Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı

Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsində tələbə həmkarlar ittifaqlarının yeri və rolu mövzusunda konfrans keçirilib

11.09.2018

Sentyabrın 11-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Nabranda yerləşən “Təhsil” istirahət mərkəzində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsində tələbə həmkarlar ittifaqlarının yeri və rolu” mövzusunda konfrans keçirilib. Konfransa 19 ali təhsil müəssisəsinin 100-dən çox tələbəsi və tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri qatılıb.

 

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda ATİAHİ Respublika Komitəsinin sədri müavini Mirzə Cəfərzadə danışaraq iştirakçıları ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyevin adından salamlayıb. M.Cəfərzadə Azərbaycanda həyata keçirilən dövrlər gənclər siyasətindən danışaraq qeyd edib ki, ölkənin ictimai həyatının bütün sferalarında aktiv fəaliyyəti ilə seçilən Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində də mühüm rol oynayır. Bunun özü Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu göstərir. Məhz dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar bu təbəqəni cəmiyyətdə aparıcı qüvvəyə çevirməkdədir.

 

Hazırda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarının (ATİAHİ) üzv təşkilatlarındakı 380 mindən çox üzvündən 130 min nəfərə yaxınını (34 faiz) 29 yaşadək gənclər təşkil edir. İttifaqın tərkibində olan 22 ali məktəb, 14 kollec, peşə məktəbi və liseylərdə 144 min 650 tələbə təhsil alır ki, onlardan da 80 minə yaxını ittifaqın üzvüdür. Bu baxımdan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsində tələbə həmkarlar ittifaqlarının üzərinə mühüm vəzifələr düşür.

 

Mirzə Cəfərzadə çıxışında qeyd edib ki, ATİAHİ Respublika Komitəsi tərəfindən gənclərlə iş bir neçə istiqamətdə aparılır. Bunlar gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, onlar arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafı, istedadlı gənclərin aşkara çıxarılması və qabiliyyətlərinin inkişafı üçün şəraitin yaradılması, elmə, təhsilə marağın artırılması, xalqımızın tarixinə, milli mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi, hərbi–vətənpərvərlik tərbiyəsi işinin aparılması və digər istiqamətlərdir.

 

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasətinin gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etdiyini deyib. Bildirib ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.

 

Seymur Orucov Prezidentin Sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasının dövlətimizin gənc nəslin inkişafına diqqətinin parlaq ifadəsi olduğunu vurğulayıb. Bildirilib ki, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəstək həm də ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır.

 

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şöbə müdiri Namiq Hüseynov qeyd edib ki, gənclərin inkişafı AHİK-in də fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir. Vaxtaşırı olaraq AHİK-in ali qurumlarında bu sahə ilə bağlı məsələlər müzakirə edilir, mühüm qərarlar qəbul olunur. Daha sonra o gənclərin məşğulluq problemi ilə bağlı məsələyə diqqət ayırıb digər natiqlər də ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, gənclərlə bağlı reallaşdırılan layihələrdən danışıb.

 

Sonra tədbirdə ayri-ayrı ali təhsil müəssisələrinin tələbə həmkarlar ittifaqı komitəsinin sədrləri, həmkarlar ittifaqı fəalları çıxış edərək  “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı gördükləri işdən, qarşıda duran vəzifələrdən söhbət açıblar.

 

Konfrans çərçivəsində tələbələr arasında idman və intellektual yarışlar təşkil olunub.

 


 





Çap et  Çap et