhum tərəfindən əvvəllər hər ay aliment verilmiş olsun və yaxud da onun əmək haqqından müəyyən edilmiş məbləği almış olsun. Himayədə olmanı icra vərəqəsi və yaxud da himayədə olanın xeyrinə ölən şəxsin əmək haqqından müəyyən məbləğdə tutulmalar barəsində müəssisənin mühasibatlığında olan ölən şəxsin ərizəsi təsdiq edə bilər. Bu barədə Dövlət Sosial Müdafiə Fondu orqanına məlumat verilməlidir.

Belə hallarda ödənilməli olan müavinətin məbləğindən alimentin məbləği və yaxud aylıq köçürmənin müəyyən olunmuş məbləği çıxılır, yerdə qalan müavinətin məbləği ölən şəxsin ailə üzvlərinə verilir.

Alınmamış müavinətlər vərəsəlik əmlakına daxil edilmir.

Hamiləliyə və doğuma görə müavinətin əhaliyə çatdırılması xərcləri Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına aparılır.

Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar.

Əgər müavinət təyin edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərməklə sənədləri, müdiriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır.

Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin məsul işçilərinin tələbi ilə bütün müəssisə və təşkilat rəhbərləri yoxlanılmaq üçün cari ildə və yoxlanılan ildən qabaqkı bir təqvim ilində müavinətin təyin edilməsi üzrə sənədləri təqdim etməlidirlər. Başqa dövrlər üçün sənədlər müavinətin təyin edilməsində sui-istifadə aşkar edildikdə yoxlanılır.

Müavinətin müdiriyyət tərəfindən düzgün təyin edilməməsindən və ya təyin edilməsinin ləngidilməsindən Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinə və müəssisənin, təşkilatın həmkarlar ittifaqı komitəsinə şikayət edilə bilər.







Çap et  Çap et